Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:29

ABŞ-ın rüsumları Çinə necə təsir göstərir – Qərb mediası


Şanxayda sərgidə ABŞ malları, 14 may, 2019-cu il
Şanxayda sərgidə ABŞ malları, 14 may, 2019-cu il

Birləşmiş Ştatların rüsumları qaldırmasına baxmayaraq, mayda Çinin ixracı gözlənilmədən artıb. Ancaq idxal son üç ildə azalıb ki, bu da daxili tələbatın zəiflədiyini göstərir. “Reuters” agentliyi Pekinin stimullaşdırıcı addımlar ata biləcəyini yazır.

Bəzi təhlilçilərin gümanına görə, çinli ixracatçılar Birləşmiş Ştatlardan yeni tariflər gözlədiklərindən göndərişləri sürətləndiriblər. Axı, Prezident Donald Trump 300 milyard dollarlıq məhsula əlavə rüsum qoymaqla hədələyir.

Agentlik yazır ki, bazar ertəsi açıqlanmış ixrac məlumatları ABŞ-Çin ticarət müharibəsinin qaçılmaz olması sarıdan qorxuları çətin azalda.

Mayda Çinin ixracı bir il öncəylə müqayisədə 1,1% yüksəlib, baxmayaraq ki, bazar mülayim azalma gözləyirdi.

Çində ixraca gedən mallar, arxiv fotosu
Çində ixraca gedən mallar, arxiv fotosu

“İxrac artımının iyunda da müsbət qalacağını gözləyirik, ABŞ-a ixracın öncədən göndərilməsi bunu dəstəkləyəcək. Üçüncü rübdə ixrac azalacaq, o zaman yeni rüsumları da gözləyirik”, – Nomuro-nun iqtisadçıları müştərilərə bildirib.

Reuters-in fikrini soruşduğu təhlilçilər mayda Çindən ixracın bir il öncəylə müqayisədə 3,8% azalacağını gözləyirdi, apreldə 2,7% azalma qeydə alınmışdı.

Çin keçmişdəki kimi ixracdan asılı olmasa da, ixrac ölkənin ümumi daxili məhsulunun beşdə birini tutur.

Trump Meksikayla razılaşmanı şişirdir?

Birləşmiş Ştatlar Meksikadan məhsullara 5 faizlik rüsum tətbiqini ertələyib, çünki tərəflər razılaşma əldə edib. “The Associated Press” agentliyi yazır ki, Prezident Donald Trump qələbə çaldığını iddia etsə də, demokratlar onu daha çox mövcud işləri gücləndirməyi hədəfləyin razılaşmanı şişirtdiyinə görə tənqid edir.

Trump Meksikanı Mərkəzi Amerikadan gələn miqrant axınını önləməyə məcbur etməkdən ötrü bu ölkədən idxal olunan məhsullara 5 faizlik rüsum tətbiq etməklə hədələyirdi.

Donald Trump, arxiv fotosu
Donald Trump, arxiv fotosu

“İndi Meksikayla Birləşmiş Ştatlar arasında on illər ərzində mövcud olmayan böyük əməkdaşlıq gerçəkləşəcək”, – Trump bazar günü Virciniyadakı qolf meydançasından tvitində yazıb.

Şirkət rəhbərləri və bir çox respublikaçılar Trump-ı tarifləri qaldırmamağa çağırırdılar, bunun istehlakçı qiymətlərinə təsir göstərəcəyini, iqtisadiyyatı əngəlləyəcəyini deyirdilər.

Ancaq əldə olunan razılaşmanın nə dərəcədə yeni olması barədə suallar var. Məsələn, Meksika öhdəlik götürür ki, ölkənin Qvatemala ilə cənub sərhədinə yeni Milli Qvardiyasını yerləşdirəcək. “AP” yazır ki, Meksika bunu Trump-ın son hədəsindən öncə də etməyi planlaşdırırdı və ABŞ rəsmilərinə aydın şəkildə demişdi. Meksika rəsmiləri öhdəliklərini “sürətləndirilən yerləşdirmə” kimi təsvir ediblər.

Yaxud sığınacaq istəyənlərin bəziləri işlərinə baxılanadək Meksikaya qaytarılır. Meksika bu ilin əvvəlində gerçəkləşməyə başlayan proqramı genişləndirmək öhdəliyi götürüb və ABŞ bunu alqışlayıb. Amma məsəl ondadır ki, ABŞ rəsmiləri proqramın genişləndirilməsi üzərində artıq işləməyə başlamışdılar, 10 minədək adam Meksiyaka qaytarılmışdı.

Honq Konqda etirazlar, 9 iyun, 2019-cu il
Honq Konqda etirazlar, 9 iyun, 2019-cu il

Honq Konq rəhbərliyi ekstradisiya qanununda israrlıdır

Honq Konq lideri Carrie Lam bazar ertəsi bildirib ki, hökuməti ekstradisiya qanunlarına təklif olunan dəyişikləri həyata keçirəcək. İndiyədək ölkədə bu dəyişikliklərə kütləvi etirazlar keçirilib.

Lam jurnalistlərə deyib ki, sözügedən qanunvericilik vacibdir, Honq Konqa ədaləti təmin etməyə, beynəlxalq öhdəliklərini yerinə yetirməyə kömək edəcək. Onun sözlərinə görə, dəyişikliklər nəticəsində qanunvericilik insan haqlarını qoruyacaq.

Bazar günü Honq Konqun mərkəzinə yüzminlərlə adam çıxıb, bu, son illərin ən böyük etirazı sayılır. Görünür, əhali 1997-ci ildə Britaniya idarəçiliyindən çıxıb Çinə qaytarılmış bu yarımmuxtar ərazidə Pekinin təsirinin güclənməsindən narahatdır.

Ekstradisiya qanununa təklif olunan dəyişikliklərə görə, Honq Konq Çində ittiham olunanları təhvil verə bilər. Tənqidçilərin fikrincə, Çinin məhkəmə sistemi təqsirləndirilənlər üçün Honq Konqdakı kimi hüquqları təmin etməyəcək.

Opponentlər deyirlər ki, bu qanunvericilik Honq Konq sakinlərini qarışıq təhlükəsizlik ittihamlarına və ədalətsiz məhkəmələrə məruz qoyacaq.

XS
SM
MD
LG