Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:36

Z.Səmədzadə Azərbaycanı Nigeriya ilə müqayisə edib


Ə.Məsimli

«Azərbaycanda 17.2 mlrd. manatlıq sərmayənin (2018-ci ilə aid) 70 faizi daxili investisiyadır. Azərbaycanda sərmayə qoyuluşunun mənbəyi baxımından ciddi islahatlara ehtiyac var».

Report-un xəbərinə görə, bunu mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib. İclasda «Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında» Qanun layihəsinin müzakirəsi aparılıb.

Ə.Məsimli deyib ki, daxili investisiyalar büdcə hesabına maliyyələşir, odur ki, büdcə geninə-boluna istifadə oluna bilməz. O qeyd edib ki, büdcə xarici konyunkturdan asılıdır və Neft Fondundan daxil olan vəsait onun 60 faizindən çoxdur.

«Xərcləmənin fəlsəfəsi dəyişməlidir»

Ə.Məsimli vurğulayıb ki, 2018-ci ilin büdcəsində gəlirlər də, xərclər də bütün bəndlər üzrə təxminən 30 faiz artıb və neft amili üstünlüyü insan amili inkişafına yönəldilməlidir: «Yeni modelə keçid büdcədə də öz əksini tapmalıdır. Sərmayələrin strukturu dəyişməlidir. İslahatlar gedir və burda yeni çağırışlar yaranır. Ayrı-ayrı nazirliklər bu çağırışlara cavab verir. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi işlərini yenidən qurur - kölgə iqtisadiyyatının dairəsinin azaldılması, şəffaflığın artırılması və s. Maliyyə Nazirliyi də bu mənada addımlar atmalıdır».

Ə.Məsimli deyib ki, Maliyyə Nazirliyi sosial təşəbbüslərlə çıxış etməlidir, büdcədə sosial bloka ayrılan vəsait təmir-tikintiyə ayrılan vəsaitdən azdır: «Bu göstərir ki, xərcləmənin fəlsəfəsini dəyişməli, yeni modelə uyğunlaşmalıyıq...».

Z.Səmədzadə
Z.Səmədzadə

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyilən fikirlə razılaşmayıb. Z.Səmədzadə qeyd edib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayırır: «Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur».

Xatırlatma

2018-ci ildə büdcənin gəlirləri 20 milyard 127 milyon, xərcləri 21 milyard 47 milyon manat olub.

Bu il isə büdcənin gəlirləri 23 milyard 168 milyon manatdır. Xərcləri də 25 milyard manatdan çoxdur.

Rəsmilərin deməsinə görə, Azərbaycanda yoxsulluq cəmi 5 faizdir. Müxalifət və müstəqil ekspertlər isə hesab edirlər ki, statistika düzgün aparılmayıb, reallıqda yoxsullar göstərilən rəqəmdən dəfələrlə yüksəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG