Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Amnesty Azərbaycana görə UEFA-ya müraciət edir – Qərb mediası


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

Amnesty International insan haqları təşkilatı UEFA-nı, Azərbaycana insan haqlarının “qorxulu” durumunu idmanla ört-basdır etməyə icazə verməməyə çağırır.

Mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının yekun matçı keçiriləcək, İngiltərənin Arsenal və Çelsi qrupları üz-üzə gələcək. “The Guardian” yazır ki, bu yarışmanın Bakıya salınmasını insan haqları qrupları kəskin tənqid edirlər.

“Azərbaycanın futbol bayramı təşkil edərək insan haqlarının dəhşətli vəziyyətini idmanla ört-basdır etməsinəimkan verməməliyik. Azərbaycan insan haqlarına qəddarcasına təzyiqi davam etdirir, jurnalistlər, bloqqerlər, insan haqları fəalları hədəfə alınır. Ədalətsiz məhkəmələr, qarayaxma kampaniyaları adi şeyə çevrilib”, – Amnesty International-ın Britaniya üzrə direktoru Kate Allen deyib.

Amnesty International təşkilatının loqosu
Amnesty International təşkilatının loqosu

“LGBTI icmasının üzvləri həbs olunur, hətta ölkədən qaçanlar belə təqib olunur, qayıtmaları üçün onlara təzyiq göstərilir. Azarkeşlər, oyunçular, köməkçi heyət bu ölkədə insan haqlarıyla bağlı məlumatlanmaqla Azərbaycanın öz imicini idmanla yaxşılaşdırması cəhdini önləyə bilərlər”, – deyən qurum rəsmisi adətən, hökumətlərin yüksək səviyyəli idman yarışmaları vasitəsilə diqqəti özünün repressiv siyasəti və insan haqları pozuntularından yayındırmağa çalışdığını vurğulayıb.

Azərbaycanın insan haqları müdafiəçiləri ölkədə 100-dək siyasi məhbusun olduğunu deyirlər. Hakimiyyət təmsilçiləri isə bununla razılaşmır, heç kəsin siyasi baxışlarına görə həbs olunmadığını bildirir.

Huawei-dən sonra növbə onundur

ABŞ administrasiyası Çinin Hikvision video-nəzarət şirkətinə Huawei-sayaq sanksiyalar qoymağı nəzərdən keçirir. Bu haqda “Reuters” agentliyi yazıb.

Huawei kameraları
Huawei kameraları

Sanksiyalar Hikvision-un ABŞ texnologiyası əldə etməsini məhdudlaşdıra bilər. Bu halda Amerika şirkətləri də Çin firmasına komponentlər satmaqdan ötrü hökumətin razılığını almalı olacaq, “The New York Times” yazıb.

Birləşmiş Ştatlar ötən həftə Huawei Technologies şirkətini qara siyahıya salıb, ABŞ şirkətlərinin onunla iş görməsini yasaqlayıb. Sonradan qadağalar nisbətən yüngülləşdirib. Vaşinqton Huawei-ni milli təhlükəsizliyə zidd fəaliyyət suçlayır, Huawei inkar edir.

Huawei bildirir ki, ABŞ-ın köməyi olmadan da komponent təchizatını təmin edə bilər. Elə Hikvision da oxşar bəyanat səsləndirib.

“Hətta Birləşmiş Ştatlar bizə satışı dayandırsa belə, bunu digər təchizat yolları ilə təmin edə bilərik”, – Hikvision-un məsələnin həssaslığını nəzərə alaraq adının çəkilməsini istəməyən rəsmisi deyib.

“Hikvision-un istifadə etdiyi mikrosxemlər kommersiya məhsuludur və təchizatçılar da əslində Çindədir”, – deyən rəsmi şirkətə ABŞ-ın mümkün qara siyahısı barədə informasiya verilmədiyini də sözlərinə əlavə edib.

Bloomberg isə məsələdən agah adamlara istinadla yazıb ki, ABŞ hökuməti Hikvision-u, Zhejiang Dahua Technology təhlükəsizlik avadanlığı istehsalçısını və bir neçə başqa şirkəti qara siyahıya salmağı nəzərdən keçirir.

Boeing 737 MAX təyyarələri
Boeing 737 MAX təyyarələri

Çin Boeing-dən kompensasiya tələb edir

Çin Boeing Co. şirkətindən 737 Max təyyarələrinin uçuşdan yığışdırılmasına görə kompensasiya tələb edir. Xəbəri “The Associated Press” yayıb.

Air China Ltd. və China Southern Airlines Ltd. dövlət şirkətləri çərşənbə günü kompensasiya tələbini dilə gətirib. Üçüncü böyük şirkət olan China Eastern Airlines Ltd. ötən ay belə bir xahiş səsləndirmişdi.

Çin Şimali Amerika və Avropayla yanaşı təyyarələr üçün ən böyük bazarlardan biridi deyə, Boeing-in verəcəyi cavab da əhəmiyyətlidir.

İndoneziya və Efiopiyada təyyarə qəzalarında üst-üstə 346 nəfər həlak olandan sonra Çin 737 Max-ı uçuşdan yığışdıran ilk ölkələrdən olub.

Təhqiqatçılar hər iki qəzada uçuş-nəzarət sisteminin rolu olduğunu deyirlər.

Air China təyyarələrin çatdırılmasında yubanmaya görə də kompensasiya tələb edib. Açıqlamanı şirkət əməkdaşı anonimlik şərtilə verib.

XS
SM
MD
LG