Ukrayna prezidenti Volodymyr Zelenskiy ölkənin NATO üzvlüyünə dair referendum keçirəcəyini vəd edib. Moskva Kiyevin Avropa və Avroatlantika inteqrasiyasına qarşı çıxır.
İyunun 5-də AzadlıqRadiosuna müsahibəsində Zelenskiy deyib ki, “Ukrayna və onun xalqının öz müttəfiqlərini seçmək kimi suveren hüququ” vardır:
"Mən demişəm ki, biz hər bir ukraynalıya NATO-nun nə olduğunu izah etməliyik. Burda qorxulu bir şey yoxdur. Ukraynalılar hazır olanda, biz əlbəttə bu məsələni referendum çıxaracağıq və Ukrayna qəti şəkildə NATO-da olacaq”.
Bundan bir gün əvvəl Zelenskiy demişdi ki, Ukraynanın Avropa İttifaqı və NATO-ya tam üzvlüyə yönəlmiş strategiyası dəyişməz olaraq qalır.
Moskva NATO-nun şərqə doğru genişlənməsinə, xüsusilə də Gürcüstan və Ukraynanın NATO üzvlüyü niyyətindən narazıdır.
***
Stoltenberg Ukraynanın gələcəkdə alyansa üzv olacağını ‘istisna etmir’
Ukrayna prezidenti Volodymyr Zelenskiy Brüsselə rəsmi səfərə gəlib. O burada NATO-nun baş katibi Jens Stoltenberg-lə görüşüb.
Burada keçirilən mətbuat konfransında Zelenskiy deyib ki, o Donbasdakı münaqişə ilə bağlı Rusiya ilə danışıqlara hazırdır.
Zelenskiy habelə Ukraynanın Minsk razılaşmalarının şərtlərinə sadiq qaldığını təsdiq edib.
O bunu da təsdiqləyib ki, Kiyev Minskdə keçiriləcək üçtərəfli danışıqlara həm də Ukrayna silahlı qüvvələri baş qərargaının rəisi Ruslan Khomchuk-u göndərəcək.
Bundan əvvəl xəbər verilmişdi ki, bu danışıqlarda Ukrayna nümayəndə heyətinə keçmiş prezident Leonid Kuchma başçılıq edəcək.
Zelenskiy ilə görüşdə Jens Stoltenberg deyib ki, o gələcəkdə Ukraynanın alyansa üzv ola biləcəyini istisna etmir.
O əlavə edib ki, buna görə Ukrayna onu NATO standartlarına uyğun ölkəyə çevirəcək islahatları həyata keçirməlidir.
***
Ukrayna Prezident Volodymyr Zelenskiy ölkə başçısı kimi ilk səfərini Brüsselə edir və NATO liderləri ilə görüşəcək.
Zelenskiy iyunun 4-də NATO-nun Baş katibi Jens Stoltenberg ilə görüşməli, alyansın qərargahında NATO-Ukrayna komissiyasının iclasına qatılmalıdır.
Ukrayna prezidentinin ölkənin şərqindəki təhlükəsizlik durumunu, “müharibəni bitirməkdən ötrü beynəlxalq cəhdləri gücləndirməyin yollarını müzakirə edəcəyi” bildirilir, onun idarəsi bu haqda məlumat yayıb.
Sözçüsü Yulia Mendel deyib ki, o, səfəri zamanı Ukraynanın “Avropaya və Avro-Atlantik inteqrasiyaya doğru kursunu” bir daha təsdiqləyəcək.
NATO-Ukrayna komissiyası Kiyevlə alyans arasında əməkdaşlığın əsas formatıdır.
Zelenskiy iyunun 5-də Avropa Şurasının Prezidenti Donald Tusk, Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker və Polşa prezidenti ilə görüşməlidir.
Komediya ustası olan Zelenskiy Petro Poroshenko-nu böyük səs fərqilə məğlub edəndən sonra mayın 20-də and içib.