Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan iyunun 17-də özünün Facebook səhifəsində yazıb ki, Rusiyanın Ermənistandakı səfiri Sergei Kopırkın iyunun 15-də ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və onunla “Ermənistanın daxili işlərinə qarışılmaması kontekstində söhbət aparılıb”.
AzadlıqRadiosu Erməni xidməti yazır ki, Rubinyan Rusiya səfiri ilə xarici işlər naziri Zohrab Mnatsakanyan söhbət edib və onlar səfirin keçmiş prezident Robert Kocharian-la görüşü müzakirə ediblər.
Rubinyanın sözlərinə görə, komissiyanın iyunun 17-də keçirilmiş iclasında xarici işlər nazirinin müavini Grigor Hovannisyanın bu barədə məlumat verməməsinə səbəb ona bu informasiyanın açılması icazəsinin verilməməsi olub.
Rusiya səfirinin Kocharian-la görüşü bir çox millət vəkillərini hiddətləndirib və onlar Kopırkinə xəbərdarlıq edilməməsi ilə bağlı XİN-i tənqid edirdilər.
***
Pashinian xarici qüvvələrdən danışdı
“Xarici qüvvələrin Ermənistan Respublikasının daxili işlərinə qarışmasına imkan verməyəcəyik, inqilabın uğuru, milli ləyaqət də elə bundadır”.
Bunu Ermənistanın baş naziri Nikol Pashinian iyunun 16-da hakim partiyanın 5-ci qurultayında deyib.
2018-ci ilin “məxməri” inqilabından danışan Pashinian qeyd edib ki, bu inqilaba heç bir xarici siyasi qüvvə cəlb olunmadığına görə baş tutub.
“Ölkəmizin inqilabı böyük toqquşmalar və silkələnmələr olmadan reallaşdıra bilməsinin bir səbəbini göstərmək istəyirəm. Əsas səbəblərdən biri odur ki, biz prinsipial olaraq heç bir xarici qüvvəyə, siyasi, yaxud ictimai qüvvəyə bizim daxili siyasi proseslərimizdə iştirak etməyə icazə vermədik”, – Pashinian vurğulayıb. Onun sözlərinə görə, siyasi komandası və şəxsən özü üçün bu, milli və şəxsi ləyaqət məsələsi olub.
“Biz indi də bu prinsipə sadiq qalmalı, heç bir siyasi qüvvəyə daxili işlərimizə, siyasi, iqtisadi və məhkəmə işlərimizə müdaxilə etməyə icazə verməməliyik”, – baş nazir vurğulayıb.
Rusiyanın səfiri Kocharian-la görüşüb
Bu arada Milli assambleyanın sədri Ararat Mirzoyan Rusiyanın Ermənistandakı səfiri Sergei Kopirkin-in ölkənin ikinci prezidenti Robert Kocharian-la görüşünü alqışlamadığını söyləyib. Kocharian ölkənin konstitusion quruluşunu devirməkdə ittiham olunur.
“Sonucda istənilən ölkənin səfiri siyasi cəbhənin bütün spektrlərinin təmsilçiləri ilə görüşə bilər. Burda başqa məqam var: bu şəxsə irəli sürülmüş ittihamlar onu təmiz siyasi cəbhədən kənara çıxarır. Burda söhbət bir çox başqa keyfiyyətlər, maraqlardan gedir, buna görə də görüşü alqışlamıram. Yəni, mən Robert Kocharian-ı siyasi xadim kimi görmürəm, əks halda onun Rusiyanın, yaxud başqa bir ölkənin səfirilə ünsiyyətini alqışlayardım”, – Mirzoyan vurğulayıb.
Rusiyanın Ermənistandakı səfirliyinin iyunun 14-də yaydığı məlumata görə, səfir Kopirkin Robert Kocharian-la görüşüb, görüş ictimai-siyasi və işgüzar dairələrin təmsilçiləri ilə mütəmadi görüşlər çərçivəsində baş tutub.
Kocharian 2008-ci ilin qanlı 1-2 mart hadisələri zamanı konstitusion quruluşu devirməkdə, eləcə də bir biznesmendən böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Özü ittihamları qəbul eləmir.