Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Huawei rəhbəri Apple şirkətinə sanksiyalara qarşıdır – Qərb mediası


Apple vs Huawei
Apple vs Huawei

Çinin Huawei Technologies telekommunikasiya şirkətinin rəhbəri Ren Zhengfei ABŞ-ın Apple şirkətinə Çin Xalq Respublikasında mümkün sanksiyalara qarşı çıxıb. O, “Bloomberg” agentliyinə müsahibəsində bu haqda danışıb.

Zhengfei deyib ki, Apple şirkətini “öz müəllimi” və bazarın mütləq lideri hesab edir. “Müəllimimə qarşı çıxa bilərəmmi? Heç vaxt”, – o deyib.

Şirkət rəhbəri ABŞ sanksiyalarının Huawei-yə əngəl yaradacağını deyib, ancaq smartfonlar və 5G bazarında liderliyini saxlamaqdan ötrü yolların tapılacağını vurğulayıb.

Ren Zhengfei
Ren Zhengfei

ABŞ Prezidenti Donald Trump mayın 15-də imzaladığı fərmanla amerikan şirkətlərinin milli təhlükəsizliyə hədə yaradan firmaların hazırladığı telekommunikasiya avadanlığından istifadəsini yasaqlayır. Huawei də həmin siyahıda yer alıb. Qara siyahıya düşmüş şirkətlər ABŞ-da istehsal olunmuş komponentləri, avadanlığı və proqram təminatını hökumətin icazəsi olmadan ala bilməz. Mayın 21-də ABŞ hakimiyyəti belə bir icazəni 90 günlüyə verib.

Huawei dünyada ən böyük telekommunikasiya avadanlığı istehsalçısıdır. Dünyada isə smartfon istehsalına görə ikinci yeri tutur, ancaq 30 faiz ABŞ elektronikasından asılıdır.

Nigel Farage Breksit danışıqlarında yer tələb edir

Britaniyalı siyasətçi Nigel Farage-nın yeni partiyası Avropa Parlamentinə seçkilərdə qələbə qazanıb və ölkənin AB-dən çıxması üzrə Breksit danışıqlarında yer tələb edib. O, yer almasa, Britaniya siyasətini altını üstünə çevirəcəyini deyib. Bu haqda “Reuters” agentliyi yazır.

Nigel Farage
Nigel Farage

55 yaşlı Farage-nin qələbəsi Baş nazir Theresa May-in Britaniyanı Avropa Birliyindən çıxara bilməməsindən doğan qəzəbdən qaynaqlanır. May ötən həftə Mühafizəkarlar Partiyası liderliyindən istefa verəcəyini açıqladı.

“Biz indi komandanın bir hissəsi olmalıyıq, bu, tamamilə aydındır”, – Breksit Partiyasının lideri Farage agentliyə deyib.

Britaniyanın AB-dən çıxması qarşılıqlı razılaşma əldə olunmadığı üçün hələ ki, baş tutmayıb. Farage deyib ki, Britaniya AB-nin qoyduğu tarixə – oktyabrın 31-dək birlikdən çıxmalıdır. O, birliyi sazişsiz tərk etmək tərəfdarı olduğunu bildirib.

“Həmin gün çıxmasaq, növbəti seçkidə Breksit Partiyasından belə bir sürpriz gözləyə bilərsiniz”, – o vurğulayıb.

“Reuters” yazır ki, Britaniyanın heç bir lideri Farage-nı AB-dən ayrılmaq danışıqlarına yaxın buraxan deyil. Ancaq onun həm Mühafizəkarlar, həm də Leyboristlər partiyalarında Breksit tərəfdarlarını cəlb etmək bacarığı özünü təsdiqləyib. Bu da May-i əvəzləməyə çalışan aparıcı Mühafizəkarları AB-dən daha qətiyyətli ayrılmaya getməli olduqlarına inandıra bilər.

Dünyada xərçəng, infoqrafika
Dünyada xərçəng, infoqrafika

Amerikalı alimlər xərçəngin peyvəndini hazırladıqlarını deyirlər

ABŞ-ın Jefferson və Thomas Jefferson universitetlərinin alimləri yoğun bağırsaq xərçənginə qarşı “peyvənd” hazırladıqlarını deyirlər. Bu haqda “Current time” yazır.

Yoğun bağırsaq xərçəngi dünyada xərçəng diaqnozları içində üçüncü yerdədir. 2018-ci ildə 1,8 milyon yeni diaqnoz qoyulub.

Alimlərin iddiasına görə, onların hazırladığı peyvənd xəstə adamın immunitetini xərçəng hüceyrələrini aşkarlayaq məhv etməyə yönəldəcək.

Klinik eksperiment dövrünə yoğun bağırsaq xərçənginin 1-ci və 2-ci mərhələsində olan on 40-80 yaşlı pasiyent cəlb olunub. Hər iştirakçıya bir dəfə peyvənd vurulub. Xəstələrin hamısında yoğun və düz bağırsaqda yenitörəmələr cərrahi yolla götürülüb. Onlardan heç biri kimya-şüa terapiyası almayıb.

Altı ay ərzində alimlər üç dəfə qanın immunoloji analizini aparıblar.

Alimlər nəticələrdən belə qənaətə gəliblər ki, eksperimental peyvənd adamın immun sisteminin GUCY2C molekuluna “yönəlməyə” kömək edir. Bu molekul xərçəng hüceyrələrinin antigenidir, yəni “killer T-hüceyrələri” aktivləşdirir, bunlar da öz növbəsində bədxassəli xərçəng hüceyrələrini məhv edir.

Xəstələrin heç birində peyvənd hansısa ciddi fəsad, ağırlaşma törətməyib.

XS
SM
MD
LG