Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Rusiyada miqrant qıtlığı – Qərb mediası


Rusiyada miqrant fəhlə, arxiv fotosu
Rusiyada miqrant fəhlə, arxiv fotosu

Rusiyaya təmiz miqrasiyada azalma ölkənin demoqrafik durumunu daha da çətinləşdirə və iqtisadiyyata ciddi təhdid yarada bilər. Bunu “Stratfor” araşdırmalar mərkəzi yazır.

Gənc və təhsilli rusiyalılar ölkədən axın edir. Üstəlik, miqrasiyadakı mövcud tendensiyalar ölkədəki demoqrafik boşluqları doldurmaqdan ötrü hədəf ölkələrdən işçi cəlb etməkdə çətinliklərin qalacağını göstərir.

Rusiyanın dövlət statistika xidməti olan Rosstat-ın məlumatına görə, ötən il Rusiyadan gedənlər və gələnlər ölkə əhalisinin sayında 124 min 900 nəfərlik artım yaradıb. Bu düşüş həm gələnlərin sayındakı azalma, həm də gedənlərin artmasıyla bağlıdır. 2005-ci ildən bəri ilk dəfədir ki, Rusiyaya təmiz miqrasiyada artım bu səviyyəyə düşür.

Volqoqradda miqrantlara qarşı reyd
Volqoqradda miqrantlara qarşı reyd

“Ola bilsin, vətəndaşlar ölkəni göstəriləndən də artıq sayda tərk etməkdədir. Ancaq Rosstat-ın son rəqəmləri ölkənin ilə 300 min nəfərlik təmiz miqrasiyaya nail olmaqda çətinlik yaşadığını üzə çıxarır. Axı, bu rəqəm sıfır artımı olan əhalini saxlamaqdan ötrü vacibdir. Moskva bu hədəfə nail olmasa, nəinki işçi qüvvəsi azalacaq, əhalinin azalması da gözləntilərdən daha sürətlə gedəcək”, – mərkəz bildirir.

Digər tərəfdən, Rusiyada demoqrafik çöküş Moskvanın öz iqtisadi və təhlükəsizlik hədəflərinə çatması yönündə əngəldir. Əhali azalarsa, Rusiyanın xaricdə gücünü sərgiləmək bacarığı azala bilər, etnik və dini təzyiqlər ölkədə daxili sabitsizlik yaradar. Sonucda isə əhali çatışmazlığı Moskvanın iqtisadi və hərbi gücünü saxlamaq bacarığına mühüm, uzunmüddətli məhdudiyyətlər qoya bilər.

Fiat Chrysler Renault ilə birləşmək istəyir

Fiat Chrysler bazar ertəsi Fransanın Renault şirkətinə birləşərək dünyanın üçüncü böyük avtomobil istehsalçısına çevrilməyi təklif edib. 40 milyard dəyəri olacaq bu birləşmə elektromobil və robot avtomobil hazırlanmasında qüvvələrin birləşdirilməsi deməkdir.

Fiat Chrysler işçiləri Serbiyada tətil edir
Fiat Chrysler işçiləri Serbiyada tətil edir

“The Associated Press” agentliyi yazır ki, bu birgə şirkət qlobal sənayenin formasını da dəyişə bilər: ildə 8,7 milyon maşın buraxaraq General Motors-dan önə çıxa, yalnız Volkswagen və Toyota-dan geri qala bilər.

Birləşmə təklifi ilə bağlı xəbər yayılan kimi hər iki şirkətin səhmləri bahalanıb.

Renault bu “dostcasına” təklifi alqışlayıb. Şirkətin idarə heyəti bazar ertəsi Parisdəki qərargahda görüşüb və daha sonra bildirib ki, təklif “maraqla” öyrəniləcək.

Fiat Chrysler-in təklifi Renaul üçün həlledici məqamda ortaya çıxıb. Belə ki, bu şirkət Nissan ilə tam birləşmək istəyirdi, ancaq Nissan rəhbəri Carlos Ghosn Yaponiyada maliyyə ittihamları ilə saxlanandan sonra bu plan da ertələndi.

Everestdə qaydalar ‘sərtləşdirilsin’

Everest zirvəsindəki tıxacdan salamat çıxan Ameesha Chauhan hazırda xəstəxanada donvurmadan müalicə alır. O, “Frans Pres” agentliyinə deyib ki, təməl bacarıqları olmayan alpinistlərin bu zirvəyə buraxılmasının qarşısı alınmalıdır.

Everestdə növbə
Everestdə növbə

Pis hava şəraiti üzündən bu il Everestdə 10 nəfər həlak olub. Alpinistlər zirvəyə çıxmaqdan ötrü uzun növbələrə durublar, oksigen çatışmazlığı ilə üzləşiblər.

Bu mövsümdə Nepal Everestə qalxmağa rekord sayda, 381 nəfərə icazə verib. Chauhan deyib ki, yüzlərlə alpinist yetərincə təlim görməyib,“həm özlərinin, həm də bələdçilərin həyatına risk yaradırlar”.

29 yaşlı hindistanlı 8 min 848 metrlik zirvədən enməkdən ötrü 20 dəqiqə gözləməli olub, qalanları saatlarla yubanıb.

“Bəzi alpinistlərin təməl bacarıqları yox idi, bələdçilərdən asılı idilər. Hökumət kvalifikasiya kriteriyalarına baxmalıdır”, – o, Katmandudakı xəstəxanada agentliyin əməkdaşına danışıb. Müxbir alpinistin sol ayağının barmaqlarının hamısının qara və göy rəngdə, üzünün isə havadan gömgöy olduğunu yazır.

“Everestə qalxmağa yalnız təlim görmüş alpinistlərə icazə verilməlidir”, – o, sözlərinə əlavə edib.

Himalay dağının digər 8 min metrlik zirvələrində isə 9 alpinistin həlak olduğu, birinin itkin düşdüyü xəbər verilir.

XS
SM
MD
LG