Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:43

N.Əliyev: 'İqtisadiyyatı elə hala salıblar ki...'


Mərkəzi Bank

«Mərkəzi Bankın (MB) uçot dərəcəsini 8.75 faizdən 8.5 faizə endirməsi istənilən halda müsbət addımdır. Amma bu addım zamanın tələbinə, indiki iqtisadi reallıqlara uyğun deyil».

Bunu AzadlıqRadiosuna AXCP İqtisadiyyat komissiyasının sədri Nemət Əliyev Mərkəzi Bankın iyunun 7-də uçot dərəcəsini endirilməsi ilə bağlı açıqladığı məlumatı dəyərləndirərkən bildirib.

N.Əliyev deyib ki, ölkədə kreditləşdirmə əsasən dayanıb və bunun da bir səbəbi uçot dərəcəsinin yüksək olmasıdır: «İndiki halda MB kreditləri kommersiya banklarına 8.5 faizə verir. Kommersiya bankları da qazana bilmək üçün bir o qədər də özləri artırır. Bu da edir 17 faiz. Bundan əlavə sahibkar da qazanmalıdır ki, istehsalı genişləndirsin, işçi qüvvəsini maddi baxımdan təmin edə bilsin. Deməli, sahibkar ən aşağısı 34 faiz qazanmalıdır ki, həm kreditləri qaytara, həm də istehsalını genişləndirə bilsin. Amma Azərbaycanda sahibkarın bu qədər qazana bilmək imkanı varmı?».

İqtisadçının fikrincə, uçot dərəcəsi aşağı salınsa da, bu, real sektorun kreditləşdirilməsındən ötrü yetərli deyil: «İqtisadiyyatı elə bir hala salıblar ki, hətta istəsə belə, inflyasiyanı sürətləndirmək gücünə malik deyil. Uçot dərəcəsi 1 faiz həddində olmalıdır ki, iqtisadiyyatda hansısa bir inkişaf baş vermiş olsun».

N.Əliyev deyib ki, indiki halda uçot dərəcəsinin aşağı salınmasının əsas hədəfi kreditləşdirməni sürətləndirməkdir: «Amma bu niyyət hədəfə yetəcəkmi, yetməyəcəkmi, bunu zaman göstərəcək».

Mərkəzi Bank yenə uçot dərəcəsini endirib

Azərbaycan Mərkəzi Bankının (MB) İdarə Heyəti uçot dərəcəsinin 8.75 faizdən 8.5 faizə endirilməsi haqda qərar qəbul edib.

Bu barədə Mərkəzi Bankın saytı bu gün, iyunun 7-də məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, faiz dəhlizinin yuxarı həddi 10.5, aşağı həddi isə 6.5 (uçot dərəcəsinə ±2 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərarın inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və makroiqtisadi proqnozlar nəzərə alınmaqla verildiyi bildirilir.

Açıqlamada qeyd edilir ki, 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1 faiz təşkil edib.

«Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcəkdir. Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir», - Mərkəzi Bank vurğulayır.

Neftin qiyməti 24 faiz artıb

Açıqlamada habelə yazılıb ki, xarici sektorda müsbət meyllər davam etməkdədir. «Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin qiyməti ilin əvvəlindən 24 faiz yüksəlmişdir».

Mərkəzi Bank bildirir ki, iqtisadi aktivlik də artıb. Qurumdan bildirildiyinə görə, 2019-cu ilin 4 ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1 faiz təşkil edib.

Mərkəzi Bank bundan əvvəl aprelin 26-da uçot dərəcəsini endirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG