Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 07:52

Müxalifətin özünə inamı-Media icmalı


S.Cəlaloğlu
S.Cəlaloğlu

Müxalifətin hakimiyyətə gəlmə imkanları, Mənzil İnşaatı Dövlət Agentliyinin əməliyyat zərəri, regionların inkişafına həsr edilən Dövlət proqramları və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

İmkanlara fərqli baxış

«Yeni Müsavat» qəzetində «Müxalifətin hakimiyyətə gəlmək ümidi qalırmı? - düşərgədən iki fərqli baxış» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazıb ki, Azərbaycan müxalifəti bir zamanlar hakimiyyətə gələcək səviyyədə güclü idi. Yazıda vurğulandığına görə, seçkilərdə yüksək səs əldə etməkdən başlamış, meydanlara kifayət qədər kütə toplamağa qədər gücləri yetirdi: «Bu isə onlarda hakimiyyətə gələcəklərinə ciddi inam yaradırdı. İstənilən müxalifət fəalını, liderini danışdıranda iqtidara gələcəklərinə inandıqlarını bəyan edirdilər».

Son illər müxalifətin zəiflədiyini vurğulayan müəllif daha sonra da sual edir: «Bəs düşərgədə nə zamansa iqtidara gəlmək inamı, ümidi qalırmı?».

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu bu suala cavab olaraq deyib ki, müxalifətin vəzifələrini yalnız hakimiyyətə gəlməklə məhdudlaşdırmaq onun ən böyük və ciddi səhvlərindən biri olub: «...Qloballaşmaya görə, ayrıca dövlətdə yalnız iç qüvvələrin fəaliyyəti ilə nələrsə alınmır. Ona görə bizim hakimiyyətə gələ bilməməyimizin 90 faiz səbəbi bizdən asılı olmayan səbəblərdir. Yəni biz hakimiyyətə gəlmək üçün lazım olan kriteriyaların əksəriyyətinə cavab versək də, bizdən asılı olmayan kriteriyalar da var. Həmin kriteriyalar zəmin yaratmasa, biz heç vaxt hakimiyyətə gələ bilmərik».

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə tamam fərqli fikir bildirib. O hesab edir ki, müxalifətin iqtidara gəlmək ehtimalı anbaan yüksəlir: «Heç uzağa getməyək. Sizin iş otağınızla qonşuluqda «Canlı debat» layihəsi həyata keçirilir. Həmkarınız dəyərli Sevinc Telman qızı bəndənizlə mükaliməyə iqtidardan nümayəndə tapa bilmir. İndi siz deyin, kimin mövqeləri daha güclüdür? Axı siz də seçici, həm də vətəndaşsınız».

Güzəştli mənzillərin satış problemi
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Agentlik əməliyyat zərərinə uğrayıb

Marja.az saytında «Dövlət Agentliyi əməliyyat zərərinə uğrayıb» sərlövhəli yazı yer alır.

Yazıda qeyd edilir ki, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin gəlirləri dövlət yardımından və maliyyə gəlirlərindən ibarət olub. Sayt bununla bağlı Agentliyin öz hesabatına istinad edib: «Ötən il Agentlik dövlətdən 1 milyon 379 min manat yardım alıb. Buna qarşı ümumi və inzibati xərclər 1 milyon 970 min manat təşkil edib».

Yazıda qeyd edilir ki, başqa əməliyyatlar üzrə 16 min manat zərər yaranıb və nəticədə Agentliyin 608 min manat əməliyyat zərəri alınıb: «Digər tərəfdən əldə edilmiş 4 milyon 371 min manat maliyyə gəlirləri əməliyyat zərərini bağlayıb. 748 min manat mənfəət vergisi ödənildikdən sonra Agentliyin 3 milyon 15 min manat xalis mənfəəti qalıb».

Məlumatda bildirilir ki, ötən ilin sonunda Mənzil İnşaatı Dövlət Agentliyi 103 milyon 313 min manat cəmi aktivlərə, 314 min manat cəmi öhdəliklərə və 100 milyon manat nizamnamə kapitalına malik olub: «Aktivlərin təxminən 102 milyon manatını pul vəsaitləri təşkil edib. Bu Agentliyin maliyyə gəlirləri əldə etməsinin səbəbi bu pul vəsaitləridir».

Sayt Agentliyinin tabeliyində olan «MİDA» Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) də illik hesabatına istinad edib: «MMC 2018-ci ili 2 milyon 229 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 49.3 faiz çoxdur. Ötən il «MİDA» MMC 13 milyon 829 min manat ehtiyatların satışından gəlir və 117 min manat sair əməliyyat gəlirləri əldə edib».

Yazıda xatırladılır ki, Agentlik 2016-cı ildə yaradılıb. Müəllif qeyd edir ki, Agentliyin yaradılmasının əsas məqsədi kimi Azərbaycan vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq göstərilmişdi.

Şəmkir aqroparkı
Şəmkir aqroparkı

«Dövlət proqramları sahibkarlığın inkişafını stimullaşdırır»

«Azərbaycan» qəzetində «Dövlət proqramlarının icrası regionlarda sahibkarlığın inkişafını stimullaşdırır» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, ölkənin hərtərəfli, dayanıqlı inkişafı, neft asılılığına son qoymaqdan ötrü müxtəlif dövlət proqramları icra edilir, struktur islahatları aparılır və bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub.

Müəllifi hesab edir ki, qeyri-neft sektorunda ilbəil məhsul istehsalı artımı bunun təsdiqidir, bu artımda özəl sektorun, sahibkarlığın rolu daha çox olub.

Yazıda prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı çıxışından sitat da təqdim edilir: «Sahibkarlıqla bağlı siyasətimiz davam edəcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarlarına, öz fermerlərinə bu qədər diqqət göstərir...».

Müəllif yazıb ki, bütün bunların sayəsində xüsusilə ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatı ildən-ilə yaxşılaşır, ixrac imkanları genişlənir: «Təkcə 2017-ci illə müqayisədə ötən il meyvə-tərəvəz ixracı 11 faiz artaraq ölkəyə 530 milyon dollar həcmində gəlir gətirmişdir...».

XS
SM
MD
LG