Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Ukraynanın yeni prezidentindən vətəndaşlığını bərpa etməyi istəyir.
Vəkili Ruslan Chornolutskiy mayın 22-də Facebook-da yazıb ki, Ukrayna Prezidenti Volodymyr Zelenskiy administrasiyasına rəsmən müraciət edərək Saakashvili-nin vətəndaşlığının bərpasını istəyib.
Saakashvili-yə 2015-ci ildə Zelenskiy-nin sələfi Petro Poroshenko vətəndaşlıq verib və Odessanın qubernatoru təyin edib.
Tbilisi rəsmiləri isə həmin ilin dekabrında onun Gürcüstan vətəndaşlığını alıb, Gürcüstan qanunvericiliyinin ikili vətəndaşlığa icazə vermədiyini bildirib.
Heç olmasa, girişə qadağanın götürülməsini istəyir
Poroshenko və Saakashvili-nin münasibətləri korrupsiya iddialarından dolayı pisləşincə, Poroshenko 2016-cı ildə onu qubernatorlurdan çıxarıb.
2017-ci ilin iyulunda Saakashvili Yeni Qüvvələr Hərəkatı adlı müxalifət partiyası yaradıb. Bundan sonra Poroshenko onun Ukrayna vətəndaşlığını ləğv edib.
Chornolutskiy mayın 22-də Saakashvili-nin Zelenskiy-ə məktubunu da yayıb. Məktubda Saakashvili Poroshenko-nun onun vətəndaşlığını almaq qərarını “qanunsuz” adlandırır, deyir ki, bu addım Ukrayna konstitusiyasını və beynəlxalq hüququ pozub, çünki o, dövlətsiz qalıb.
Zelenskiy mayın 20-də andiçmə mərasimində deyib ki, Ukraynanın gələcəyi üçün işləməyə hazır olan istənilən şəxsə vətəndaşlıq verməyə hazırdır.
“Mən özümü təkcə ukraynalı hesab etmirəm, Ukraynanı uğurlu və güclü etməkdən ötrü həyatımı həsr etməyə hazıram”, – yazan Saakashvili hökumətdə vəzifə istəmədiyini də əlavə edib.
Saakashvili Zelenskiy-dən xahiş edir ki, azından Ukraynaya girişinə qadağanı qaldırsın və yeni prezident onun vətəndaşlığının bərpasını məqsədəuyğun saymazsa, özünü məhkəmədə müdafiə edə bilsin.
Saakashvili hazırda həyat yoldaşının vətəni Niderlandda yaşayır.