Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:24

Tehranda 500-dən çox restoran niyə bağlanıb – Qərb mediası


Tehranda gecə həyatı

İran polisi Tehranda 547 restoran və kafeni “İslam qaydalarına” əməl etmədiyinə görə bağlayıb. Xəbəri “Frans Pres” agentliyi yayıb.

Paytaxtın polis rəisi Hossein Rahimi-nin adından yayılmış bəyanatda 11 nəfərin saxlandığı qeyd olunur. Fars xəbər agentliyi əməliyyatın son 10 gün ərzində aparıldığını yazıb.

Pozuntular sırasında isə “qanunsuz musiqi çalınması, pozğunluq” və sairə göstərilib.

“İslam qaydalarına əməl olunması... polisin əsas missiyaları və məsuliyyətləri sırasına daxildir”, – polis rəisi bildirib.

Tehranın mühafizə məhkəməsinin rəhbəri isə vətəndaşları “əxlaqsız davranış” barədə məlumatları göstərilmiş telefon nömrəsinə mesaj göndərməklə xəbər verməyə çağırıb. Bu məhkəmə “mədəniyyətlə bağlı cinayətlər, sosial və mənəvi korrupsiya” hallarını araşdırır.

Tehranda qadınlar
Tehranda qadınlar

“Adamlar normaları pozanlar barədə məlumat vermək istəyə, ancaq bunu necə etməyi bilməyə bilərlər. İctimai şəkildə əxlaqsız hərəkətlərlə məşğul olmağı sürətləndirmək qərarına gəldik”, – ədliyyə sisteminin Mizan Online portalı Mohammad Mehdi Hajmohammadi-yə istinadla yazıb.

Hökumət 2012-ci ildə kafelərə müştərilərin davranışına nəzarət etməkdən ötrü təhlükəsizlik kameraları quraşdırmağı tapşırıb. Bəzi kafe sahibləri isə qapılarını bağlamağı seçiblər.

“Bizi nə qədər ağrıtsa da, dostlarımızı itirsək də... azından Böyük Qardaşa günçıxandan günbatanadək hər hərəkətimizi, anımızı, yaddaşımızı izləyib qeydə almağa imkan vermədiyimizdən məmnunuq”, – populyar Cafe Prague sahibləri o zaman Facebook-da yazırdılar.

Avropa Parlamentinin qarşısı
Avropa Parlamentinin qarşısı

Avropanın susqun çoxluğu səsini çıxarır

Seçicilərin ötən ay Avropa Parlamentinə seçkidə dedikləri odur ki, Avropa Birliyinin təməlində duran dəyərləri qoruyub saxlamaq istəyirlər. Ancaq Avropa liderləri seçicilərin istədiyi radikal institusional islahatları yerinə yetirə bilərmi? “The Project Syndicate” portalında milyarder xeyriyyəçi George Soros bu suala cavab axtarır.

Müəllifin fikrincə, ötənaykı seçkilər gözlənəndən daha yaxşı nəticələr verdi və bunun bircə sadə səbəbi var: susqun avropapərəst çoxluq səsini çıxarıb. Onları ən narahat edən məsələ isə iqlim dəyişikliyidir.

“Bu, avropapərəst partiyaların, özəlliklə də Yaşılların xeyrinədir. Ancaq konstruktiv addım atması gözlənməyən anti-Avropa partiyaları gözlədiklərini qazana bilmədilər. Daha nüfuzlu olmaqdan ötrü onlara gərəkən vahid cəbhəni də qura bilməyəcəklər”, – yazan müəllif dəyişilməli institutlardan birinin Spitzenkandidat sistemi olduğunu vurğulayır. Bu sistem AB rəhbərliyinin bir növ birbaşa olmayan yolla seçilməsini nəzərdə tutur ki, bu da qeyri-demokratik seçimdən belə pisdir.

“Bunu ən yaxşı Avropa Xalq Partiyasının (EPP) timsalında görmək olar, bu partiya 2004-cü ildən Komissiyanın prezidentliyində qalıb. EPP-nin hazırkı lideri Manfred Weber-in milli hökumətdə heç bir təcrübəsi olmasa da, parlament çoxluğunu saxlamaqdan ötrü istənilən kompromisə getməyə hazırdır. Buraya Macarıstanın avtokrat lideri Viktor Orbán-a qucaq açmaq belə daxildir”, – məqalədə deyilir.

Kabildə nümayişə qızlar da qoşulur, arxiv fotosu
Kabildə nümayişə qızlar da qoşulur, arxiv fotosu

İŞİD Əfqanıstanda kök salır

İslam Dövləti (İŞİD) silahlı qruplaşması Suriya və İraqda xilafəti itirsə də, Əfqanıstanda möhkəmlənməkdədir, yeni döyüşçülər yığır, Birləşmiş Ştatlar və digər Qərb ölkələri üzərinə hücumlar planlaşdırır. “The Associated Press” agentliyi bunu ABŞ və Əfqanıstanın təhlükəsizlik rəsmilərinə istinadla yazır.

Agentlik qeyd edir ki, ABŞ-ın Əfqanıstanı tutmasından 20 ilə yaxın vaxt keçir və indi bu ekstremist qruplaşma Talibandan daha böyük təhdid hesab olunur. Çünki təkmil hərbi bacarıqları, həm Əfqanıstanda, həm də xaricdə dinc sakinləri hədəfə almaq strategiyası var. Narahatlıq o həddə çatıb ki, çoxları İŞİD-i önləməkdən ötrü Talibanı potensial tərəfdaş kimi görür.

Əfqanıstanda ABŞ-ın bir kəşfiyyat rəsmisi agentliyə danışıb ki, paytaxt Kabildə son hücumlar Avropa və Birləşmiş Ştatlara daha böyük hücumların “məşqləri” ola bilər.

“Bu qruplaşma Əfqanıstandan bizim torpaqlara ən yaxın təhdiddir. İŞİD-in özək mandatı budur: ABŞ və Avropada hücumlar gerçəkləşdirəcəksiniz. Onların məqsədi budur. Bu, bir zaman məsələsidir. Bu, çox qorxuludur”, – anonimlik şərtilə danışan rəsmi deyib.

Corctaun Universitetində Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru Bruce Hoffman da Əfqanıstanı İŞİD-in yeni bazası kimi görür. “İŞİD Əfqanıstanda diqqət və resurslara qeyri-proporsional həcmdə yatırım edib, ölkənin şərqində nəhəng silah-sursat toplayıb”, – o vurğulayıb.

XS
SM
MD
LG