Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:06

'Açılışdan sonra başlanan təmir'-Media icmalı


Tikinti
Tikinti

ABŞ prezidentinin məktubları, bəzi yeni açılan obyektlərin təmirə dayanmasının səbəbləri, sərbəst toplaşmaq azadlığı və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

«Xərclənən vəsaitin şəffaflığı...»

Yenisabah.az saytında «Açılışdan sonra başlayan təmir: Bu, birinci dəfə deyil...» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu il mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı olub, amma yeni istifadəyə verilməsinə baxmayaraq, bir neçə gün sonra onun platformasında müəyyən problemlər üzə çıxıb.

Müəllif vurğulayır ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının təmirlə bağlı mayın 31-də, iyunun 1-i və 2-də işləməyəcəyi barədə məlumat yayıb: «Bu kimi hallar dəfələrlə yaşanıb. Bəzən böyük layihələr həyata keçirilib, təntənəli açılışla istifadəyə verilsə də, bir neçə gün sonra hansısa problemlər olduğu, təmirə dayandığı haqda məlumatlar yayılıb».

İqtisadçı Natiq Cəfərli sayta açıqlamasında büdcə hesabına görülən işlərin keyfiyyətində problemlər olduğunu vurğulayıb: «Çox zaman öncədən açılış günü elan olunur və bu, ölkə başçısına bildirilir. Sonra həmin günə çatdırılması üçün keyfiyyətsiz də olsa, işlərin tez görülməsinə çalışılır. Bu da nəticə olaraq problemlərin yaşanması ilə müşahidə olunur. Yəni bu, birinci dəfə deyil və sonuncu da olmayacaq».

Onun fikrincə, büdcə vəsaiti hesabına görülən işlərin monitorinqi, xərclənən vəsaitin şəffaflığı, görülən işin keyfiyyəti Azərbaycanda həmişə ciddi problemlər olub. N.Cəfərliyə görə, Hesablama Palatası bu işlərdə ən səlahiyyətli qurumdur: «Bu qurumun büdcədən ayrılan vəsaitin detallı şəkildə yoxlanması və arayışların verilməsi üçün səlahiyyəti var. Amma çox təəssüf ki, hansısa səbəblərdən Hesablama Palatası öz işini doğru-dürüst yerinə yetirə bilmir...».

Yazıda səslənən bu tənqidi fikirlərə «Azərbaycan Dəmir Yolları» QÇS və Hesablama Palatasından münasibət almaq mümkün olmayıb.

Q.Əlibəyli
Q.Əlibəyli

Mitinqlərə niyə icazə verilmir?

«Yeni Müsavat» qəzetində «Meriyanın mitinqlə bağlı 16-cı qərarı nə olacaq?» sərlövhəli yazı yer alır.

Müəllif kütləvi aksiyalara razılıq məsələsini Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə müzakirə edib.

«Azərbaycanda mitinq qadağaları davam edir. Bu ilin yanvarından başlayaraq ən müxalif qurumlar tərəfindən 15 mitinq müraciəti edilib və bunların hər birinə Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verib. Sonuncu icazəli aksiya bu il yanvarın 19-da Milli Şura tərəfindən keçirilib», - müəllif Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı ölkədəki mövcud vəziyyəti belə təsvir edir.

Yazıda qeyd edilir ki, mövcud vəziyyətin payıza qədər davam edəcəyi yönündə ehtimallar var: «Səbəb kimi də hakimiyyətin qışa qədər parlament seçkilərinə gedəcəyi, yaxud da Avropa İttifaqı ilə məlum əməkdaşlıq sazişini imzalayacağı göstərilir. Ölkədəki sabitliyin pozulmaması, təhlükəsizliyin qorunması üçün hökumətin indiki şəraitdə aksiyaları məqsədəuyğun saymadığını düşünənlər də az deyil».

Aydınlar Partiyasının sədri Q.Əlibəyli mövzu ilə bağlı belə düşünür: «Mitinqlərə icazə verilməməsi Azərbaycan hakimiyyətinin qeyri-demokratik ənənələrini davam etdirməsinin nəticələrindən biridir. Mitinqlər azsaylı və ya çoxsaylı insanın iştirak etməsindən asılı olmayaraq, əhalinin müəyyən qrupunun öz fikirlərini ifadə etmə formasıdır. Aksiyalara icazə verilməməsinin səbəblərinə gəlincə, bunun izahını hakimiyyətdə olanlar daha yaxşı verə bilərlər. Amma hesab edirəm ki, 19 yanvar mitinqinin (Milli Şuranın mitinqi-A.R) nəticələri iqtidar üçün ola bilsin, gözlənilməz olub. Bunun da nəticəsində iqtidar sonrakı mərhələlərdə bu gözlənilməzliyi nəzərə almağa başladı...».

Q.Əlibəyli hakimiyyətin mitinqlərdə təxribat ola biləcəyindən ehtiyatlandığını da istisna etmir...

İ.Əliyev və D.Tramp
İ.Əliyev və D.Tramp

«Donald Trampdan İlham Əliyevə dəstək»

«Azərbaycan» qəzetində «Donald Trampdan İlham Əliyevə növbəti dəstək» sərlövhəli yazıda ABŞ prezidentinin Azərbaycan prezidentinə son bir həftədə iki məktub ünvanlaması dəyərləndirilir.

Müəllifə görə, ABŞ prezidentinin 28 May Respublika Günü və mayın 29-da XXVI Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı dövlət başçısı İ.Əliyevə ünvanladığı iki təbrik məktubu Azərbaycanın yüksək nüfuzunun göstəricisidir.

«Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. «Cənub qaz dəhlizi» (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur-A.R) daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir. Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolunu oynaya bilər», - yazıda ikinci məktubdan bir parçanı müəllif təqdim edib.

Yazıda vurğulanır ki, ABŞ prezidentinin növbəti məktubunda yer alan fikirlər Azərbaycanın inkişafını, beynəlxalq enerji məsələlərindəki aparıcı mövqeyini və ölkənin bu sahədəki liderliyini dünyanın fövqəldövlətinin rəhbərliyinin dəyərləndirməsidir.

Yazının sonunda isə oxuyuruq: «ABŞ Prezidentinin Azərbaycana strateji tərəfdaşlıq prizmasından yanaşması respublikamızın bölgədəki üstün mövqeyini göstərir. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanmasının və qəbul edilməsinin əyani təsdiqidir».

XS
SM
MD
LG