Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 04:06

1 milyondan çox adam iranlı hüquq müdafiəçisinə azadlıq istəyir


Nasrin Sotoudeh
Nasrin Sotoudeh

Dünyanın 200-dən artıq ölkəsi və ərazisindən 1 milyondan çox adam petisiya imzalayaraq İran hakimiyyətini tanınmış insan haqları müdafiəçisi Nasrin Sotoudeh-i azadlığa buraxmağa çağırıb. Məlumatı Amnesty International hüquq-müdafiə təşkilatı yayıb.

Hüquq müdafiəçisi ümumilikdə 38 il yarım həbs cəzasına və 148 qamçıya məhkum edilib. Təşkilat Sotoudeh-nin “iki dəfə kobudcasına ədalətsiz şəkildə mühakimə olunduğunu” bildirib.

Artıq onun həbsindən bir il keçir. Amnesty iyunun 13-də imzaları İranın müxtəlif ölkələrdəki səfirliklərinə təqdim etdiyini bildirir.

Sotoudeh-nin həbsi “İran hakimiyyətinin beynəlxalq səhnədə repressiyasının dərinliyini ortaya qoyub”, – qurumun Yaxın Şərq və Şimali Afrika üzrə araşdırma və təbliğat direktoru Philip Luther deyib.

Fransada Nasrin Sotoudeh-yə azadlıq tələbi yazılmış plakat
Fransada Nasrin Sotoudeh-yə azadlıq tələbi yazılmış plakat

Kampaniya davam edəcək

“Bu gün biz aydın bir mesaj göndəririk: dünya baxır və Nasrin Sotoudeh azadlığa buraxılanadək kampaniyamızı davam etdirəcəyik”, – Luther əlavə edib.

Avropa Parlamentinin 2012-ci il Düşüncə Azadlığı üzrə Sakharov Mükafatının qaliblərindən olmuş Sotoudeh ötən il iyunun 13-də Tehrandakı evində həbs olunub.

Qadınların hüquqlarının müdafiəçisi olan Sotoudeh martda 33 il yarım həbs və 148 şallaq cəzasına məhkum edilib.

O, 2016-cı ilin sentyabrında başqa bir iş üzrə beş illik həbsə məhkum olunmuşdu. Beləliklə, onun ümumi həbs cəzası 38 il yarımdır. İranın cəza qaydalarına görə, 17 ilini həbsdə keçirəcək.

Sotoudeh ötən il ölkədə sərt geyim kodeksinə etiraz olaraq baş örtüyünü çıxarmış bir neçə qadını məhkəmələrdə təmsil edib.

İran isteblişmentinin açıq tənqidçisi olaraq daha öncə də üç il həbs cəzası çəkib. 2009-cu ildə Mahmud Ahmadinejad-ın təkrar prezident seçilməsinə etirazlarda həbs olunan dissidentləri təmsil edib.

Özü bütün ittihamları rədd edir.

XS
SM
MD
LG