Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:35

Rüşvətdə günahlandırılan vəzifəli şəxs azadlığa çıxdı


ATM
ATM

Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinətlər sektorunun sabiq müdiri Vidadi Eyvazov həbsdən buraxılıb. O, pensiya və müavinətlərin təyin olunması üçün adamlardan rüşvət almaqda suçlanıb həbs edilmişdi.

V.Eyvazov məhkəmə qarşısında tək deyildi, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Elnur Quliyevlə birlikdə mühakimə olunurdu. Məhkəmənin hökmü ilə E.Quliyev 3 il azadlıqdan məhrum edilib. Onun müdiri V.Eyvazova da eyni müddətə cəza təyin edilib. Ancaq məhkəmə keçmiş sektor müdirinə münasibətdə CM-nin 70-ci maddəsini tətbiq edib və o, şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

«Prokurorluq üzərimə kamera bağlayıb göndərdi»

Cinayət işinin materiallarında yazılıb ki, onlar prokurorluğa şikayət əsasında saxlanılıblar. Şikayətçi də bu cinayət işindəki şahidlərdən biri Tofiq Məhərrəmov olub. Şikayətində yazıb ki, anasına təqaüd təyin etmək üçün Fondun əməkdaşları onun kartına köçürülən məbləğin 600 manatını özlərinə götürüb: «Mən anama təqaüd düzəltmək üçün Elnur Quliyevə müraciət etdim. Mənə izah elədi ki, hansı sənədlər lazımdı. Əvvəldən özüm ona söz vermişdim ki, iş düzəlsin, ona «şirinlik» verəcəm. Bir müddət keçəndən sonra Elnur zəng eləyib dedi ki, sənədlər hazırdır, gedib bankdan kartı götürmək lazımdır. Kartı götürəndən sonra anamla birlikdə onun yanına gəlməyimizi istədi, dedi ki, kartı aktivləşdirmək üçün anam gəlib idarədə nəyisə imzalamalıdır. Dediyi kimi elədik. Kart bir neçə gün onda qaldı. Gəlib götürəndə dedi ki, «şirinliyi» özü kartdan çıxarıb. Soruşdum ki, nə qədər? Dedi ki, 600 manat. Narazılığımı bildirdim. Çünki mən 50-100 manat verməyi nəzərdə tutmuşdum».

T.Məhərrəmovun sözlərinə görə, anasının təqaüdündən 600 manatın özbaşına çıxarılmasına etiraz edəndə E.Quliyev o pulun 100 manatını qaytarmağa razılaşıb. Bu isə onu qane etməyib. Ona görə də prokurorluğa şikayət edib: «Prokurorluğa zəng eləyib şikayətləndim. Mənim üzərimə kamera bağlayıb Elnurla görüşməyimi istədilər».

Təqsirləndirilən şəxslərə pul verdiyi iddia olunan başqa adamlar da məhkəmədə dindirilib. Nə onlar, nə də T.Məhərrəmov şikayətçi olub.

«Ailə məhv olmaq üzrədir»

Ancaq təqsirləndirilən şəxslər özlərini günahkar saymır, ittihamda yazılanları da qəbul etmirlər.

Hökmdən öncə E.Quliyevin vəkili deyib ki, onlara verilən rüşvətalma ittihamı sübuta yetirilmədi. Müdafiəçinin sözlərinə görə, E.Quliyev özü də etiraf edib ki, müdirinin heç bir günahı olmadığı halda, onun adını çəkib, bu işlərdən xəbərdar olduğunu deyib: «Elnur Quliyevin özünə gəlincə, Tofiq Məhərrəmovun təcrübəsi olmadığına görə onun anasına məxsus kartı özü aktivləşdirib. Başqaları da bildirdi ki, onlardan nə pul istəyən olub, nə də kiməsə pul veriblər. Elnur Quliyev dörd azyaşlı uşaq atasıdır, həyat yoldaşı ağır xəstədir. Yəni ailə məhv olmaq üzrədir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG