Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:08

Həmsədrlər sonrakı addımları müzakirə ediblər


Həmsədrlər Xankəndində. 28 may 2019

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanat yayıb.

Həmsədrlər bu səfərlərinin əsas məqsədi kimi təmas xəttində və dövlət sərhədindəki mövcud vəziyyətin qiymətləndirilməsini, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında martın 29-da, xarici işlər nazirləri səviyyəsində isə aprelin 15-də aparılan müzakirələrin davam etdirilməsini göstərirlər.

«Xahişə uyğun olaraq, həmsədrlər münaqişənin həlli əsnasında sonrakı addımlarla, o cümlədən humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı təkliflərini açıqlayıblar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin yaxın vaxtlarda onların himayəsində görüşmək təklifini qəbul ediblər və görüşün təfərrüatı barədə uyğun vaxtda məlumat veriləcək», - bəyanatda qeyd edilir.

Eyni zamanda, sənəddə təmas xəttindəki son insan tələfatından dərin narahatlıq ifadə olunub, tərəflər gərginliyin daha da artmaması naminə maksimum təmkinli olmağa çağırılıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 27-də regiona səfərə gəlib. Mayın 27-də Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zohrab Mnatsakanyan və müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin, mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olublar, rəsmi Bakının separatçı saydığı və tanımadığı idarəçiliyin rəhbəri Bako Saakyanla görüşüblər.

Həmsədrlər mayın 30-da Bakıya gəlib və bir sıra görüşlər keçirib. Prezident İlham Əliyev və başqaları ilə görüşlərdə münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. Bu münaqişə ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə durub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs razılaşması olsa da, hələ də tez-tez təmas xəttində atəş səslərinin eşidildiyi bildirilir. Buna görə tərəflər, bir qayda olaraq, bir-birlərini ittiham edirlər.

Elə mayın 30-da rəsmi Bakının bildirməsinə görə, təmas xəttində qarşı tərəfdən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov həlak olub.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG