Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:42

Rusiyada etirazlar ‘yeni forma alır’ – Qərb mediası


Yekaterinburqda etiraz
Yekaterinburqda etiraz

Vaxtilə küçələrə çıxmağın mümkün fəsadlarından çəkinən rusiyalılar indi qeyri-siyasi və yerli məsələlərə daha fəal etiraz edirlər. Zorla bu etirazları yatırda bilməyən rəsmilər isə güzəştə getməyə, hətta bəzən etirazçıların tələblərini yerinə yetirməyə məcbur qalırlar. “Karnegi” fondunun saytında Andrey Pertsev etirazçıların daha da radikallaşacağını, sonucda açıq siyasi tələblər ortaya qoymağa da cürətlənəcəyini vurğulayır.

Məqalədə Rusiyada yürüş və etirazların daha fövqəladə bir hadisə sayılmadığı qeyd olunur. Etirazçılar təzyiqə boyun əymirlər, ətraf mühit, yaxud kilsə tikintisi kimi qeyri-siyasi məsələlərdən dolayı küçələrə çıxırlar. Məsələn, ötən həftə Yekaterinburqda davamlı etirazlardan sonra kilsə tikintisi dayandırıldı. Yaxud bir ay öncə Arxangelskin mərkəzi küçəsinə çıxan minlərlə adam zibilxana tikintisinə etiraz səsini ucaltdı. Bir çox hallarda etirazçılar təhlükəsizlik qüvvələri ilə qarşıdurmadan belə çəkinmirlər.

Arxangelskdə etiraz
Arxangelskdə etiraz

“Kiçik şəhərlərdə küçələrə çıxmaq daha risklidir, saxlanmaq, işini itirmək, məktəb, yaxud universitetdən qovulmaq təhlükəsi var. Rusiyanın kisik şəhərlərində sirr yoxdur, amma etirazçıların da daha vecinə deyil”, – yazan müəllif hökumətin ölkədə demək olar, hər bir yaş və sosial qrupu məyus etməyi bacardığını vurğulayır.

“Rusiyalıları birləşdirməyə və küçələrə çıxmağa simvolik səbəb lazımdır. Ancaq etiraza simvolik səbəb ümumi narazılıq teştini daşdıran son damladır... İndilik, etirazçılar qeyri-siyasi məsələlərə fokuslanırlar, açıq siyasi tələblər irəli sürmürlər”, – məqalədə deyilir.

“Federal hökumət isə bu simvolik səbəbləri ölkədə itaətsizliyin əsl təkanverici qüvvəsi kimi qəbul edərək enerjisini onların həllinə yönəldir... Rusiyalıların ümumi narazılığı dərk edilmir, Moskvaya isə güzəştlərin etirazları yatırdacağını düşünmək sərf edir. Bütün bunlar gərginliyi yalnız müvəqqəti azalda bilər; rusiyalılar getdikcə daha da cəsarətlənəcəklər”, – müəllif yazır.

AB-ni Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına çağırırlar

Mayın 29-da Avropa Komissiyası AB-ni Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına dərhal başlamağa çağırıb, onların Brüsselin tələb etdiyi islahatları yerinə yetirdiyini bildirib.

Johannes Hahn Albaniyada, arxiv fotosu
Johannes Hahn Albaniyada, arxiv fotosu

Bu iki Balkan ölkəsi Avropa Birliyinə üzv olmağa can atır. Ancaq ictimai rəy və blokdakı siyasətçilər, özəlliklə də Fransa yeni üzvlərin qəbuluna qarşı çıxdığından proses dayanıb.

Tirana lap səbirsiz davranır. Baş nazir Edi Rama ötən ay “Frans Pres”ə bildirib ki, yubanma Balkan ölkələrini incidir və regionda gərginliyi qızışdıra bilər.

Ötən il AB-nin 28 üzvü hər iki ölkəylə üzvlük danışıqlarının bu ilin iyununda başladılmasına razılaşıb. Çünki bu iki ölkə özəlliklə cinayətkarlıq və korrupsiya ilə mübarizədə irəliləyiş əldə ediblər.

AB-nin genişlənmə komissarı Johannes Hahn deyib ki, həm Albaniya, həm də Şimali Makedoniya böyük addımlar atıblar və Avropa Şurası da bunu cavabsız qoymamalıdır.

“Etibarlılığını qorumaqdan ötrü AB öhdəliklərinə əməl etməli, ölkələr öhdəlikləri yerinə yetirincə buna aydın və müsbət cavab verməlidir”, – komissar vurğulayıb.

Şimali Koreya lideri Kim Jong Un hərbi təlimə nəzarət edir, arxiv fotosu
Şimali Koreya lideri Kim Jong Un hərbi təlimə nəzarət edir, arxiv fotosu

Şimali koreyalılar dolanmaqdan ötrü rüşvət verirlər

Şimali koreyalılar təcrid olunmuş ölkələrində sağ qalmaqdan ötrü rəsmilərə rüşvət verməyə məcburdurlar. Bu ölkədə korrupsiya və repressiya kök salıb. Bunu BMT-nin insan haqları idarəsi bu həftə açıqladığı hesabatında bildirib. Pxenyan isə deyilənləri siyasi motivli sayır.

Hesabatda qeyd olunur ki, rəsmilər dolanmağa çalışan əhalidən pul qoparırlar, xüsusilə qeyri-rəsmi çalışanları saxlanma və təqiblə hədələyirlər.

Şimali Koreya isə hesabatı “pis məqsədli, siyasi motivli” adlandırıb.

“Belə hesabatlar uydurmadan başqa bir şey deyil...” – Şimali Koreyanın cenevrədəki missiyası “Reuters”ə bildirib.

Pxenyan ölkədəki humanitar duruma görə BMT-nin sanksiyalarını günahlandırır. Sanksiyalar 2006-cı ildən bəri, Şimali Koreyanın nüvə və ballistik raket proqramlarına görə qoyulub.

“Ərzaq, səhiyyə, sığınacaq, iş, hərəkət azadlığı və azadlıq universal və ayrılmaz hüquqlardır, ancaq Şimali Koreyada bu hüquqlar adamların dövlət rəsmilərinə rüşvət vermək bacarığından asılıdır”, – BMT-nin İnsan haqları üzrə ali komissarı Michelle Bachelet deyib.

BMT-nin hesablamasına görə, hazırda hər 10 şimali koreyalıdan biri, yaxud 10,1 milyon nəfər xroniki ərzaq çatışmazlığı ilə üzləşir, son on ilin ən pis məhsul yığımndan dolayı durumun daha da ağırlaşacağı gözlənir.

XS
SM
MD
LG