Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:33

'İldırımsürətli sərəncamlar'-Media icmalı


Z.Mnatsakanyan və E.Məmmədyarov
Z.Mnatsakanyan və E.Məmmədyarov

Dağlıq Qarabağ münaqişəsi, sənədsiz evlər problemi, yol-nəqliyyat infrastrukturunun qurulması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Dağlıq Qarabağ münaqişəsi

«Yeni Müsavat» qəzetində «Pompeo Məmmədyarovla Mnatsakanyanı nə vaxt görüşdürəcək?..» sualı gündəmə daşınır.

Müəllif Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı düşüncələrini bölüşüb.

Yazıda qeyd edilib ki, indi ABŞ-ın xarici siyasət idarəsinin iş qrafiki ifrat dərəcədə sıxlaşıb, bir tərəfdən Venesuela, o biri tərəfdən də İran: «Amma əgər amerikalılar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü Vaşinqtonda keçirmək istədiklərini bildiriblərsə, deməli, bunun üçün müvafiq bir vaxt da tapmalıdırlar. Düşünürdük bunun üçün əlverişli məqam mayın son ongünlüyü ola bilər, çünki bu vədələrdə Vaşinqtonda ikinci trans-Xəzər forumu işə başlayacaq...».

Ancaq müəllif bu görüşə elə də ümidlə baxmır: «Birincisi, müşahidələr göstərir ki, Ermənistan hökuməti, o cümlədən də N.Paşinyanın özü hələ ciddi və substantiv danışıqlara hazır deyil. Ola bilsin, Paşinyan ayıq-sayıq vaxtlarında ürəyinin dərinliklərində anlayır ki, sülh istiqamətində kardinal dönüşlər etmədən nəinki Qarabağ danışıqlarını, ümumiyyətlə, ölkəsinin regional siyasətini ölü nöqtədən tərpətmək mümkün olmayacaq...».

Yazıda vurğulandığına görə, Ermənistanın indiki rəhbərliyi istəyər ki, nazirlərin görüşü mümkün qədər gec baş tutsun: «O, hələ Dağlıq Qarabağ hərbi teatrına nəzarəti əlinə almayıbdır və məlumdur ki, təkcə yallı getməklə və rəqs etməklə Qarabağ ermənilərinin ürəklərini «fəth etmək» çətin olacaq».

Sənədsiz evlərin tikilməsinə kim icazə verir?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Sənədsiz evlər problemi

Hurriyyet.org saytında «Əmlak Komitəsi evlərin rəsmiləşdirməsinə süni əngəl yaradır-Nazim Bəydəmirli» sərlövhəli yazı oxumaq olar.

Müəllif Bakıda sənədsiz evlər problemini keçmiş deputat, işadamı Nazim Bəydəmirli ilə müzakirə edib.

Yazıda qeyd edildiyinə görə, bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, prezidentin tapşırığına əsasən, sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb və bu məsələ bütün ölkə üzrə birdəfəlik həllini tapacaq.

Müəllif iddia edib ki, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədsiz evlərin sayı 700 mindən çoxdur.

Keçmiş deputat Nazim Bəydəmirli isə mövzu ilə bağlı sayta bunları deyib: «Bələdiyyələr yarandıqdan sonra qeyri-qanuni hesab edilən torpaqlarda evlər tikilib. Ancaq hesab edirəm ki, bu tikilən evlər, əslində, qeyri-qanuni deyil. 2000-ci ildən bəri ölkə əhalisinin, yəni Bakıda qeydiyyatda olmayan əhalinin təqribən yarısından çoxu Bakının ətraf rayonlarında məskunlaşıb. Bunların hamısının kökündə duran səbəblər rayon icra hakimiyyəti başçılarının bələdiyyələrin əli ilə bu torpaqları satmasıdır».

N.Bəydəmirli iddia edib ki, vaxtilə Abşeron rayonunun kolxoz və sovxozlarının pay torpaqları yaşayış məqsədilə satılıb, burada da söhbət mənimsəmələrdən gedir.

Keçmiş deputata görə, indi vətəndaş xüsusi komissiya olmadan da mülkiyyətində olan torpaq sahəsində tikdiyi evi rəsmiləşdirə bilər. Onun fikrincə, buna süni əngəl yaradan Əmlak Məsələləri Dövlət Komitəsidir: «Vətəndaşın süründürməçiliyə məruz qalmaması və əlavə xərclərinin çıxmaması üçün bu məsələ kökündən həll olunmalıdır. Yəni burada gündə bir dənə komissiyaya ehtiyac yoxdur».

Deputat qeyd edib ki, dövlət torpaqlarına sərəncamları 2000-ci ilə qədər icra hakimiyyətləri verib və bunun sayı-hesabı yoxdur. O vurğulayır ki, həmin dövrdə bu məsələlərlə bağlı ildırım sürətli sərəncamlar verilib: «Mən bir araşdırma aparmışdım, o sərəncamların sayı o qədər çox idi ki, hər saniyəyə 8 dənə sərəncam imzalamışdılar... Əslində, Bakının torpaqları bu yollarla mənimsənilib».

N.Bəydəmirlinin fikirlərinə Əmlak Məsələləri Dövlət Komitəsindən münasibət almaq mümkün olmayıb.

Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı

«İqtisadiyyatın qan damarı»

«Azərbaycan» qəzetində «Ölkə iqtisadiyyatının qan damarı» sərlövhəli yazı dərc edilib.

Yazıda yol infrastrukturunun qurulması dəyərləndirilib.

Müəllif yazıb ki, Azərbaycanda beynəlxalq və yerli əhəmiyyətli yol infrastrukturu layihələrinin icrası uğurla davam edir. Yazıda vurğulandığına görə, xüsusilə ölkənin dünya ilə birləşməsinə imkan yaradan dəmiryol xətlərinin çəkilişinə böyük önəm verilir.

Müəllifin fikrincə, Azərbaycanın nəqliyyat sisteminin əsas sahələrindən olan dəmiryol nəqliyyatı indi özünün yenidən qurulması dövrünü yaşayır: «Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahənin inkişafı, dünya standartlarına çatdırılması istiqamətində məqsədyönlü layihələr icra edilir. Həmin layihələr bu sahədə islahatların daha da sürətlənməsinə, dəmiryol nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə müsbət təsir göstərir».

Yazıda bildirilib ki, dövlət başçısı mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib.

Yazıda daha sonra da bu sahədə həyata keçirilən başqa layihələrdən söz açılıb: «Bu sırada Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi layihələrini də qeyd etmək olar. Bundan əlavə, gələcəkdə Xaçmaz rayonu ərazisindən Qusar rayonuna dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Söz yox ki, bu layihələrin icrası bölgələrdə həm turizmin, həm də iqtisadiyyatın inkişafına geniş imkanlar yaradacaq».

XS
SM
MD
LG