Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Türkiyənin üç həqiqət anı – Qərb mediası


Türkiyədə CHP tərəfdarları etiraz edir, 6 may, 2019-cu il
Türkiyədə CHP tərəfdarları etiraz edir, 6 may, 2019-cu il

Türkiyə liderləri nəinki elan etdikləri Avropa ambisiyalarına arxa çevirib, həm də tam fərqli siyasi, hüquqi və etik orbitə yönəlib. “Karnegi” fondunun saytında Marc Pierini hazırda Türkiyənin həm xaricdən, həm də daxildən mühüm hadisələr ərəfəsində olduğunu yazır. Hərbi sahədə, Ankara Rusiyadan S-400 sistemi aldığına görə ABŞ-ın F-35 qırıcı təyyarə proqramından çıxarıla bilər. İqtisadi cəhətdən, ölkə rəhbərliyi artıq çətinlikləri gizlədə bilmir. Siyasi məqama gəlincə, İstanbulda gözlənən bələdiyyə seçkiləri Türkiyənin yaralı demokratiyası üçün bir sınağa çevriləcək. Müəllif yazır ki, bu üç cəbhədə baş verənlər Türkiyə prezidentinin iyunun sonunda Osakada Böyük 20-liyin sammitində imicini formalaşdıracaq.

Müəllifin fikrincə, beynəlxalq maliyyə cameəsi Türkiyənin bir sıra vacib addımlar atmasını gözləyir: BFV ilə dialoqu başlatsın, mərkəzi bankın müstəqilliyini bərpa etsin, faiz dərəcələrinin aşağı saxlanması barədə cəfəng nəzəriyyələrdən əl çəksin və ölkənin iqtisadi idarəçilik komandasını yeniləsin.

İstanbulda bələdiyyə seçkisini Ekrem Imamoglu qazanmışdı
İstanbulda bələdiyyə seçkisini Ekrem Imamoglu qazanmışdı

İyunun 23-də keçiriləcək təkrar seçkiyə gəlincə, istanbullu seçicilərə kobud bir ismarıc ünvanlanıb: seçkini hakim AKP udursa, azaddır. 31 mart seçkisini müxalif CHP-nin namizədi qazandığı üçün nəticələr ləğv olunub. “Bunun yaratdığı qəzəb və bütün siyasi partiyaların riskləri o qədər yüksəkdir ki, bu təkrar seçki ölkəmiqyaslı əhəmiyyət daşıyır”, – yazan müəllif Türkiyənin öləziyən demokratiyasının daha bir simvolunun iyunun 24-də, seçkidən bir gün sonra İstanbulda başlanacaq Gezi məhkəməsiilə bağlı olduğunu yazır. On altı təqsirləndirilən 2013-cü ilin Gezi parkı nümayişlərinin təşkilində ittiham olunur.

“Liberal türklərin və qərbli müşahidəçilərin fikrincə, bu siyasi məhkəmənin heç bir dəlili yoxdur, məqsədi belə bir mesaj verməkdir ki, azad düşüncə, xarici mədəniyyət agentlikləri ilə əlaqələrə icazə verilmir”, – məqalədə deyilir.

İsveçrədə Femen fəalları
İsveçrədə Femen fəalları

Qadınlar maaş bərabərliyi tələb edir

Bu gün –iyunun 14-də İsveçrədə qadınlar işlərini tərk edərək küçələrə çıxacaq, maaş bərabərliyi tələb edəcəklər. “Frans Pres” agentliyi yazır ki, bu ölkədə bərabər maaş tələbiylə ilk ümummilli tətil təxminən 30 il qabaq keçirilib.

Gün ərzində bir sıra tədbirlər planlaşdırılır – uşaq arabaları ilə yürüşlər, fitəbasma, nahar fasilələrinin uzadılması, irimiqyaslı pikniklər gözlənir. Axşama isə bir sıra şəhərlərdə, o cümlədən Berndə hökumət binası qarşısında nümayişlər olacaq.

Həmkarlar ittifaqları və insan haqları qrupları həmrəylik rəngi kimi bənövşəyini seçiblər. Bu ölkədə işdə fasilə vermək nadir hadisə sayıldığından etirazların miqyası haqda indidən nəsə demək çətindir.

1991-ci ilin iyunun 14-də yarım milyonadək qadın iş yerlərindən, evlərindən çıxaraq ölkədə davamlı qeyri-bərabərliyə etiraz etmişdilər.

İndi tədbir təşkilatçıları deyirlər ki, durum heç də yaxşılaşmayıb, qadınlar “daha artıq zaman, pul və sayqı” tələb etməlidirlər.

İsveçrədə qadınlar kişilərdən ortalama 20 faiz az qazanır.

Eyni kvalifikasiyalı kişilər və qadınlar üçün maaş fərqinin isə səkkiz faizə yaxın olduğu bildirilir, milli statistika idarəsi belə deyir.

Shavkat Mirziyoyev
Shavkat Mirziyoyev

Özbəkistanda ‘avtokratiya modernləşir’

Xarici Siyasət Tədqiqatları İnstitutu (Foreign Policy Research Institute) Özbəkistanda son illərin islahatlarına dair hesabat hazırlayıb.

Onillərlə çəkən repressiya və təcriddən sonra Prezident Islam Karimov 2016-cı ildə vəfat etdi və Shavkat Mirziyoyev hakimiyyətə keçdi. O vaxtdan hökumət repressiyanı yumşaltmaq, artımı stimullaşdırmaqdan ötrü daha azad bazar yaratmaq, xarici investisiya cəlb etməkdən ötrü bir sıra islahatlar həyata keçirib. Karimov erasının liderləri gənc texnokratlarla əvəzlənib, qonşu Orta Asiya ölkələri ilə əlaqələr bərpa olunub.

“Ancaq Özbəkistanda gördüyümüz demokratikləşmə deyil. Bu, ‘avtokratiyanın modernləşməsi’dir. Əhalinin demokratikləşmə tələblərinin ödənməsindən ötrü selektiv iqtisadi və siyasi islahatlar aparılır, di gəl, mövcud elita ölkənin qloballaşma və marketizasiyadan qazancının çoxunu mənimsəyirlər. Sonucda qorxutma deyil, inandırmaya əsaslanan daha yumşaq avtoritar rejim yaranır. İndiyədək bir çox vətəndaşlar islahatları alqışlayıblar. Amma rejim vədlərinə əməl etməsə və əlavə dəyişiklik tələbi artsa, Mirziyoyev-in yeni özbək yoluna həm Karimov erası repressiyasına qayıtmaq istəyənlər, həm də əsl demokratikləşmə arzulayanlar dirəniş göstərə bilər”, – hesabatda vurğulanır.

XS
SM
MD
LG