Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

'Ölkədə basketbol, voleybol, həndbol məhv olub'-Media icmalı


Neft buruğu
Neft buruğu

Aqroparkların yaradılması, neftin qiymətinin ucuzlaşmaqda davam etməsi, Azərbaycan futbolunun inkişaf yolları və başqa məsələlər medianın aparıcı mövzularındandır…

Neftin qiymətində kritik səviyyə

Marja.az saytında «Neft gecə daha da ucuzlaşıb – Azərbaycan üçün kritik səviyyədən aşağı düşdü» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 4.85 milyon barel artıb.

Müəllifin qeyd etməsinə görə, üstəlik, bu ara ABŞ prezidenti Donald Tramp da Çin ilə ticarət razılaşmasının şərtlərini açıqlayıb.

Yazıda vurğulandığına görə, bütün bunların fonunda da neftin qiyməti ucuzlaşmaqdadır: «Bakı vaxtı ilə saat 07:35-ə olan məlumata görə, «Brent» nefti 4.1 faiz ucuzlaşma ilə 59.83, ABŞ xam nefti isə 4.3 faiz ucuzlaşma ilə 51.05 dollardan alıcı tapıb».

Yazıda qeyd edilib ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsində neftin qiyməti 60 dollar götürülüb. Müəllifin fikrincə, nəzərdə tutulan proqnozların reallaşması və bəlli gəlirlərin əldə edilməsindən ötrü neft ən azı 60 dollar olmalıdır: «Neft qiymətləri, ABŞ ilə Çin arasında şiddətlənən ticarət müharibəsinin neftə tələbi azaltmasının təsiri ilə aprelin sonlarından bu yana 20 faizdən çox düşüb».

Yazıda habelə bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinə görə, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və ortaqları növbəti yığıncağın tarixini təyin etməkdə çətinlik çəkirlər: «Buna qarşı, istehsalın azaldılması sazişini uzatmaq mövzusunda razılaşmaya çox yaxındırlar».

F.Mustafa
F.Mustafa

«Orta məktəblərdə heç üzgüçülük hovuzu da yoxdur»

Modern.az saytında «Rövnəq Abdullayev istefa versin? - deputatlar milli komandanın bərbad oyunundan danışdılar» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanın futbol üzrə yığma komandasının Avro-2020-nin seçmə mərhələsində məğlubiyyətlərini və ölkə futbolunun inkişafı perspektivini deputatlarla müzakirə edib.

«Ötən axşam (iyunun 11-də) Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunu rəqib komandanın böyükhesablı (1:5) qalibiyyəti ilə nəticələndi. Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazı ilə üzləşib. «Bakcell Arena»da keçirilən son oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı – konkret AFFA prezidenti Rövnəq Abdullayevə «İstefa!» şüarı səsləndiriblər», -deyə müəllif yazıb.

Deputat Fazil Mustafa sayta deyib ki, Azərbaycan futbolunun indiki şəraitdə dirçəlməsi mümkün deyil: «Bunu həyata keçirmək üçün ölkədə köklü, fərqli özəlləşdirmə, sahibkarlığın inkişafına ehtiyac var. İri sahibkarlığın idmana meyllənməsini stimullaşdırmaq olar. Vergilərdən azad edilən iri şirkətlərin bölgə komandalarını himayə etməsinə şərait yaradılmalıdır. Futbol tək idman deyil, həm də biznesdir…».

Deputat vurğulayıb ki, orta məktəblərin heç birində idman infrastrukturu istənilən səviyyədə deyil: «Xüsusilə, regionlardakı məktəblərdə sağlam, gümrah uşaq yetişdirmək üçün məktəblərin idman siyasəti düzgün qurulmayıb. Orta məktəblərdə heç üzgüçülük hovuzu da yoxdur. Tək futbola diqqət göstərməklə də iş bitmir. Ölkədə basketbol, voleybol, həndbol kimi idman növləri məhv olub. Çempionatlar yoxdur».

Deputat Aqil Abbas isə deyib ki, ölkə futbolunu ayağa qaldırmağın yeganə yolu regionlarda futbolu dirçəltməkdən keçir: «Azərbaycan regionlarında futbol məktəbləri yoxdur. Gəncə, Tovuz, Lənkəran, Ağdam və digər bölgələr futbolçu yetişdirib, Azərbaycan futboluna verə bilmirsə, hansı inkişafdan danışa bilərik?».

Şəmkir aqroparkı
Şəmkir aqroparkı

Daha 13 aqropark yaradılacaq

«Azərbaycan» qəzetində «İlin sonunadək daha 13 aqropark yaradılacaq» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, aqrar sektorda da dərin, hərtərəfli islahatlar aparılır. Yazıda vurğulandığına görə, bu çərçivədə kadrların hazırlanmasında, fermerlərə maliyyə və texniki dəstək göstərilməsində mühüm dəyişikliklər baş verib: «Məqsəd kənd təsərrüfatında daha səmərəli üsullardan istifadə edərək məhsul istehsalını artırmaqla həm ölkənin ərzaq təhlükəsizliyinə, həm də məhsul ixracına nail olmaqdır».

Yazıda qeyd edilib ki, hazırkı vaxta qədər fermerlər torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilib. Üstəlik, fermerlərə istifadə etdikləri yanacaq və sürtgü yağlarına görə dövlət büdcəsindən subsidiya ödənilir.

Yazıda o da bildirilir ki, ölkədə aqroparklara maraq böyükdür. Müəllifin qeyd etməsinə görə, belə müəssisələrin yaradılmasına dövlət yardımçı olur: «Aqroparklar üçün dövlət vəsaiti hesabına infrastruktur yaradılır. Bu məqsədlə ümumilikdə büdcədən 219 milyon manat investisiya yatırılıb. İndiyədək investisiya dəyəri 469 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına 111 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib».

Müəllif yazıb ki, bu ilin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulub: «Ümumilikdə isə ölkə üzrə 45 aqroparkın yaradılması planlaşdırılıb…».

XS
SM
MD
LG