Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Rusiya və İran interneti qlobal şəbəkədən ayırarsa... – Qərb mediası


Moskvada internet senzurasına etiraz, 10 mart, 2019-cu il
Moskvada internet senzurasına etiraz, 10 mart, 2019-cu il

İllər boyu ölkələr bütün dünyadan təcrid olunacaq yerli internet yaratmaq haqda dumanlı şəkildə danışıblar. İndi isə bunu həyata keçirməyə başlayıblar. İran ötən ay elan edib ki, “milli informasiya şəbəkəsi” 80 faiz tamamlanıb. Bu ilin əvvəlində isə Rusiya ölkəiçi internet yaratmaq təşəbbüsünü irəli sürüb, bunu kibertəhlükəsizlik hədələrinə qarşı müdafiə niyyətilə izah edir. Ancaq daha bir ehtimal Kremlin ölkə sərhədləri daxilində informasiya axınına nəzarət arzusudur.

“Wired” portalında Justin Sherman yazır ki, interneti parçalamağın yeni səviyyəsinə can atan Rusiyayla İran təkcə qlobal şəbəkə arxitekturasına təhdid yaratmırlar, yaxud təkcə hökumətə informasiya axınına daha böyük nəzarət verməyə çalışmırlar; onların hərəkətləri digərlərini də bu işə sövq edə, iki ölkənin sərhədlərini aşan geosiyasi təsiri ola bilər.

Pekin, arxiv fotosu
Pekin, arxiv fotosu

Çin illərdir internet üzərində nəzarəti gücləndirib, ölkəyə gedən informasiya filtrasiyadan keçir. Ancaq müəllif bu halda internetin “parçalanması”nın səthi səviyyədə aparıldığını yazır, yəni yalnız informasiya axını dəyişdirilir, arxitekturaya dəyişiklik olunmur. Çin veb trafiki idarə etməkdən ötrü qlobal domen adları sistemindən də asılıdır. Hökumət hələ əsas internet marşrutlarını xətdən ayırmayıb.

“Rusiya və İran isə internet daha dərindən parçalamağa çalışırlar, bunun qarşısı alına bilməz və informasiyaya sərt nəzarət etmək istəyən ölkələr üçün daha cəlbedici olar”, – müəllif yazır.

“Bu gün interneti senzuraya məruz qalan ölkələrin vətəndaşları VPN və digər alətlərlə filtrləri aşa bilirlər. Ancaq ölkə internet qlobal şəbəkədən ayrılarsa, bu, mümkün olmaya bilər. Bu internet azadlığına qlobal təzyiqi artıra, avtoritar rejimlərin hakimiyyəti gücləndirməsinə yol aça bilər”, – müəllif yazır.

ABŞ-Meksika danışıqları davam edir

Birləşmiş Ştatların Meksikadan idxal olunan məhsullara 5 faizlik tarif qoymasını önləməyi hədəfləyən danışıqlarda irəliləyiş olduğu bildirilir. ABŞ Prezidenti Donald Trump məqsədinin Meksikanı Mərkəzi Amerikadan gələn miqrantların qarşısını kəsməyə məcbur etmək olduğunu deyir.

Meksikayla sərhəddə miqrantlar
Meksikayla sərhəddə miqrantlar

Bu ilin mayında sərhəddə saxlananların sayı son on ildə rekord həddə çatıb: 132 min 887 nəfər saxlanıb.

Trump tvitində yazıb ki, danışıqlar davam edəcək, “heç bir razılaşma əldə olunmasa, bazar ertəsindən 5 faizlik rüsum qüvvəyə minəcək və aybaay qalxacaq”.

Meksikada idxala rüsumların 25 faizədək qaldırılması planlaşırılır.

Meksikanın Xarici işlər naziri Marcelo Ebrard isə Ağ evdə keçirilən görüşdə tariflərin deyil, immiqrasiyanın əsas müzakirə mövzusu olduğunu bildirib. Danışıqlarda Dövlət katibi Mike Pompeo, Vitse-prezident Mike Pence, digər ABŞ rəsmiləri də iştirak edir.

Nikbinik”, – o, Meksika səfirliyində mətbuat konfransında deyib.

Bu arada Konqresdəki respublikaçılar Trump-a qarşı dayanmaqla hədələyiblər, Ağ evə xəbərdarlıq ediblər ki, tarifləri önləməkdən ötrü prezidentə qarşı çıxa bilərlər, çünki tariflər ABŞ istehlakçısı üçün qiymətləri artırır, iqtisadiyyata ziyan vurur, gözlənən ABŞ-Meksika-Kanada ticarət sazişinə təhlükə yaradır.

Respublikaçı Trump isə Konqresdəki demokratları sərt tənqid edib, onların ABŞ immiqrasiya qanunlarını düzəltmək istəmədiyini deyib. Onun sözlərinə görə, Konqres çox güman, növbəti prezident seçkisindən sonrayadək immiqrasiya qanunvericiliyini qaydaya sala bilməyəcək.

Vaşinqtonda RT televiziyası qarşısında etiraz, 2014-cü il
Vaşinqtonda RT televiziyası qarşısında etiraz, 2014-cü il

Amerikalılar uydurma xəbərləri ciddi problem sayır

Uydurma xəbər və informasiyaların yaradılaraq yayılması ölkəyə ciddi ziyan vurur və dayandırılmalıdır. Pew araşdırma mərkəzinin son sorğusu bir çox amerikalının belə düşündüyünü üzə çıxarıb. Sorğu bu il fevralın 19-dan martın 4-dək 6 min 127 amerikalı yetkin yaşlı arasında keçirilib.

Hər 10 amerikalıdan yeddisi (68%) deyib ki, uydurma xəbər və informasiya amerikanların hökumət institutlarına inamına böyük təsir göstərir. Təxminən 54 faiz isə bir-birinə inama böyük təsir göstərdiyini deyib.

Maraqlısı odur ki, respondentlər uydurma xəbərlərin yaradılmasına görə siyasi liderləri və fəalları suçlayırlar. Ancaq problemi yoluna qoymağa görə əsasən jurnalistləri məsul sayırlar. Onlar məsələnin yaxın gələcəkdə daha da pisləşəcəyini vurğulayırlar.

Amerikalıların çoxu hərdənbir, yaxud tez-tez uydurma xəbərlərlə qarşılaşdıqlarını deyiblər. Buna cavab olaraq onlar xəbər istehlak vərdişlərini dəyişiblər, ya aldıqları xəbərləri yoxlayırlar, ya da xəbər üçün üz tutduqları mənbələri dəyişirlər.

Hər 10 amerikalıdan səkkizi (79%) inanır ki, uydurma xəbərləri məhdudlaşdırmaqdan ötrü addımlar atılmalıdır.

XS
SM
MD
LG