Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:01

‘Ədalət’ axtaranlar prezidentlə görüş tələb edir


Nur-Otan qarşısında etiraz
Nur-Otan qarşısında etiraz

Qazaxıstanda onlarla adam hakim partiyanın qərargahı qarşısına yığışaraq aralıq dövr prezidenti Qasym-Zhomart Toqaev-lə görüş tələb ediblər. Onlar özləri və yaxınları barəsində yanlış saydıqları məhkəmə qərarlarını müzakirə etmək istədiklərini deyiblər. Bir neçə günə Qazaxıstanda növbədənkənar prezident seçkisi keçirilməlidir.

Məyus və qəzəbli görünən etirazçılar məhkəmələrdə ədalətə nail ola bilmədiklərini, Toqaev-in onların adından müdaxiləsini istədiklərini deyiblər. Onlar həmçinin işləri üzrə dövlət komissiyasının yaradılmasını tələb ediblər. Qaldırdıqları plakatda “Ali Məhkəmənin üzvlərinin hamısı istefa verməlidir!” sözləri yazılıb. Qadınlardan biri özünü yaxşı hiss etməyib və təcili yardım çağrılıb.

Hökumətdən narazılıq artır

Hakim Nur-Otan partiyasının rəsmiləri deyiblər ki, Toqaev nümayişçilərlə görüşə bilməz, çünki öncədən təyin olunmayıb. Etirazçılar isə görüş baş tutanadək binadan çıxmayacaqlarını söyləyiblər.

Qasym-Zhomart Toqaev (solda) və Nursultan Nazarbaev
Qasym-Zhomart Toqaev (solda) və Nursultan Nazarbaev

Toqaev seçkidə hakim partiyanın namizədidir, onun seçkini asanlıqla udacağı gözlənir.

Bu etiraz hökumətdən narazılığı, dövlətlə cəmiyyət arasında gərginliyin artmasını göstərir.

Ölkəni 30 ilədək idarə etmiş Nursultan Nazarbaev martda istefa verib, növbədənkənar seçkidə məqsəd isə hakimiyyətin rahat keçidini təmin etməkdir.

Dünən – iyunun 3-də onlarla qadın Nur-Sultandakı prezident sarayı qarşısında yürüş edib, sosial müavinətlərin artırılmasını, evlə təminatın yaxşılaşdırılmasını tələb edib. Onlar “Uşaqlarımızın evi olsun!” plakatını qaldırıblar. Toqaev, Baş nazir Asqar Mamin, Nur-Otanın rəhbəri Nazarbaev-lə görüş tələb ediblər, ancaq heç biri görüşə gəlməyib.

Bu il fevralın əvvəlində paytaxtda bir evin yanması nəticəsində beş uşaq ölmüşdü, hadisə valideynlərin hər ikisi gecə növbəsində olarkən baş vermişdi. O vaxtdan ölkədə həyat şəraitinə bir neçə etiraz aksiyası keçirilib.

Tənqidçilər Nazarbaev-in narazıları susdurduğunu, təməl insan haqlarını təmin etmədiyini, hakimiyyətini uzatmaqdan ötrü demokratik proseslə manipulyasiya etdiyini deyir. 1991-ci ildə Qazaxıstan müstəqillik əldə edəndən heç bir seçki beynəlxalq müşahidəçilər tərəfindən “azad və demokratik” qiymətini almayıb.

Nazarbaev Təhlükəsizlik Şurasına sədrliyini, “elbaşı” titulunu da saxlayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG