Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:50

'10 milyonlarla manat büdcədən yayındırılır'-Media icmalı


İcarə
İcarə

Qeyri-neft sektorunda vəziyyət, icarə müqavilələrində şəffaflıq, havanın meyvəçiliyə təsiri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Kölgədə gizlənən» milyonlar...

Azpolitika.info saytında «Kölgədə gizlədilən milyonlar… – Mübarizə aparanların «görmədiyi» sahə…» sərlövhəli yazı oxumaq olar.

Yazıda icarə müqavilələri sahəsində şəffaflıq məsələsi qaldırılıb.

Müəllif Vergilər Nazirliyinə istinadən bildirir ki, ölkədə kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləməkdən ötrü ayrıca təhlil qrupu yaradılıb, ilin I yarısının yekununda qrupun mövcud durum barədə ictimaiyyətə ətraflı məlumat verəcəyi gözlənir.

Yazıda habelə, qeyd edildiyinə görə, deputat Çingiz Qənizadə də Milli Məclisdəki çıxışında icarə müqavilələri ilə bağlı məsələyə toxunub: «İcarə müqaviləsi ilə bağlı dövlət rüsumu 92 manat təşkil edır. Yer sahibi olan vətəndaş hansısa bir balaca yeri icarəyə verir, sonra növbəti icarəçi gəlir və o, hər dəfə 92 manat ödəyir. İcarə müqaviləsinə əsasən 14 faiz vergi tutulur…».

Müəllifə görə, hazırda kölgə iqtisadiyyatının Azərbaycanda özünü göstərdiyi istiqamətlərdən biri də ticarət, iaşə və sairə obyektlərin icarəyə verildiyi zaman tərəflər arasında bağlanan müqavilələrdir: Azərbaycanda sahibkarlıq subyektləri ilə icarədarlar arasında bağlanan icarə müqavilələrinin 90 faizindən çoxunda real icarə haqları əks olunmur.

Müəllifin fikrincə, 14 faiz vergi tutulması tələbi isə Azərbaycanın real biznes mühitindən ötrü kifayət qədər yüksək rəqəmdir: «Nəzərə alsaq ki, mərkəzdəki iri obyektlərin əksəriyyəti iri məmurlara, oliqarxlara, nisbətən kənarlarda yerləşənlərin isə böyük qismi daha aşağı ranqlı məmurlara və onların qohum-əqrəbalarına aiddir, onda bu kölgə icarəsinin kimlərə sərf etdiyi üzə çıxar. İcarə haqlarının reallıqdan dəfələrlə az göstərilməsi nəticəsində istənilən halda yüksək icarə haqqı, əlavə də 14 faiz ödəyən sahibkar və büdcə ziyan görmüş olur.10 milyonlarla manat vəsait büdcədən yayındırılır. Udan isə yalnız icarədardır».

Ərik
Ərik

«Dolunun təsirini əriyin məhsuldarlığında...»

Modern.az saytında «Meyvələrin qiyməti bahalaşacaq – səbəb» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, bu ilin aprel, may aylarında hava şəraiti kənd təsərrüfatı baxımından o qədər də əlverişli keçməyib. Dağlıq və bəzi dağətəyi rayonlarda qar örtüyünün qalınlığı 2-14 santimetr olub, yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib.

Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli isə sayta bildirib ki, hava amili kənd təsərrüfatı sahəsində risk faktorlarının içərisində ən təhlükəlisidir. Onun fikrincə, bu təhlükənin başında leysan, dolu gəlir.

Ekspert deyib ki, ölkənin coğrafi iqlim şəraitinə görə, dolu adətən çəyirdəkli meyvələrin çiçəklənmə dövrünə təsadüf edir. Onun sözlərinə görə, dolu məhsuldarlığa ciddi şəkildə mənfi təsir göstərir: «Hələ 2-3 həftə əvvəl leysan xarakterli yağış yağdı, ardından da dolu düşdü. Bütün bunların nəticəsində isə ərik daha çox zərər gördü. Yağıntıların və dolunun təsirini biz xüsusilə əriyin məhsuldarlığında müşahidə edəcəyik. Quba, Qəbələ, Zaqatalada ərik bağları yağıntılardan çox böyük zərər görüb. Dolunun növbəti günlərdə yağma ehtimalı olduğuna görə vəziyyət bir qədər də çətinləşə bilər».

N.Nəsirlinin deməsinə görə, hava şəraitinin bitkiçiliyə isə ciddi təsirləri gözlənilmir. Onun qeyd etməsinə görə, dolu lokal xarakter alıb.

Ekspertin sözlərinə görə, yağıntıların açıq sahə tərəvəzçiliyinə-pomidor, badımcan, xiyar, bibər və sairəyə xeyri var: «Çünki şitillər sahələrə köçürülmüşdü. Hətta bəzi bölgələrdə fermerlər suvarma qayğısından azad olub. Hazırda xiyar, pomidor, badımcan, bibərin qiymətləri mövsümə uyğundur».

İ.Əliyev Sumqayıtda kimya zavodunun açılışında.
İ.Əliyev Sumqayıtda kimya zavodunun açılışında.

Qeyri-neft sektorunda

«Azərbaycan» qəzetində «Sənayenin qeyri-neft sektorunda 15.5 faiz artım var» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıda Dövlət Statistika Komitəsinin (DSK) yenicə açıqladığı, bu ilin yanvar-aprel ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən bəzi makroiqtisadi göstəricilərə toxunur. Hesabat dövründə ölkə üzrə 23 milyard 813.4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 faiz çoxdur.

Yazıda üstəlik, qeyd olunub ki, 4 ayda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15.5 faiz artıb: «Cari ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.5 faiz artaraq 577.6 manata çatmışdır».

Müəllif sonda da rəsmi rəqəmlərdə əhalinin artan gəlirləri ilə qiymət artımını müqayisə edib: «O ki qaldı qiymətlərə, DSK-nın açıqladığı rəqəmlərə əsasən, ilin əvvəlindən ötən 4 ay ərzində istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 2018-ci ilin eyni dövrünə nisbətən ümumilikdə 2.4, o cümlədən ərzaq, içki və tütün məmulatları 2, qeyri-ərzaq malları 1.2, ödənişli xidmətlər 3.7 faiz bahalaşmışdır».

XS
SM
MD
LG