Rusiya Prezidenti Vladimir Putin Moldovanın rusiyapərəst prezidenti Igor Dodon-u dəstəkləməkdən əl çəkməyəcəklərini deyir.
Hazırda Kişinauda iki rəqib hökumət özünü legitim sayır.
Fevralda keçirilən parlament seçkisindən sonra hökumət formalaşdırılmadı. İyunun 7-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması, yeni seçkinin keçirilməsi barədə qərar çıxardı.
Moldova qanunvericiliyinə görə, hökumət seçkidən sonrakı üç ay ərzində formalaşdırılmalıydı.
İyunun 8-də Dodonun moskvapərəst Sosialist Partiyası Avropa Birliyi tərəfdarı kimi tanınan ACUM blokuyla sürpriz razılaşma əldə etdi.
Parlamentdəki 101 yerdən 61-nin sahibi olan yeni alyans Baş nazir Pavel Filip-in hakim Demokratik Partiyasını (PDM) hakimiyyətdən uzaqlaşdırmaq istədiyini bildirdi.
Filip sentyabrın 6-na seçki təyin edib
Alyans məhkəməni konstitusiyanı yanlış yozmaqda, seçkinin nəticələrini üç ay əvəzinə 90 gün sonra ləğv etməkdə suçlayıb. Alyans həmçinin ACUM liderlərindən Maia Sandu-nun rəhbərliyi ilə yeni hökuməti təsdiqlədi.
Məhkəmə isə iyunun 9-da Sandu hökumətini qeyri-konstitusion elan edərək Sosialist Partiyasının keçmiş lideri Dodonu prezidentlikdən kənarlaşdırıb.
Aralıq dövr prezidenti kimi iş başına keçən Filip parlamenti dərhal buraxaraq sentyabrın 6-na növbədənkənar seçki təyin edib.
Demokratik Partiyanın rəhbəri ziddiyyətli maqnat Vladimir Plahotniuc-dur, çoxları onun ölkəni pərdəarxasında idarə etdiyini düşünür.
Sosialistlər və ACUM Konstitusiya Məhkəməsini Plahotniuc-un nəzarətində olmaqda ittiham edirlər.
İyunun 13-də Rusiyada dövlətin nəzarətində olan Mir TV-yə müsahibəsində Putin deyib ki, Kreml “Prezident Dodon və onun bugünkü koalisiya tərəfdaşlarını dəstəkləməyə davam edəcək”.
Putin “Moldovadakı hakimiyyətin oliqarx strukturları, oliqarxlar tərəfindən qəsb olunduğunu” deyib: “Başqa sözlə, onlar Moldova xalqının hesabına qazanıblar və bu pulda öz şəxsi sərvətlərini, dövlətə nəzarəti gücləndirməkdə istifadə ediblər”.