Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:41

Netanyahu hökuməti qura bilmədi


Benjamin Netanyahu
Benjamin Netanyahu

Mayın 30-da İsraildə deputatlar parlamentin buraxılmasına səs veriblər. Baş nazir Benjamin Netanyahu koalisiya hökuməti qura bilmədiyindən yeni parlament seçkisi keçiriləcək.

Netanyahu sentyabrın 17-də yeni səsvermə keçirilməsinə üstünlük verib. Buna alternativ olaraq, Prezident Reuven Rivlin başqa bir siyasətçidən hakim koalisiyanı formalaşdırmağı xahiş edə bilərdi.

9 aprel seçkisində Netanyahu-nun sağ-qanad Likud partiyası daha çox səs yığmışdı.

“Biz qalib gələcəyik”, – o deyib.

Trump-ın planı da ertələnir

“Reuters” təkrar seçkinin döyüşkən liderə zərbə olduğunu yazır. O, son on ildə hakimiyyətdə olub, ancaq üç korrupsiya işi çərçivəsində ona ittihamlar irəli sürülüb.

Avigdor Lieberman
Avigdor Lieberman

Netanyahu-nun mümkün müttəfiqləri – keçmiş müdafiə naziri Avigdor Lieberman və ultra-pravoslav yəhudi partiyaları arasında hərbi çağırışla bağlı narazılıq yaranması durumu qarışdırıb.

Həmin partiyalar gənc ruhanilərin məcburi hərbi xidmətdən azad olunmasını istəyir. Lieberman və bir çox israillilər isə onların da bu yükü daşımalı olduğunu düşünür.

42 gün ərzində hökuməti formalaşdıra bilməyən Netanyahu kənara çəkilmək əvəzinə Knesset-in buraxılmasına nail olub, Lieberman-ı onu devirməyə çalışmaqda ittiham edib. Lieberman ittihamı rədd edib.

Yeni seçki, sonradan koalisiya qurulması noyabradək çəkə bilər. Bu isə Birləşmiş Ştatların İsrail-Fələstin münaqişəsinin həlli üzrə planının daha da yubanması deməkdir.

Fələstinlilər Trump-ın “əsrin sazişi” adlandırdığı planı rədd ediblər, onu özlərinin dövlətçilik ümidlərinə zərbə sayıblar.

“İndi bu, artıq gələn əsrin sazişidir”, – Fələstin danışıqlarda əsas təmsilçisi Saeb Erekat yeni seçki təyin olunandan sonra İsrail radiosuna deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG