Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:20

Prezident: 'Azərbaycanda vətəndaş həmrəyliyi var'


Ramazan ayı münasibətilə iftar mərasimi

«1993-cü ilə qədər dövlət-din münasibətlərində müəyyən boşluqlar var idi. 1993-cü ildən sonra bu sahədə də bütün istiqamətlər üzrə işlər ən yüksək səviyyədə tənzimlənir...».

AZƏRTAC-ın xəbərinə görə, bunu mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsində prezident İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Azərbaycanda vətəndaş həmrəyliyi var: «Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir».

Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. O deyib ki, bu münaqişənin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir.

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə imzalanan atəşkəs müqaviləsinə qədər Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 20 faiz ərazisi işğal edilib.

Bu münaqişə ATƏT-in Minsk qrupu vasitəsi ilə tənzimlənir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Xatırlatma

İslamda müqəddəs sayılan Ramazan ayı bu il Miladi təqvimi ilə mayın 6-da başlayıb. Qurani-Kərimin Ramazan ayında nazil olduğu bildirilir.

Bu ay müsəlmanlar oruc tutur. Sübh tezdən başlayan oruc axşam iftar süfrəsinin açılması ilə başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG