Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

'Xarici korporasiyaları ölkəyə buraxmaq lazımdır'-Media icmalı


Manat
Manat

Bank faizləri, təhsilin səviyyəsi, evdə doğuşun fəsadları və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Kredit faizlərini necə aşağı salmalı

«Yeni Müsavat» qəzetində «Bankların absurd faiz siyasəti - çıxış yolu» sərlövhəli yazı yer alır.

Müəllif ölkə banklarının kredit siyasətini ekspert Rəşad Həsənovla müzakirə edib.

Yazıda bildirilir ki, deputat Vahid Əhmədov bu günlərdə ölkə banklarının yüksək faizli kredit siyasətini tənqid edib. O bildirib ki, banklar 12 faizə depozit qəbul edərək onu 25 faizlə təklif edirlər.

İqtisadçı-ekspert R.Həsənov da hesab edir ki, kredit faizləri ilə bağlı vəziyyət qənaətbəxş deyil: «Kredit faizləri yüksəkdir, banklar kreditləşmədən çəkinirlər. Real sektorda da risklər yüksəkdir. Bu rəqəmləri 2015-ci illə müqayisə etsək görərik ki, bankların kredit portfeli 25 milyard manatdan 13 milyard manata qədər azalıb. Kredit portfelində 47-48 faiz azalma müşahidə olunur. Bu situasiyada digər problemlərdən biri də kredit faizlərinin yüksək olmasıdır».

Ekspertin deməsinə görə, kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir. R.Həsənovun fikrincə, burada maliyyə bazarı, bank sektorunda liberallaşmanın kifayət qədər olmaması, mövcud bazar iştirakçılarının bir çoxunun bir-biri ilə əlaqəli olaraq faizləri diktə etmələri və alternativ maliyyə institutlarının inkişaf etməməsi rol oynayır: «Düşünürəm ki, bazarın liberallaşdırılmasına ehtiyac var və bu məqsədlə xarici maliyyə institutlarının, korporasiyaların ölkəyə buraxılması lazımdır, o zaman rəqabət faizləri aşağı salacaq».

Ekspertə görə, Azərbaycanda 2015-ci ildən sonra risklər yüksəlib və banklar nisbətən aşağı riskli biznes layihələrinə vəsait yönəltməyə çalışırlar. Onun fikrincə, digər bir səbəb isə inflyasiya səviyyəsinin yüksək olmasıdır: «Ümumi problem isə odur ki, bazarda rəqabət imkanları zəifdir...».

Doğum evi
Doğum evi

Evdə doğuş faciəsi

Oxu.az saytında «Evdə doğuş faciəsi: ana və körpəsi öldü» sərlövhəli yazı oxumaq olar.

Yazıda evdə doğuşun həyata keçirilməsinin fəsadlarından bəhs edilir.

Müəllif bildirir ki, bu günlər Qusar rayonunda evlərdən birində ana və yeni doğulan körpəsinin meyiti tapılıb.

Sayt yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə rayonun Suvacal kəndində baş verib.

Yazıda vurğulanır ki, kənd sakini olan 27-yaşlı ana gecə saatlarında qaldığı evdə uşaq dünyaya gətirdikdən sonra qanaxmadan ölüb. Üstəlik, iddialara görə, o, heç bir xəstəxanada qeydiyyatda olmayıb və doğuş zamanı huşunu itirib.

Yazıda habelə qeyd edildiyinə görə, körpə də dünyaya ölü gəlib.

«Səhər yuxudan oyanan əri yoldaşı və yeni doğulan körpənin meyitini aşkarlayıb», - yazıda qeyd olunur.

Məlumatda bildirilir ki, hazırda faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar aparılır.

C.Bayramov
C.Bayramov

Təhsilin inkişaf strategiyası

«Azərbaycan» qəzetində «Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər» sərlövhəli yazı dərc edilib.

Yazının müəllifi təhsil naziri Ceyhun Bayramovdur. Yazı bir növ 15-iyun-Milli Qurtuluş Gününə həsr edilib.

Nazir yazıb ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında keçmiş prezident Heydər Əliyevin müstəsna xidmətləri olub. Müəllifin vurğulamasına görə, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan keçmiş prezident dövləti vətəndaş müharibəsindən, parçalanmadan, yox olmaq təhlükəsindən xilas edib: «Öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmış və davamlı inkişafın təməlini qoymuşdur. Tariximizin şanlı səhifəsini təşkil edən 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur və xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir».

Yazıda bildirilir ki, son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Müəllif vurğulayıb ki, 2019-cu ildə təhsilə ayrılan xərclər 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2.3 milyard manata çatdırılıb: «2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artmışdır».

Yazının sonunda isə oxuyuruq: «İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir».

XS
SM
MD
LG