Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:32

'Neft Fondu ictimaiyyəti necə aldadır...' - Media icmalı


Dövlət Neft Fondu
Dövlət Neft Fondu

Bakı Olimpiya Stadionunun UEFA-nın elit stadionları siyahısına daxil edilməsi, neftin qiymətinin Azərbaycandan ötrü kritik həddi, Neft Fondunun gəlirləri medianın diqqət verdiyi mövzulardandır...

Neft Fondunun gəliri nə qədər olub?

Yenisabah.az saytında «Neft Fondunda milyonlar necə yoxa çıxır?» sualı gündəmə daşınır.

«Ötən ilki uğursuzluğunu kənar amillərin təsiri ilə izah edən Azərbaycan Respublikası Dövlət Neft Fondu bir sıra vacib məlumatları ictimaiyyətdən gizlətməklə yanaşı, açıqladığı informasiyalarla da əhalini çaşdırır». Yazıda qeyd edildiyinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlunun sözlərinə görə, Fondun 2018-ci il üzrə təsdiq edilmiş büdcəsində onun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından gəlirləri 1 milyard 42 milyon 46 min 100 manat nəzərdə tutulub.

İqtisadçının qeyd etməsinə görə, sonradan qurumun 2018-ci il büdcəsinə dəyişikliklər edilib: «Valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 42 milyon 461 min manatdan 1 milyard 216 milyon 734.8 min manata qədər artırılıb.... Fond ötən il vəsaitlərin idarə edilməsindən cəmi 181.1 milyon manat məbləğində gəlir əldə edib. Göründüyü kimi, Fond özünün hazırladığı proqnoza 14.9 faiz əməl edib».

İqtisadçının bildirməsinə görə, ötən il ərzində Fondun investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 0.35 faiz təşkil edib: «Bu da büdcədə nəzərdə tutulmuş gəlirlilik göstəricisi ilə müqayisədə (1.96 faiz ) 1.61 faiz, 2017-cı il ilə müqayisədə 1.53 faiz azdır».

Q.İbadoğlu daha sonra da qeyd edib: «Lakin Fond dünən (iyunun 4-də) açıqladığı bəyanatında bildirir ki, uğurlu diversifikasiya siyasəti nəticəsində ötən il daşınmaz əmlak portfelinin 2018-ci il üzrə məzənnə fərqi nəzərə alınmadan gəlirliliyi 9.9 faiz təşkil edib. Diqqət edin, görün Fonda ictimaiyyəti necə aldadır... Halbuki, məzənnə fərqi nəzərə alınandan sonra ötən il Fondun əmlak bazarında sərmayələri üzrə illik gəlirlik səviyyəsi 0.54 faiz olub».

Saytda iqtisadçının bu fikirlərinə Dövlət Neft Fondundan münasibət almaq mümkün olmayıb.

Səhrada neft buruğu
Səhrada neft buruğu

«Neftin qiymətinin ən təhlükəli həddi...»

«Yeni Müsavat» qəzetində «Bizim üçün neftin kritik qiyməti 40 dollardır – ekspert» sərlövhəli yazı yer alır.

Müəllif dünya bazarında neftin ucuzlaşması və bunun Azərbaycana mümkün təsirlərini iqtisadçı Pərviz Heydərovla müzakirə edib.

Yazıda ekspertlərə istinadən qeyd edilir ki, neftin ucuzlaşmasına səbəb bazarda təklifin tələbi üstələməsi, ABŞ-Çin ticarət qarşıdurmasıdır.

Müəllif yazıb ki, ucuzlaşma Azərbaycan neftindən də yan ötmür. Yaxın günlərdə Azərbaycan nefti 64-65 dollara kimi düşüb.

Yazıda vurğulanır ki, ixracatının 80 faizdən çoxunu təşkil edən neftin ucuzlaşması Azərbaycanın gəlirlərinin də azalması ilə müşayiət olunur.

İqtisadçı-ekspert P.Heydərov bildirib ki, hələlik, bu ucuzlaşma Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan xərclərin qarşılanması baxımından kritik həddə deyil: «Yəni qiymətin 60 dollar ətrafında olması Azərbaycan üçün təhlükəli vəziyyət yaratmır. Bu qiymətlərlə büdcənin bütün xərclərinin təmin olunması problem olmayacaq».

Ekspert hesab edir ki, Azərbaycanın dövlət büdcəsindən ötrü neftin təhlükəli qiyməti 50 dollardır: «Ucuzlaşma davam edərsə, qiymətlər 50 dollara qədər düşərsə, büdcə gəlirlərinin təmin olunmasında müəyyən problemlər yarada bilər. Azərbaycan manatının stabilliyinə, büdcə xərclərinin təmin olunmasına neftin qiymətinin ən təhlükəli həddi 40 dollar hesab olunur. Dünya neft bazarında qiymətlərin 40 dollara qədər ucuzlaşması isə qısamüddətli dövrdə gözlənilən deyil».

İqtisadçının vurğulamasına görə, bu yaxınlarda vergilər nazirinin açıqladığı məlumatdan aydın olub ki, yalnız özəl tibb klinikaları və topdansatış müəssisələrində vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində milyonlarla vəsaitin büdcəyə ödənilməsi təmin olunub: «… Bu proses - kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, vergi siyasətinin təkmilləşdirilməsi və digər islahatlar davam edir. Onların nəticəsində büdcəyə daxilolmaların artımı da davamlı olacaq. Yəni demək istədiyim odur ki, sosial müdafiə xarakterli tədbirlərin maliyyələşmə mənbələri arasında neft gəlirləri yeganə mənbə deyil. Neftin kritik hədd olan 40 dollara qədər ucuzlaşması baş verərsə, bu, yalnız növbəti artımların reallaşmasının qarşısını ala bilər».

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

«Santiago Bernabeu» ilə bir siyahıda

Rəsmi dövlət saytı AZƏRTAC-da «Bakı Olimpiya Stadionu UEFA-nın Elit Stadionları siyahısına daxil edilib» sərlövhəli məlumat dərc edilib.

Məlumatda bildirilir ki, 2015-ci ildən fəaliyyətə başlayan və hər il azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionunu UEFA mükafatlandırıb.

Bu barədə sayta Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən bildirilib. Qurumdan qeyd edilib ki, Bakı Olimpiya Stadionu aralarında «Allianz Arena», «Aviva Stadium», «Kamp Nou» və «Santiago Bernabeu» kimi dünyaca məşhur stadionlar olan UEFA-nın elit stadionları siyahısına daxil edilib: «Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilib. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri,…stadionu dolduran azarkeşlərin dəstəyi nəticəsində Bakı mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə daim hazır olduğunu bir daha sübut etdi».

Məlumatda o da bildirilir ki, Bakı Olimpiya Stadionu gələn il UEFA-nın 60 illiyi münasibəti ilə ilk dəfə olaraq 12 müxtəlif stadionda keçiriləcək Avro 2020-nin əsas stadionlarından biridir: «Burada üç qrup matçı və bir 1\4 final qarşılaşması oynanılacaq».

XS
SM
MD
LG