Qazlaşdırmanın səviyyəsi, qazın, elektrikin qiymətlərindəki limit, qəbul imtahanlarının nəticələrinə baxış və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«İşığın, qazın maya dəyərini araşdırsan,...»
«Yeni Müsavat» qəzetində «İşıq limitinin ləğvi məsələsi yenidən gündəmdə» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, elektrik enerjisinə tətbiq edilən limitin ləğvi məsələsi ötən həftəsonu Milli Məclisdə yenidən gündəmə gətirilib. Müəllifin qeyd etməsinə görə, deputat Fazil Mustafa bildirib ki, elektrik enerjisinə tətbiq edilən limit aradan qaldırılmalıdır. «Biz Milli Məclisdə qazın limitinin aradan qaldırılması ilə bağlı məsələ qaldırmışdıq. Prezidentin tapşırığından sonra limit müəyyən qədər artırıldı. Bu, müsbət addımdır. Hesab edirəm ki, elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır», - deyə deputat vurğulayıb.
O əlavə edib ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: «Yay mövsümü kondisionerin, qış mövsümündə isə soyuq hava elektrik enerjisindən daha çox istifadə etməyi qaçılmaz edir...».
«Yeni Müsavat»a danışan iqtisadçı Fikrət Yusifov da bildirib ki, Azərbaycanda elektrik və qaz limitinin ləğvi tamamilə mümkündür: «Hesab edirəm ki, işığın, qazın və dövlət monopoliyasında olan müəssisələrin göstərdiyi xidmətlərin maya dəyərini araşdırsan, orada bəs deyincə rezervləri görmüş olarıq. Bu gün təşkilatlar özlərinin fəaliyyətlərində nə qara məqamlar varsa, onların hamısını maya dəyərinə daxil edirlər. Məhsulun maya dəyərini normal şəkildə araşdırdıqda görmək olar ki, orada böyük ehtiyatlar var. Müstəqil şəkildə, bu işi yaxşı bilən peşəkarlar araşdırma edə bilərlər. Bu zaman ortaya xeyli məqamlar çıxar. Müxtəlif səbəblərdən 3 qəpiyə yerin altından çıxarılan qaz 10 qəpiyə satılanda belə, əldə edilən gəlir, xərcləri bağlamır».
Hazırda əhaliyə satılan elektrikin 300 kVts-a qədər olan hissəsi üçün 7 qəpik, bundan çox olan hissəsi üçün isə 11 qəpik ödənilir.
«1000 ballıq məsələ»
Moderator.az saytında «Niyə 700 ballar yoxa çıxıb? - 1000 ballıq məsələ...» yazı yer alır.
Müəllif vurğulayıb ki, bu il ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayan olmayıb və istər-istəməz bunun səbəbləri ilə bağlı suallar yaranır: «Yaranmalıdır. Amma emosionallıq üçün yox, doğru analiz və faydalı müzakirə üçün. Gəlin ilk olaraq bir suala cavab verək: bunu təhsilin səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirmək olarmı? Obyektiv yanaşaq, tutaq ki, ötən ildən bu yana inkişaf olmayıb, lakin enmə də olmayıb. Eyni nazirdir, eyni abi-havadır, eyni məktəblərdir. Başqa vaxt 700 balları məktəbin yox, repetitorların uğuru sayanlar da olurdu, indi bunu repetitorların da uğursuzluğu da saymaq olmaz, onlar da yerində qalıb».
Müəllif hesab edir ki, bu, test suallarının məzmunu ilə bağlıdır: «Aşağıdakılardan hansılar baş verib: 1. Tapşırıqlar daha çətin olub. 2. Yeni tip tapşırıqlar olub. 3. Keyfiyyətsiz tapşırıqlar olub. 4. Daha keyfiyyətli olub».
Yazıda qeyd edilən hallarla bağlı müəllif öz düşüncələrini ortaya qoyub. Sonda isə yazıb: «...Qapalı test suallarının keyfiyyətini dəyişmək olar, onlara tənqidi oxu məzmunu əlavə etmək olar, keys (situasiya) suallarının qapalı forması ilə digər bacarıqları da yoxlamaq olar, amma qiymətləndirmədə insan amilinin lap aşağı salınması istiqamətində çalışmalar davamlı olmalıdır. Bu, 700 yox, 1000 ballıq məsələdir».
«Qazlaşdırmanın səviyyəsinə görə lider»
«Azərbaycan» qəzetində «Azərbaycan qazlaşdırmanın səviyyəsinə görə dünyanın lider ölkələrindəndir» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarına uyğun olaraq, ölkədə mavi yanacaq almayan yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində son dövrlər genişmiqyaslı işlər həyata keçirilib. Yazıda vurğulandığına görə, indi qaz xətləri ucqar dağ kəndlərinə də çatıb, hətta sovet dönəminin ən inkişaflı illərində qazdan istifadə etmək imkanı olmayan yaşayış məntəqələrindəki evlərdə mavi alov şölələnir: «...Bu gün dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıc qəsəbəsinin sakinləri də qazdan istifadə edirlər. Bu, son illərdə ölkədə vüsət alan qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərin təzahürüdür. İsmayıllı rayonunun adıçəkilən qəsəbəsindən əlavə bu xətt boyunca yerləşən kəndlərdə də qazlaşdırma həyata keçirilib».
Müəllif Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin çıxışından mövzuya aid bir sitat da təqdim edir: «Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik».
Yazının sonunda da qeyd edilir ki, Nazirlər Kabinetinin sözügedən iclasında dövlət başçısı qazlaşdırma sahəsində əldə olunan uğurlarla yanaşı, çatışmazlıqlara da toxunub, bəzi yerlərdə qazın təzyiqinin aşağı olduğu göstərilib, belə halların ardan qaldırılması tələb edilib.