Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Ana ölümlərinin sayı niyə artır?-Media icmalı


SOCAR
SOCAR

İyunun 5-də yerli media valyuta məzənnələrinin SOCAR-ın gəlirlərinə təsirlərinə, dini dəyərlərin əhəmiyyətinə, ana ölümlərinin artmasına toxunur.

Valyuta məzənnələri SOCAR-ı «sıxıb»

Marja.az yazır: «Valyuta məzənnələrinin dəyişməsi SOCAR-a böyük ziyan vurub». SOCAR-ın illik hesabatına görə, bir il əvvəlki illə müqayisədə dövlət şirkətinin gəlirləri 18 milyard 627 milyon manat və ya 20.1% artaraq 111 milyard 198 milyon manata yüksəlib.

Yazıda eyni zamanda SOCAR-ın satış xərclərinin də 18 milyard 113 milyon manat və ya 20.7% artaraq 105 milyard 453 milyon manat olduğu bildirilir.

«Nəticədə ötən il satışdan xalis gəlir 5 milyard 730 milyon manat olub. 2017-ci ildə xalis gəlir 5 milyard 219 milyon manat təşkil etmişdi. Qısası, xərclərin artması gəlirin artmasını silib», - deyə qeyd edilir.

Marja.az yazır ki, 2018-ci ildə SOCAR-ın əməliyyat gəliri (inzibati və digər xərclər çıxıldıqdan sonra qalan gəlir) 3 milyard 595 milyon manat təşkil edib və bu, 2017-ci illə müqayisədə 1 milyard 73 milyon manat və ya 42.5% çoxdur.

«Amma valyuta məzənnələrinin dəyişməsi SOCAR-da 698 milyon manat zərər yaratdığından, maliyyə xərcləri 296 milyon manat artdığından və 572 milyon manat daha çox mənfəət vergisi ödənildiyindən xalis mənfəət 2017-ci il ilə müqayisədə 868 milyon manat və ya 41.5% azalaraq 1 milyard 224 milyon manata düşüb», - sayt yaranmış durumu şərh edir.

Doğum evi
Doğum evi

Ana ölümlərinin sayı niyə artır?

Musavat.com bu suala cavab axtarmağa çalışıb.

Yazıda rəsmi qurumlara istinadla ötən il Azərbaycanda 17 qadının doğuş zamanı öldüyü bildirilir: «2017-ci ilin statistikasına görə, 11 ana ölümü qeydə alınmışdı».

Sayt Britaniyanın «Save the Children» xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq hesabatına istinadla Azərbaycanda hər 1800 doğuşdan birinin ananın ölümü ilə nəticələndiyini yazır.

Mama-ginekoloq Nervan Əmirova musavat.com-a deyib ki, ana ölümlərinin səbəblərindən biri hamilə qadınların vaxtında həkimə müraciət etməməsi, müayinədən keçməməsidir: «...bəzən qadınlarda hamiləlik risk yaradır. Məsələn, cinsi yolla infeksion xəstəliklər keçəndə və bu, vaxtında aşkarlanmayanda əksər hallarda hamiləliyin gedişatı pozulur və yaxud eybəcər, əlil uşaqlar doğulur. Bəzən brusellyoz, mikroplazma və bu kimi başqa mikroblar qadında olanda hamiləliyin inkişafı pozulur. Həmin mikroblar hamiləlik zamanı uşağın inkişafına əngəllər yaradır. Buna görə də uşaqlar əlil doğulur. Patoloji hamiləlik keçirən analar doğuşun adekvat keçməməsini özü yarada bilər. Bu da ana ölümünün sayının artmasına gətirib çıxardır».

Həkim qadınların qidalanması zəif olduqda, ekoloji problem olan məkanda yaşadıqda da hamiləlikdə risklərlə üzləşdiklərini söyləyir: «Bildiyiniz kimi, hazırda sosial-iqtisadi problemlər çoxdur, insanların maddi vəziyyətləri yaxşı deyil. Bu səbəbdən qanazlığı çoxalıb. Nəticədə hamilə qadınlar stress hormonal pozğunluq yaşayır. Bütün bunların da doğuşa təsiri olur. Bu halda həkim neyləyə bilər?».

Təzəpir məscidi
Təzəpir məscidi

«Milli-mənəvi dəyərlər işığında»

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Qəzet Ramazan bayramı günlərində islam dəyərlərindən yazır: «Böyük sosial və tarixi hadisə olan islam dini də ümumbəşəri mənəvi dəyərləri özündə ehtiva etdiyi, insanları sülhə, əmin-amanlığa, həmrəyliyə, kamilliyə, düzgünlüyə çağırdığı üçün xalqımızın mental baxışları ilə uzlaşaraq milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissələrindən birinə çevrilib».

Məqalədə deyilir ki, dünyanın ən kamil dinlərindən olan islam təkcə din kimi yayılmayıb, təlqin etdiyi dəyərlər əsrlər boyu istər Şərq, istərsə də Qərb mədəniyyətinə ideya-fəlsəfi baxımdan təsir göstərən mənəvi qüvvə kimi aktual olub.

Yazıda vurğulanır ki, bu dəyərlər təkcə dini əhəmiyyəti ilə yox, ictimai-siyasi düşüncəyə təsiri ilə də fərqlənib. İstər cəmiyyətin öz inkişafını nəzərdə tutan hürufilik kimi təlimlər, istərsə də Azərbaycanın siyasi yüksəlişini təmin etmiş qızılbaş hərəkatı kimi cərəyanlar məhz islamdan qaynaqlanıb, ondan ilham alıb.

«Azərbaycan»ın yazdığına görə, XX əsrin sonlarında milli müstəqilliyin bərpası ilə Azərbaycanda milli dəyərlərlə birgə islami dəyərlər də yenidən canlandı: «İndi milli bayramlarla yanaşı, dini bayramlar da dövlət səviyyəsində qeyd olunur».

Yazının sonunda isə Ramazan bayramında azərbaycanlıların dilə gətirdiyi dualara toxunulur: «...hər bir azərbaycanlının əsas diləyi torpaqlarımızın işğaldan azad edilməsidir. O gün isə uzaqda deyil və xalqımızın Ramazan sevincinin sədası tezliklə bütün Qarabağda eşidiləcək».

XS
SM
MD
LG