Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:07

İran nüvə silahı əldə etməyə çalışmadığını deyir


Mohammad Javad Zarif

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, Tehran nüvə silahı əldə etməyə çalışmır.

Zarifin mayın 27-də verdiyi bu bəyanatdan az əvvəl ABŞ prezidenti Donald Trump demişdi ki, Vaşinqton İranda rejim dəyişikliyinə cəhd etmir, lakin İranın nüvə silahı istehsal etməyəcəyindən əmin olmaq istəyir.

Zarif Twitter-də yazır ki, “biz nüvə silahları əldə etməyə çalışmırıq”. O əlavə edir ki, ali rəhbər ayətüllah Ali Khamenei nüvə silahlarını “qadağan edən” fətva verib.

Zarif bildirib ki, ABŞ-ın “iqtisadi terroru İran xalqına iztirab verir və regionda gərginliyə səbəb olur”.

Trump: ABŞ-a nüvə silahsız İran lazımdır

Birləşmiş Ştatlar İranda rejimi dəyişməyə çalışmır. Bunu Yaponiyaya səfəri zamanı Prezident Donald Trump deyib.

“Biz rejimi dəyişməyə çalışmırıq, biz nüvə silahları istəmirik”, – Baş nazir Shinzo Abe ilə danışıqlardan sonra danışan Trump deyib ki, Tehranla “razılaşma əldə olunacağını” düşünür.

Donald Trump (solda) və Shinzo Abe
Donald Trump (solda) və Shinzo Abe

Trump İranla nüvə sazişindən çıxmasını bu sənədin Tehranın raket proqramını əhatələməməsi, İranın Yaxın Şərqdə yaraqlıları dəstəkləməsi ilə izah edib.

İran isə bu deyilənləri rədd edir, nüvə proqramının sırf dinc məqsədli olduğunu deyir.

İran liderləri Birləşmiş Ştatlarla hər hansı danışıqları rədd edir, Vaşinqtonu bu ölkədə rejimi dəyişməyə çalışmaqda suçlayır.

Donald Trump İmperator Naruhito ilə görüşdə
Donald Trump İmperator Naruhito ilə görüşdə

Trump və Abe ticari məsələləri, Yaponiyanın Şimali Koreyanın nüvə və raket proqramları sarıdan narahatlığını da müzakirə ediblər.

Trump deyib ki, Pxenyanın bu ay apardığı yaxınmənzilli raket sınaqları onu “şəxsən narahat eləmir”.

Abe isə bu fikirlə razılaşmayıb, raket sınaqlarının BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu, “böyük təəssüf” yaratdığını deyib.

Fevralda Hanoyda keçirilən sammitdə Trump ilə Şimali Koreya lideri Kim Jong Un arasında danışıqlarda Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi üzrə nəticə əldə olunmayıb.

Trump Abe ilə görüşdüyü müddətdə isə Şimali Koreyanın Xarici İşlər Nazirliyi Ağ evin milli təhlükəsizlik müşaviri John Boltonu “müharibə baiskarı” adlandırıb. Bolton Şimali Koreyanın bu yaxınlarda apardığı sınaq raketini BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması adlandırmışdı.

Trump Yaponiyanın mayın 1-dən taxta çıxmış yeni imperatoru ilə görüşən ilk xarici ölkə başçısı olub. İmperator Naruhito və imperatriçə Masako ABŞ Prezidenti və həyat yoldaşı Melania Trump-ı Tokio İmperiya Sarayında qarşılayıblar.

***

Trump Yaponiya səfərində nədən danışıb

ABŞ Prezidenti Donald Trump Yaponiyaya səfəri zamanı Baş nazir Shinzo Abe ilə görüşündə Şimali Koreya və İranı müzakirə edib.

Mayın 27-də keçirilən danışıqların əvvəlində Trump Yaponiyanın Şimali Koreyanın nüvə və raket proqramları sarıdan narahatlığına toxunub.

Trump deyib ki, Birləşmiş Ştatlarla Şimali Koreya arasında “böyük sayqı” var, Pxenyanın son raket sınaqlarına rəğmən, “çoxlu yaxşı şeylər” gözləyir.

Görüşdən sonra birgə mətbuat konfransında Trump deyib ki, Abe ilə Tehranla Vaşinqton arasındakı gərginlikdən də danışıblar. Trump Birləşmiş Ştatları İranla nüvə sazişindən çıxarandan, sanksiyaları bərpa edəndən sonra gərginlik artıb.

“Heç kəs, özəlliklə də özüm, dəhşətli şeylərin baş verməsini istəmir”, – deyən Trump əlavə edib ki, onun fikrincə, “İran danışıq aparmaq istəyər, əgər onlar danışmaq istəyərlərsə, biz də danışarıq”.

Trump onu da deyib ki, Abe-nin “İranla çox yaxşı münasibəti var”.

Yaponiya mediası Abe-nin iyunda İrana səfər planlaşdırdığını yazmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG