Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

'Azərbaycan Çindən sonra... ikinci ölkədir' -Media icmalı


Mişar daşı
Mişar daşı

Bəzi tikinti materiallarının qiymətlərində bahalanma, cinsi nisbətin pozulmasının mümkün mənfi nəticələri, Bakıda Yoqa Festivalının keçirilməsi və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

Mişar daşı bahalaşıb

«Yeni Müsavat» qəzetində «Xammalı təbiət olan mişar daşı niyə bahalaşır? - karxanadan reportaj, fotolar» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, havalar isindikcə ölkədə tikinti sektorunda canlanma müşahidə edilir. Müəllifin vurğulamasına görə, xüsusilə də «tikintinin çörəyi» hesab edilən sementə və mişar daşına olan tələbat artır: «Bu iki tikinti materialının qiyməti isə hələ havalar isinmədən öncə, qış aylarında artmağa başlayıb».

Yazıda qeyd edilir ki, hazırda 1 kisə (40 kiloqram) sement təqribən 7 manatadır: «Ekspertlər bunun səbəbini müxtəlif faktorlarla izah edirlər. İstehsalçılar isə əsas gətirirlər ki, xaricdən gətirdikləri xammalın qiyməti bahalaşdığı üçün sementi baha satmalı olurlar...».

Yazıda vurğulanır ki, Bakıda 1 ədədi 45-47 qəpiyə satılan daşların qiyməti yerində 32-33 qəpiyədir. Müəllifin yazmasına görə, karxana sahibinin kefi yaxşı olsa, bu daşları 30 qəpiyə də almaq olar.

Yazıda mışar daşının bahalaşmasına səbəb isə, əsasən, son illər bəzi karxanaların bağlanması göstərilir. Karxanaların birində fəhləlik edən Vüsal adlı şəxs deyib ki, bəzi karxanalar bağlandıqdan sonra daşın qiyməti 1-2 qəpik bahalaşıb: «...Bura yük maşını gəlir, yüklənir, aparırlar şəhərə. Maşına 900- 1000 ədəd daşın yüklənməsi təxminən 70-80 manata başa gəlir. Bu pul fəhlələr arasında bölünür. Adətən 3-4 fəhlə olur. Maşın isə hər daşı 10 qəpiyə daşıyır. Nəticədə 33 qəpiyə yerində satılan daş bazara 43 qəpiyə çıxır».

Keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov isə deyib ki, belə qiymət artımı son zamanlar tikinti sektorundakı canlanma ilə əlaqəlidir: «Təbii ki, burada bir neçə amil də var. Bu amillər sırasında işığın limiti məsələsi, nazirliyin apardığı nəzarət də yer alıb...».

Uşaqlar
Uşaqlar

«Bəzi kəndlərdə oğlanların sayı qızları üstələyib»

Modern.az saytında «Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanda yeni doğulan uşaqlar arasında cinsi nisbətin oğlanların xeyrinə dəyişməsi və bunun mümkün nəticələrindən bəhs edir. «Tədqiqatlar göstərir ki, hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə 182 milyondur... Bəzi qadınlar ailə planlaşdırmalarında ikinci, üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi iqtisadi və ya sosial səbəbləri göstərirlər. Bu siyahıya uşağın cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar», - müəllif yazıb.

Yazıda qeyd edilir ki, hazırda Azərbaycanda yeni doğulan uşaqlarda oğlanlar üstünlük təşkil edir. Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov da sayta bildirib ki, Azərbaycanda cinsi nisbətin pozulması təhlükəli hal almağa başlayıb: «Bu hal bütün ölkə, xüsusilə Aran, Gəncə-Qazax bölgəsi üçün daha xarakterikdir. Artıq bəzi kəndlərdə oğlanların sayı qızları üstələyib, evlənməyə qız tapmırlar. Hələ nəzərə alsaq ki, rayonlardan, kənd yerlərindən xaricə iş dalınca gedənlər, miqrasiya edənlər üstünlük təşkil edir...».

Şöbə müdirinə görə, bu məsələdə maarifləndirməyə və dövlətin stimullaşdırıcı tədbirlər görməsinə ehtiyac var: «Ailədə hər ikinci, üçüncü qız övladı doğulanda onlar üçün müavinətlər hiss olunacaq dərəcədə artırılmalıdır. Stimullaşdırıcı tədbirlər cins nisbəti balanslaşanadək davam etdirilə bilər...».

Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elgün Səfərov isə deyib ki, abortlar cinslər arasında balansı pozur və bu, böyük təhlükədir: «Ümumiyyətlə, hazırda Azərbaycan Çindən sonra qız və oğlan nisbətinin pozulmasına görə ikinci ölkədir...».

Yoqa
Yoqa

Yoqa və Sağlamlıq Festivalı

AZƏRTAC saytında «Bakıda Yoqa və Sağlamlıq Festivalı keçirilir» sərlövhəli məlumat dərc edilib.

Sayt bildirir ki, iyunun 16-da Dənizkənarı bulvarda Beynəlxalq Yoqa Günü çərçivəsində Yoqa və Sağlamlıq Festivalı keçirilib​: «Beşinci dəfə təşkil edilən festival YARAT Müasir İncəsənət Məkanı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Builki festival «Yoga Shahi» studiyasının təsisçisi Səbinə Şahinin kuratorluğu ilə reallaşıb. Hindistanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə gerçəkləşən festivalın mövzusu «Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik»dir».

Məlumatda o da qeyd edilir ki, festivalın proqramında 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənələr və metodlar yer alıb.

Bundan başqa, tədbirin gündəliyinə ən aktual fiziki, mənəvi mövzulara dair leksiyalar, Şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər daxil edilib...

XS
SM
MD
LG