Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

'İşləyən xanım zorakılığa dözür ki, ayrılsa...'-Media icmalı


Əfv sərəncamının icrası
Əfv sərəncamının icrası

Qeyri-neft sektorunda sənayeləşmənin inkişafı, qadına zorakılığın iqtisadi əsasları, hökumətin elan etdiyi məhkəmə-hüquq sistemində islahatlardan gözləntilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Həbsdəki fəal: «İstintaq prosesini şəffaflaşdırmaq vacibdir»

Azadliq.info saytında «İslahata haradan başlamalı?» sualı gündəmə daşınır.

Yazıda narkotik ittihamı ilə 7 il həbs alan, ancaq ittihamı qurama sayan gənc fəal Orxan Baxışlının fikirləri əks olunub.

Girişdə qeyd edilib ki, bugünlərdə Bakıda «Azərbaycanda məhkəmə hüquq islahatları» mövzusunda tədbir keçirilib. Müəllifin vurğulamasına görə, həmin tədbirdə çıxış edən dövlət rəsmiləri bildiriblər ki, bu sahədə böyük islahatlar həyata keçirilib: «PA-nın (Prezident Administrasiyasının) nümayəndəsi Vüsal İsayev isə bildirib ki, ölkədə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı mühüm addımlar atılıb. Qeyd edib ki, bu sahədə aparılan islahatlar nəticəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib və bunun nəticəsində 1800 nəfərin cəzası yüngülləşdirilib, yaxud azadlığa buraxılıb».

Müəllifin fikrincə isə, reallıq göstərir ki, heç bir islahatdan söhbət gedə bilməz. Yazıda qeyd edilib ki, sadəcə olaraq, kosmetik dəyişikliklər və imitasiya siyasəti həyata keçirilib: «Rəqəmlərə nəzər salsaq görərik ki, məlum fərmandan sonra dustaqların sayında azalma deyil, artım baş verib. Buna görə də dövlət rəsmiləri azadlığa çıxanların sayını göstərsələr də, həbs olunanların sayını demirlər. Qulağa xoş gələn sözlər danışsalar da, hər yerdə müstəntiq, prokuror, hakim istədiyi kimi hərəkət edir».

Müəllif hesab edir ki, indiki reallıqda məhbusu azadlığa buraxmaq yox, istintaq prosesini şəffaflaşdırmaq vacibdir: «Ona görə də məsələni kökündən həll etmədikdən sonra heç bir amnistiyanın, əfv sərəncamının önəmi qalmır və bunu humanizm kimi təqdim etmək olmaz...».

Zorakılıq
Zorakılıq

Qadına şiddət

Yenisabah.az saytında «Ölkədə zorakılığın səbəbi odur ki...- açıqlama» sərlövhəli yazı oxumaq olar.

Müəllif bildirib ki, mayın 23-də Bakıda BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai «Azərbaycanda qadına zorakılığın iqtisadi nəticələri» adlı tədqiqat hesabatının təqdimat mərasimi keçirilib. Q.İshaqzai təmsil etdiyi qurumun apardığı tədqiqatın nəticələrini açıqlayaraq deyib ki, Azərbaycanda kişilərin 32.5 faizi qadınlara qarşı zorakılıq törədir

İqtisadçı Natiq Cəfərli isə sayta deyib ki, reallıqda bu rəqəm azı iki dəfə daha çox olmalıdır: «Xanımlara qarşı zorakılıq, ayrıseçkilik ölkəmizdə çox geniş yayılıb. Bəzi insanlar bunu çürümüş mentalitetlə (mən, ümumiyyətlə, mentalitet anlayışına inanmıram, bu davranış qaydalarıdır və bu qaydaların formalaşmasında gen, qan rol oynamır), bəziləri dinlə, bəziləri ənənələrlə izah edirlər. Ola bilər, ehtimalların hər birinin özünəməxsus rolu var, amma ən başlıca səbəblərdən biri iqtisadiyyatda gizlənib…».

Onun fikrincə, Azərbaycanda valideynlər öz övladlarını ona görə yanlarından buraxmaq istəmirlər ki, qocalanda dövlətin verdiyi təqaüdlə dolana bilməyəcəklərini anlayırlar. Ekspertə görə, övladlar da ona görə valideyn himayəsindən kənara çəkilə bilmirlər ki, öz güclərinə ev-eşik qura, evlənib, ailə qurub dolana bilmirlər.

N.Cəfərli habelə iddia edib ki, ailə sistemində xanımlar öz ərlərinin hər axmaqlığına, hər vəhşiliyinə ona görə dözürlər ki, ölkədəki iqtisadi durum onların ayrılandan sonra müstəqil şəkildə yaşamalarına, keçmiş ərlərindən normal aliment almalarına imkan vermir: «Yəni, rəsmi maaşı 300-400 manat civarında olan işləyən xanım belə zorakılığa dözür ki, ayrılsa özünü, övladlarını dolandıra bilməyəcək. Bu mənada işsiz, təhsilsiz evdar qadınlarının vəziyyəti isə lap acınacaqlıdır».

İ.Əliyev Sumqayıt Sənaye Parkında
İ.Əliyev Sumqayıt Sənaye Parkında

«Sənayeləşmə siyasətinin nəticələri»

«Azərbaycan» qəzetində «İlham Əliyevin sənayeləşmə siyasəti real nəticələr verir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, təkcə cari ilin 4 ayında sənayenin qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınıb: «...Son dövrlər ölkədə aparılan iqtisadi islahatların əsas məqsədi qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafına nail olmaqdır. Sənaye müəssisələrinin yaradılması da həmin məqsəddən irəli gəlir. Bu, həm də sənaye müəssisələrinin istehsal təyinatının və coğrafiyasının ildən-ilə genişlənməsi deməkdir».

Yazıda bildirilir ki, ölkədə hazırda 5 sənaye parkı fəaliyyət göstərir. Müəllifin vurğulamasına görə, bu parklardakı müəssisələr kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələri üzrə ixtisaslaşıb: «Yəni, həmin növ məhsullara daxili tələbat yerli istehsal hesabına təmin olunur, ixracdan asılılıq azalır, üstəlik, ixrac edilərək ölkəyə valyuta gətirilir. Sənaye parklarının fəaliyyətə başlaması məşğulluq probleminin həllinə də töhfə verir. Hazırda fəaliyyət göstərən həmin müəssisələrdə 9 min nəfər işlə təmin olunub».

Müəllif iddia edib ki, həyata keçirilən sənayeləşmə siyasətinin konsepsiyası elmi əsaslarla hazırlanır. Yazının sonunda da oxuyuruq: «...Cari ilin 4 ayında qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınıb. Ölkədə qeyri-neft sektorunun inkişafı sayəsində təkcə cari ilin yanvar-mart aylarında 415.3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16.5 faiz, real ifadədə 10.9 faiz çoxdur».

XS
SM
MD
LG