Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 01:00

Aksiya iştirakşılarının polisə aparıldığı deyilir


F.Abbasov

Bu gün, mayın 24-də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin qarşısına toplaşan vətəndaşlardan bəzilərinin polisə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən ictimai fəal Ramin Hacılı deyib ki, polis əməkdaşları onu da səfirliyin yanında saxlayaraq Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar:

“Orada yarım saata yaxın oldum və bu müddət ərzində məni qurumun İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanov qəbul etdi və aksiyanın səbəblərini soruşdu. Mən öz növbəmdə ona rəsmi müraciətimi təqdim etdim. Bildirdim ki, Moskvada saxlanan jurnalist Fuad Abbasovun hüquqların bərpasının istəyirik”.

Ramin Hacılının əlavə etməsinə görə, BŞBPİ-nin əməkdaşları bildirdilər ki, Azərbaycan dövləti Fuad Abbasovun işi ilə məşğuldur:

“Profilaktik söhbət bitəndən sonra öyrəndim ki, aksiya iştirakçılarının 12 nəfəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparıblar. Təxminən 1 saatdan sonra izahat alaraq hamısını sərbəst buraxdılar”.

Nəsimi Rayon Polis İdarəsinin 29-ci Polis Bölməsindən və Daxili İşlər Nazirliyindən, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Konsulluq işçiləri Fuad Abbasovla görüşüb

Mayın 24-də Rusiya Federasiyasının Bakıdakı səfirliyinin qarşısında bir qrup vətəndaş yenidən «Fuad Abbasova azadlıq!» şüarı ilə etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağını və F.Abbasovun şəkillərini tutaraq dünən, mayın 23-də səfirliyə verilmiş müraciətə cavab gözlədiklərini bildirdilər. «Dünən rəsmi müraciət təqdim etdik, bu gün bizə cavab verməlidirlər. Tələblərimiz dəyişməyib. Fuad Abbasov azadlığa buraxılmalıdır və öz jurnalist fəaliyyətini Rusiyada davam etdirməlidir. Biz Fuadı tək qoymayacağıq», - aksiya iştirakçılarından biri qeyd edib.

Təşkilatçıların deməsinə görə, səfirlikdən onlara bildirilib ki, mayın 23-də təqdim olunmuş müraciətdə imza olmayıb və bu səbəbdən bir neçə nəfər səfirliyin binasına keçərək müraciətə imza atıblar.

Mayın 23-də isə səfirlikdən aksiya iştirakçılarına demişdilər ki, Rusiyadakı Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq edirlər, məsələnin qanun çərçivəsində sonunu gözləmək lazımdır.

Azərbaycan XİN-i nə deyir

Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin tapşırığı ilə konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüblər. «Səfirliyin səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirlər görülür», - Abdullayeva vurğulayıb.

Jurnalist F.Abbasovun mayın 16-da Moskva şəhərində saxlandığı bildirilir. Onun vəkilin sözlərinə görə, F.Abbasova saxlanarkən fiziki zor tətbiq edilib. Vəkilin məlumatına görə, F.Abbasov mayın 28-də Azərbaycana deportasiya oluna bilər. O qeyd edib ki, Moskva Şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin (FSB) iddiası əsasında F.Abbasovun Rusiyada müvəqqəti yaşamaq icazəsini ləğv edib.

Xatırlatma

Geniş ictimaiyyət F.Abbasovu 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vuran zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu yalanlamışdı. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist F.Abbasov dəvət olunurdu. F.Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG