Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:17

'Kitabın üzərindən vergi yükünü endirməliyik'-Media icmalı


Boşanma
Boşanma

Ölkənin su təminatı, kitab yarmarkalarının bərpası, son 5 ildə evlənənlərin sayının azalması fonunda boşanmaların artması və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

Son 5 ildə evlənənlər ilbəil azalıb, boşananlar çoxalıb

Trend.az saytında «Azərbaycanda boşananların sayı artıb – son 5 ilin ən yüksək sayı» sərlövhəli yazı diqqət çəkir.

Müəllif son 5 ildə ölkə üzrə boşanmaların sayının artması ilə bağlı statistik rəqəmləri nəzərə çatdırıb və həm də rəsmilərin mövqeyi ilə bunun səbəblərinə toxunmağa çalışıb.

Yazıda vurğulanır ki, son 5 il ərzində Azərbaycanda nikaha daxil olanların sayı azalıb, əksinə, boşananların sayı isə artıb. Müəllif qeyd edib ki, 2018-ci ildə Azərbaycanda 62 min 484 nəfər nikaha daxil olub, bu rəqəm isə son 5 ilin ən aşağı göstəricisidir. Yazıda bildirilir ki, 2014-cü ildə rəsmi qaydada evlənənlərin sayı 84 min 912 nəfərə bərabər olub.

Müəllif daha sonra da son 5 ilə aid boşanmaların statistikasını təqdim edib. Azərbaycan üzrə 2014-cü ildə 12 min 88, 2018-ci ildə isə 14 min 857 boşanma qeydə alınıb.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova deyib ki, Azərbaycanda ailələr ən çox xasiyyətin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə hesab edir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durumla bağlı deyil. Onun fikrincə, erkən, qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.

Bakıda kitab yarmarkası
Bakıda kitab yarmarkası

Kitab yarmarkasının bərpası

«Yeni Müsavat» qəzetində «Kitab yarmarkaları bərpa edilir» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə kitaba maraq, kitab yarmarkalarının təşkili və kitab satışı sahəsində vəziyyətlə bağlı «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə söhbət edib.

Yazıda qeyd edilir ki, son illər Azərbaycanda kitaba maraq azalmaqdadır: «Metroda, avtobusda əksəriyyətin əlində telefon görmək olur. Sosial şəbəkələr də insanları kitabdan ayrı salmaqdadır. Düzdür, yeni nəşriyyatların meydana çıxması, tərcümələrin çoxalması bu sahədə bir təkan yaratdı. Amma yenə də vəziyyət ürəkaçan deyil. Kitab yarmarkalarının qarşısında marketlərin, bankomatların önündəki kimi izdiham görə bilməzsiniz. Son aylarda isə kitab yarmarkalarına da rast gəlinmir».

Ş.Xuduoğlu isə qəzetə deyib ki, onlar son 10 ildə kitab yarmarkaları təşkil ediblər: «Bakının müxtəlif parklarında, xüsusən də metronun «Nəriman Nərimanov» və «Elmlər Akademiyası» stansiyalarının yaxınlığında yarmarkalar keçirirdik...».

Ş.Xuduoğlu iddia edib ki, Bakı Şəhər İcra Hakimiyyəti kitab yarmarkasına icazə verməyib. Amma onun sözlərinə görə, bu günlərdə icra hakimiyyətinin mətbuat xidməti onlarla əlaqə saxlayaraq deyib ki, kitab yarmarkalarının təşkilinə heç bir etiraz yoxdur: «Hazırda nümayəndəmiz oradadır, küçə ticarəti ilə məşğul olan departament tərəfindən lisenziya hazır olsun, yenə şənbə və bazar günləri yarmarkalar olacaq».

Nəşriyyat direktoru deyib ki, kitab yarmarkasının təşkilində məqsəd oxucuları yeni kitablarla tanış etməkdir: «Biz xeyli oxucu auditoriyası toplamışdıq. Bugün bütün sahələrdə kitablar buraxırıq… Yeni nəsil yazarların kitabları da satılır. Ancaq biz gözləyən həddə deyil. Bununla belə, yerli yazarların kitablarının tirajı 300-500 idisə, indi 1000 tiraj artıb. Bütün statistikalar göstərir ki, kitaba oxucu diqqəti çoxalır».

Ş.Xuduoğlu hesab edir ki, kitab yarmarkalarını canlandırmaqdan ötrü əsas məsələ bu sahədən vergilərin götürülməsi olmalıdır: «Kitabın üzərindən vergi yükünü sıfıra endirməliyik. Hazırda 18 faiz ƏDV (əlavə dəyər vergisi) yükü götürülməlidir…».

Su kanalı
Su kanalı

Su təminatı-strateji sahə

«Azərbaycan» qəzetində «Su ilə təminat həm iqtisadi, həm də sosial cəhətdən strateji məsələdir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hər bir ölkə üçün su təminatı strateji məsələdir. Yazıda vurğulandığına görə, xüsusilə Azərbaycan kimi təbii su ehtiyatları az olan ölkələrdən ötrü bu, ikiqat əhəmiyyətə malikdir: «Bu üzdən Azərbaycanda əlavə su ehtiyatlarının yaradılması üçün mühüm işlər görülür».

Yazıda bildirilir ki, Tovuzçay və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi böyük bir ərazidə su probleminin həllində mühüm rol oynayır. Müəllifin qeyd etməsinə görə, onların sayəsində Qərb bölgəsində vaxtilə sudan korluq çəkən torpaq sahələri indi bol məhsul verir: «Şimal bölgəsinin və Abşeron yarımadasının su təminatında önəmli rol oynayan Taxtakörpü Su Anbarının istifadəyə verilməsi də bu regionda su probleminin həllini təmin etmişdir»

Yazıda vurğulandığına görə, görülən tədbirlər sayəsində bitkiçilik və heyvandarlıq sahələri inkişaf etmiş, ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi daha da yaxşılaşıb.

Müəllifin qeyd etməsinə görə, bütün maliyyə mənbələri hesabına regionlarda 2004-2018-ci illərdə ümumi uzunluğu 4.2 min kilometr olan suvarma kanallarının, 2.8 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası həyata keçirilib: «413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir».

Yazıda qeyd edilib ki, əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də mühüm addımlar atılıb.

XS
SM
MD
LG