Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:24

Ermənistanın yeni hökuməti Ukraynaya, Gürcüstana ‘baxsın’ – Qərb mediası


Yerevanda hökumətə qarşı etirazlar, 8 may, 2019-cu il
Yerevanda hökumətə qarşı etirazlar, 8 may, 2019-cu il

Ötən ilin “məxməri inqilab”ından sonra Ermənistan Avropa Birliyi ilə münasibətlərini yaxşılaşdırmağa çalışır, onu islahat planlarında əsas tərəfdaş kimi görür. İyunun 13-də tərəflər arasında ikinci AB-Ermənistan Tərəfdaşlıq Şurası keçiriləcək, özəlliklə idarəçilik və hüququn aliliyi sahələrində islahatlar, münasibətlərin gələcəyi müzakirə olunacaq.

“Gallup” sorğu mərkəzinin saytında Steve O'Brien və Julie Ray tərəflərin danışmağa çox mövzuları olduğunu yazırlar. Gallup-un inqilabdan bir neçə ay sonra Ermənistanda keçirdiyi sorğu ermənistanlıların bu islahatların bəziləri üzrə irəliləyiş gördüyünü üzə çıxarmışdı.

Serzh Sargsyan devriləndən sonra ermənistanlıların yeni hökumətə inamı 67 faizə yüksəlib. Halbuki Sargsyan-ın hakimiyyəti dövründə bu inam heç vaxt 46 faizdən yüksək olmayıb. 2017-ci ildə, prezidentliyinin son ilində isə inam göstəricisi 26 faiz idi.

Serzh Sargsyan (sağda)
Serzh Sargsyan (sağda)

Ermənistanın yeni hökuməti korrupsiyaya amansız divan tutmağa başlayıb, bir sıra hay-küylü həbslər həyata keçirilib. “Ermənistanlıların 41 faizi hökumətdə korrupsiyanın geniş yayıldığını düşünür, ancaq bu, Gallup-un sorğu keçirdiyi dövrdə ən aşağı göstərici sayılır. Ötən ilədək, azı 70% hökumətdə korrupsiyanın yayıldığını deyirdi”, – yazan müəlliflər biznes sektorunda korrupsiyayla mübarizədə böyük irəliləyiş olmadığını vurğulayırlar. 2018-ci ildə ermənistanlıların 62 faizi korrupsiyanın biznesdə kök saldığını deyib. Bu, 2017-ci ildəkindən 10 faiz azdır.

Məhkəmə sistemində də islahatlar nəzərəçarpan olmayıb. 2018-ci ildə hər üç ermənistanlının biri (34%) ölkənin məhkəmə sisteminə inandığını söyləyib. Bu, bir il öncəki 29%-dən yüksəkdir. Yeni hökumət ədliyyə sektorunda da islahatların anonsunu verib.

Müəlliflər Ermənistanda islahat prosesinin ilkin mərhələdə olduğunu, demokratiya quruculuğu və modernləşmə öhdəliyi götürmüş yeni hökumətdən çox şey gözləndiyini yazır. “Ermənistanlıların yeni rəhbərlikdən gözləntisi çox yüksəkdir. Hökumət sadəcə Ukrayna və Gürcüstana baxmalıdı, inqilab və vədlər davamlı islahatlara çevrilməyəndə nə baş verdiyini görməlidir”, – məqalədə deyilir.

Stavropolda Qriqoriyan məbədi
Stavropolda Qriqoriyan məbədi

Xristianlıq islama uduzurmu

Dini rəqabət xristianlıq və islam arasında ideoloji mübarizə deyil, tədricən artan korporatizasiyadır. Hər yerdə dinləri tədricən, amma davamlı şəkildə kilsə və məscidlər əvəzləyir, onlar da dünyanın iki əsas dini brendinə bağlıdır. “Project-Syndicate” portalında Paul Seabright yazır ki, Avropa və Şimali Amerikada populistlər müasir dünyada xristianlığın özünə gəlmiş, inamlı islam qarşısında geri çəkildiyini iddia edirlər. Hətta “sivilizasiyalar toqquşması” ideyasını qəbul etməyən müşahidəçilər xristianlığın çökməkdə olması qənaətinə gəlirlər.

Müəllif ilk baxışda faktların bu ideyanı dəstəkləmiş kimi göründüyünü yazır. Ümumdünya Din Məlumat Bazasının rəqəmlərinə görə, 1950-2015-ci illərdə dünyanın müsəlman əhalisinin sayı 13,6 faizdən 24 faizə yüksəlib. Xristianların payı isə 35%-dən 33-ə düşüb.

Əfqanıstanda Ramazan ayı
Əfqanıstanda Ramazan ayı

Ancaq bu tendensiyalar regionlar üzrə fərqli görünür. “Xristianlıq 1950-ci ildə bəri az sürətlə yayılıb, çünki həmin ildə əsasən iki cür regiona cəmləşmişdi: Avropaya bənzər regionlarda əhali çox olsa, artımı yavaş gedirdi. Saharaaltı Afrika tipli regionlarda isə əhali sürətlə artsa da, ümumilikdə ərazi kiçikdir. İslam isə 1950-ci ildən bəri ona görə sürətlə yayılıb ki, növbəti 65 il ərzində əhalisi sürətlə artan regionlarda dominant idi, özəlliklə də Asiyada. Geniş yayılmış stereotipə baxmayaraq, dünya müsəlmanlarının təxminən 80 faizi ərəblər deyil. 1950-ci ildə xristianlar Asiya əhalisinin 3 faizdən də azını təşkil edirdilər”, – müəllif yazır.

Ancaq dünyanın demoqrafik mənzərəsi dəyişməkdədir. İnsan cəmiyyətini idarə edən dəmir qanunlardan biri də odur ki, təhsil alıb pul qazanan qadınlar dünyaya daha az uşaq gətirir, yepiskopların, imamların nə deməyindən asılı olmayaraq. 1980-90-cı illərdə əsasən müsəlmanların yaşadığı İranda doğum səviyyəsi düşüb. Kommunist Çinində isə on il qabaqdan hər ailədə bir uşaq siyasəti tətbiq olunub. 21-ci əsrdə demoqrafiya dünya dinlərinin artımındakı rolunu tamamilə itirəcək, müəllif bildirir.

XS
SM
MD
LG