Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 18:33

Prezident həmsədrləri qəbul edib


Görüş

Bu gün, mayın 30-da Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Onlar Stefan Viskonti ( Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikdir.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri bundan əvvəl Ermənistan paytaxtı Yerevanda olublar. Mayın 27-də onları Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib.

AzadlıqRadiosunun erməni xidməti bu ölkənin baş nazirinin mətbuat xidmətinə istinadən yazıb ki, onlar Qarabağ münaqişəsinin tənzimlənməsi, sülhə əlverişli atmosferin yaradılması məsələlərini müzakirə ediblər.

Məlumatda yazılıb ki, həmsədrlər Vyana zirvə görüşündə əldə olunmuş razılaşmalara əməl edilməsinin, atəşkəs rejiminin saxlanmasının və eskalasiyaya səbəb olacaq hərəkətlərdən çəkinməyin zəruriliyini vurğulayıblar.

Bu da qeyd olunur ki, tərəflər humanitar sahədə mümkün addımların reallaşdırılması, insanlar arasında təmasların aktivləşdirilməsi yollarını müzakirə ediblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri habelə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüblər.

Vyanada Azərbaycan prezidenti İ.Əliyevlə Ermənistanın baş naziri N.Paşinyanın görüşü bu il martın 29-da keçirilib. Həmin görüşdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda sülh prosesinin irəli aparılmasından ötrü münbit şəraitin yaradılmasının vacibliyi vurğulanırdı. Bəyanatda, eyni zamanda, atəşkəsin gücləndirilməsi məsələsi də öz əksini tapırdı.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG