Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

'İntriqalardan başqa heç nəyə yaramayan vəzifə tutanlar'-Media icmalı


Tələbələr
Tələbələr

Diplomuna uyğun işləməyənlər, islahatlar və onun həyata keçirilməsində kadrların rolu medianın aparıcı mövzularındandır...

«Təhsil haqqı qəbzinin ödənişi»

Modern.az saytında «Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? – problem» sərlövhəli yazı diqqət çəkir.

Müəllif başlığa çıxarılan mövzunu sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib.

Yazıda bildirilir ki, ətrafda kifayət qədər ali məktəbləri bitirsə də, diplomuna uyğun işlə məşğul olmayan insanlar var.

Sosioloq Ə.Qəşəmoğlu mövzu ilə bağlı sayta bunları deyib: «Mən ali məktəblərdəki dərs proseslərindən xəbərdaram. Mən tez-tez deyirəm ki, bizim ali məktəblərdə təəssüf ki, təhsil arzu olunan səviyyədə deyil, yəni ali məktəblərin bir çoxunun verdiyi diplom ali savad diplomu deyil, bu, təhsil haqqı qəbzinin ödənişidir».

Ə.Qəşəmoğlu hesab edir ki, bunun səbəblərindən biri abituriyentlərin test üsulu ilə qəbul olunmaları və bir çoxunun da arzu etmədiyi ixtisasa yiyələnməsidir.

Sosioloq əlavə edib ki, hətta bəzi tələbələr düşünür ki, oxumaqla iş tapmayacaq: «Onların əksəriyyəti deyir ki, oxumaqla nə olacaq ki? Yəni tələbələrin bəziləri bu fikirdədir ki, işə düzəlmək tək oxumaqla olmur».

Ə.Qəşəmoğlunun deməsinə görə, dövlət strukturu elə qurulub ki, həm yüksək savad, həm də qabiliyyətli olanlar işə götürülür: «Əlavə olaraq onu da deyim ki, tələbələrdə belə bir fikir formalaşıb ki, savad, qabiliyyət olsa belə, onlar bəzi işlərə girə bilməzlər, bu da onlarda ruh düşkünlüyü yardır. Buna görə də gənclər universitetlərdə verilən təhsili önəmli saymırlar».

Q.Həsənquliyev
Q.Həsənquliyev

«Cərrahın işi sınıqçıya tapşırılanda...»

Azpolitika.info saytında «Prezidentin xarizmasını dağıtmaq üçün…-iqtidar komandasına şok ittiham» sərlövhəli yazı oxumaq olar.

«Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var».

Saytın məlumatına görə, bu açıqlama ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev çıxış edib.

Q.Həsənquliyev 28 May-Respublika Günü münasibətilə ABŞ prezidenti Donald Trampın prezident İlham Əliyevə təbrikini dəyərləndirərkən ölkədəki islahatlara və iqtidar komandasındakı kadrlara da münasibət bildirib. Q.Həsənquliyev hesab edir ki, bu təbriklə ABŞ Azərbaycanda başlanan islahatlara dəstəyini ifadə edib: «Əvvəllər də bir neçə dəfə söyləmişəm ki, xaricdən ölkəmizdə bazar iqtisadiyyatının mexanizmlərini yarada bilən mütəxəssislər cəlb edə bilərik. Bəzi diletantlar söyləyir ki, əsas prezidentin siyasi iradəsidir, əgər islahatlar başladılıbsa, bu, iqtisadiyyatın inkişafına mütləq öz müsbət təsirini göstərəcək. Bu, kökündən yanlış yanaşmadır».

Onun fikrincə, islahatlar barədə prezidentin tapşırıqları nəzərdə tutulduğu kimi yerinə yetirilməsə, ölkə defolt vəziyyətinə də düşə bilər: «İstedadı, həm də bununla yanaşı, mədəniyyəti olan idmançılar, incəsənət xadimləri səhnədən getmələrinin zəruriliyini başa düşəndə, tamaşaçıların onları fitə basmasını gözləmədən bu addımı atırlar. Bu yanaşma siyasət adamları üçün də keçərlidir».

Q.Həsənquliyev iddia edib ki, Azərbaycan siyasi hakimiyyətində belə addım atmalı olan çoxlu insanlar var: «Amma onlar prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində. Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan, çoxlu strateji vəzifələri tutan adamlar var».

Deputatin fikrincə, belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaqdan ötrü islahatlara ciddi dəstək verə biləcək adamları prezidentdən incik salmağa çalışırlar: «Onun xarizmasını dağıtmaq, beynəlxalq nüfuzunu zədələmək və destruktiv qüvvələrin güclənməsi üçün hər cür oyunbazlıqdan çıxırlar».

Q.Həsənquliyev hesab edir ki, islahatların uğurla davam etdirilməsi birbaşa kadr islahatlarına bağlıdır: «Travmatoloq cərrahın görməli olduğu iş sınıqçıya tapşırılanda xəstə ən yaxşı halda şikəst olacaq…».

İ.Əliyev Sumqayıt Sənaye Parkında
İ.Əliyev Sumqayıt Sənaye Parkında

«İslahatlar yüksək sosial rifahın təminatıdır»

«Azərbaycan» qəzetində «Davamlı islahatlar yüksək sosial rifahın təminatıdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ölkənin sosial-iqtisadi sferasında köklü və sistemli dəyişikliklərə başlanılıb. Yazıda vurğulandığına görə, həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır: «Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir».

Müəllifin fikrincə, prezident İlham Əliyevin strateji xəttinə uyğun olaraq həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyasəti nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü yeni sənaye müəssisəsi yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixracın həcmi yüksəlir.

Yazıda bu il mayın 16-da Pirallahı Sənaye Parkında «Diamed» şpris istehsalı zavodunun açılışında dövlət başçısı İlham Əliyevin çıxışına istinadən qeyd edilir ki, bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub.

Yazının sonunda isə oxuyuruq: «Bütün bunlar isə əyani şəkildə göstərir ki, Cənubi Qafqazın lider ölkəsi iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə də dünya ölkələri arasında öncül yerlərdən birini tutur».

XS
SM
MD
LG