Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:41

'Yüksək rüsumlarla bağçaların açılmasının qarşısını alırıq'-Media icmalı


Məktəblilər
Məktəblilər

Məhkəmə-hüquq islahatları, məktəbli yükünün azaldılması yolları, dövlət rüsumu ilə bağlı qanun layihəsinə dəyişikliklər və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

Şagirdlərin daşıdıqları çantalar

Yenisabah.az saytında «Dərsliklərin çəkisinin azaldılması ilə bağlı ekspertdən təklif» sərlövhəli yazı yer alır.

«Təhsil Nazirliyi nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verib. Bu, olduqca müsbət bir addımdır. Çünki şagirdlərin daşıdıqları çantalar həqiqətən də çox ağırdır». Bu sözləri «Yeni sabah»a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, çantanın ağır olmasına 4 amil təsir göstərir.

Ekspert vurğulayıb ki, bu, çantanın öz çəkisi, dərsliklər, qida, su ehtiyatı və köməkçi, əlavə dərs vəsaitləridir. K.Əsədovun sözlərinə görə, rəsmi olaraq birinci sinif şagirdlərinin beş kitabı var: «Onların çəkisi 1 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə isə bu çəki 2 və ya 3 kiloqrama yaxın olur. Amma bu rəqəm reallığı əks etdirmir».

Ekspert çəkinin azaldılması yollarını da sadalayaraq bunun xeyirli və ziyanlı tərəflərini də izah etməyə çalışıb: «... Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu, olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar... İkincisi, dərsliyin yazı şriftlərini kiçiltməklə həcminin azaldılması: bundan ümumiyyətlə, istifadə etmək olmaz. Onsuzda orta məktəblərdə təhsil alan şagirdlərin 65 faizində görmə problemi var və bu addımın atılması daha ciddi fəsadlar yarada bilər».

K.Əsədov, nəhayət, çıxış yolunu belə göstərir: «Dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digəri məktəbdə qalsın. Beləliklə, şagirdlər çantalarında dərslik daşımasınlar».

V.Bayramov
V.Bayramov

«Dövlət rüsumu haqqında» Qanuna dəyişiklik

«Yeni Müsavat» qəzetində «Bu dəyişiklik turizmin inkişafını əngəlləyəcək» sərlövhəli yazı oxumaq olar.

Müəllif «Dövlət rüsumu haqqında» Qanuna dəyişiklik layihəsini iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə edib.

Yazıda bildirilib ki, ötən həftə Milli Məclisdə müzakirəyə çıxarılan (birinci oxunuşda qəbul edilib-A.R) «Dövlət rüsumu haqqında» Qanuna dəyişiklik layihəsini parlamentin bəzi üzvləri tənqidlərlə qarşılayıb. Onlar ali və məktəbəqədər təhsil müəssisələrindən ötrü rüsumların həddən çox müəyyən edildiyini vurğulayıblar.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri V.Bayramov isə əvvəlcə dəyişikliklərdə başqa məqamlara diqqət çəkib: «Əvvəla, ikiillik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları təklif edilir. Maraqlıdır ki, turizmin inkişafının prioritet olduğu bir dövrdə çoxdəfəlik giriş vizası üçün izah edilməsi çətin olan məbləğdə viza rüsumu təklif olunur. Avropa Birliyinin 26 ölkəsinə çoxdəfəlik giriş imkanı verən beşillik vizanı pulsuz aldığım halda, biz müddəti iki il yarım olan Azərbaycan vizasını Avropa ölkəsi vətəndaşına 350 dollara təklif edirik. Bu, təbii ki, turizmin inkişafına birbaşa əngəldir».

Müəllif də rəsmi qurumlara istinadən bildirib ki, bu ilin ilk rübündə ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə daha az turist gəlib.

V.Bayramov məktəbəqədər təhsil müəssisəsinin açılmasından ötrü nəzərdə tutulan rüsumun da adekvat olmadığını düşünür: «Məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları açmaq üçün 3000 manat rüsum təklif olunur. Əksər inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələri yaratmaq üçün dövlət subsidiya və ya güzəştli kredit təklif edir, biz isə yüksək rüsumlar ilə yeni bağçaların açılmasının qarşısını alırıq. Halbuki, məktəbəqədər təhsil müəssisələrində təhsilin və tərbiyənin keyfiyyətini artırmaq üçün bu sektorda rəqabəti gücləndirməliyik».

Femida
Femida

Sahibkarlarla müzakirə

«Azərbaycan» qəzetində «Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə mayın 20-də «Fairmont Baku» mehmanxanasında «Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi» mövzusunda tədbir keçirilib. Yazıda vurğulanıb ki, müzakirələr dövlət başçısının bu il aprelin 3-də «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» imzaladığı fərman fonunda aparılıb.

Müəllif Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin çıxışına toxunub: «M.Musayev qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdən başlayıb və 1995-ci il 12 noyabrda müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilərək ədalət mühakiməsinin qanunvericilik bazası formalaşdırılmışdır. Dövlət başçısının imzaladığı fərman isə formalaşdırılmış məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur».

Yazıda qeyd edildiyinə görə, ASK prezidenti vurğulayıb ki, fərmanda ölkə sahibkarlarının problemlərinin daha çevik həlli, qərarların icrasının daha sürətli həyata keçirilməsindən ötrü özəl icra qurumunun yaradılması nəzərdə tutulub. «Eyni zamanda, elektron məhkəmə sisteminin əhatə dairəsi genişləndiriləcək, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsi yüksələcək, elektron imzanın tətbiqi sahələri genişləndiriləcək...», - deyə o qeyd edib.

XS
SM
MD
LG