Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:29

Cəbhəçiyə həbsdə işgəncə verildiyi deyilir, PX təkzib edir


Həbsxana divarı, Azərbaycan

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov şöbəsinin sədr əvəzi, keçmiş Qarabağ döyüşçüsü Babək Həsənov üç gün öncə, mayın 15-də 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə AzadlıqRadiosu-na danışan yaxınları bildirir ki, B.Həsənov cəzaçəkmə müəssisəsinə köçürülən kimi orada işgəncəyə məruz qalıb. İddia olunur ki, B.Həsənov müəssisəyə gətiriləndən bəri cərimə təcridxanasında (“kars”) saxlanır.

“Babək Həsənov 2011-ci ildə 2 aprel mitinqinə görə həbs olunanda verilən cəzanı çəkmək üçün 16 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Həmin vaxt oranın rəisi Məmməd Mahmudov idi. O zaman Babək Həsənov müəssisədə şahidi olduğu qanunsuzluqlar barədə məlumatları ictimailəşdirdi. Bundan sonra rəis ona qarşı təzyiqlərə başladı. Sonda onu və başqa 3 cəbhəçi məhbusu Qaradağda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər. Həmin Məmməd Mahmudov indi 6 saylı cəzaçəkmə müəssisəsinin rəhbəridir. Babək Həsənovu ora köçürüblər, görünür, əlinə fürsət düşüb”, - cəbhəçi məhbusun yaxınları belə deyir.

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosu-na bildirib ki, B.Həsənovun istər işgəncəyə məruz qalması, istərsə də cərimə təcridxanasına salınması barədə məlumatlar həqiqətə uyğun deyil. M.Sadıqov vurğulayıb ki, B.Həsənov cərimə təcridxanasında yox, karantində saxlanılır, bu da qanunvericiliyin tələbidir:

“Qanuna görə, hər bir məhkum cəzaçəkmə müəssisəsinə daxil olanda 14 günə qədər karantində saxlanır. Bu müddətdə məhkuma cəzaçəkmə müəssisəsindəki daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunur. Onunla psixoloq və tərbiyəçilər söhbət aparır. Babək Həsənov cəmi üç gündür cəzaçəkmə müəssisəsinə daxil olduğuna görə,yeni gələn başqa məhkumlarla birlikdə karantində saxlanır. Karantin müddəti başa çatanda o da başqa məhkumlar kimi, cəzaçəkmə müəssisəsində yerlə təmin olunacaq”.

Xatırlatma

Babək Həsənov ötən il mayın 25-də AXCP-nin digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

S.Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Müdafiə tərfinin bildirməsinə görə, onların hər ikisindən təzyiq yolu ilə AXCP-yə maliyyə yardımı barədə ifadələr alındıqdan sonra mayın 25-də bu partiyanın sözü gedən funksionerləri həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunublar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan gedir.

Məhkəmədə isə bu işlə bağlı mühakimə edilənlər istintaq zamanı amansız işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Amma rəsmi qurumlar bu iddialara münasibət bildirməyib.Azərbaycanın rəsmi qurumları əsasən polis və təcridxanalarda işgəncə olması ilə bağlı şikayətləri əsaslı saymırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, «qurama iş» adlandırıb. O bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Babək Həsənov bundan öncə də, 2011-ci il aprelin 2-də bir sıra müxalif fəallarla razılaşdırılmamış aksiyada həbs edilərək mühakimə edilmişdi. Həmin vaxt B.Həsənov 1,6 il həbs cəzası almışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG