Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

'Ünvanlı sosial yardım uşaq siyasətini əhatə etmir' -Media icmalı


Müəllim-şagird
Müəllim-şagird

Məktəb-şagird-valideyn münasibətləri, uşaqlara aylıq müavinətin verilməsinin bərpası təklifi ətrafında yanaşmalar, sosial-iqtisadi vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Məktəb-şagird-valideyn münasibətləri

Yenisabah.az saytında «O müəllimin davranışı, əslində, Təhsil Nazirliyinin davranışıdır-ekspert» sərlövhəli yazı oxumaq olar.

Müəllif məktəb-şagird-valideyn münasibətlərini təhsil üzrə ekspert Kamran Əsədovla müzakirə edib.

Yazıda bildirilir ki, 109 nömrəli məktəbin V sinif şagirdinin intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb, uşağın atası mayın 14-də jurnalistlərlə məktəbə gedib və müəllimlərlə valideyn arasında gərginlik yaşanıb.

K.Əsədov mövzu ilə bağlı bunları deyib: «Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim söz və hərəkətlərinə məsuliyyətlə yanaşmalıdır».

Ekspert 109 saylı məktəbdə baş verənlərə isə belə münasibət sərgiləyib: «109 nömrəli məktəbin şagirdinin atası qızının intiharından sonra məktəbə gedib, amma məktəb kollektivinin yaralı, dərdli ataya münasibətinə, davranışına baxın. ...Təkcə, o məktəbin davranışı deyil, bu, əslində Təhsil Nazirliyinin davranışıdır, münasibətidir».

K.Əsədova görə, Təhsil Nazirliyi baş verənlərə nəzarət edə, lazımi addım ata bilmir: «Müəllim vəzifə funksiyalarının icrası zamanı ölkə Konstitusiyası, qanunlarını, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Amma biz bunun şahidi olmadıq, çünki bu qaydanı birinci Təhsil Nazirliyi pozur və müəllimlərə, onların fəaliyyətinə nəzarət edə bilmir».

K.Əsədov hesab edir ki, baş verən xoşagəlməz hadisələrin qarşısının alınmasından ötrü ilk növbədə Təhsil Nazirliyi qaynar xəttdən daxil olan müraciətləri ciddi araşdırmalıdır.

Yazıda ekspertin fikirlərinə sözügedən məktəb rəhbərliyi və Təhsil Nazirliyindən münasibətini almaq mümkün olmayıb.

Ana-uşaq
Ana-uşaq

Geniş ailə modelindən kiçik ailə modelinə keçid

«Yeni Müsavat» qəzetində «İqtisadçı-ekspert uşaqpulu ilə bağlı təklif verdi» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda uşaqlara aylıq müavinətlərin ödənilməsinin bərpası məsələsi ətrafında iqtisadçı-ekspert Rəşad Həsənovun düşüncələri təqdim edilir.

Müəllif qeyd edir ki, Azərbaycanda sosial müdafiə mexanizmlərindən biri kimi uşaqpulunun verilməsi uzun müddətdir müzakirə olunur.

R.Həsənov da vurğulayıb ki, statistik məlumatlara görə, ölkə üzrə təxminən 190 min nəfər uşaq hansısa formada müavinətlər alır: «Burada məbləğ 13 manat 70 qəpikdən 50 manata qədər dəyişə bilir. Çünki çoxuşaqlı ailələrə və ya valideynini itirmiş uşağa görə verilən müavinətlərin həcmi kifayət qədər aşağıdır. Burada adambaşına düşən müavinətin həcmi 13 manata qədər dəyişirsə, yeni artımdan sonra 5 və daha artıq uşağı olan ailələr üçün hər uşağa görə 50 manat müavinətin verilməsi nəzərdə tutulub».

R.Həsənov hesab edir ki, dövlətin 2006-cı ildən tətbiq etdiyi ünvanlı sosial yardım proqramı ( həmin vaxtdan aylıq uşaq müavinətlərinin verilməsi dayandırılıb-A.R) heç də uşaq siyasətini əhatə etmir və buna yenidən baxılmalıdır. Onun fikrincə, bütünlükdə ölkədə sosial müdafiə və demoqrafiya siyasətinin uzlaşdırılmasına ehtiyac yaranıb: «Buna görə də hansısa formada çoxuşaqlı ailələrin və nəsil artımının təşviq edilməsi mexanizmlərinin ortaya qoyulması məqsədəuyğun olar».

R.Həsənov deyib ki, uşaqpulu məsələsi Azərbaycan ailəsindən ötrü kifayət qədər əhəmiyyətli məqamlardan biridir: «Vətəndaşların bu mövzuya reaksiyası da göstərdi ki, insanların gözləntiləri var».

R.Həsənov deyib ki, Azərbaycanda təbii artım sürəti aşağı düşür: «Artıq Azərbaycanda geniş ailə modelindən kiçik ailə modelinə keçid prosesi tamamlanıb, yeni ailələrdə 3 və daha artıq uşağın olmasına çox az təsadüf edilir...».

İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışında
İ.Əliyev Cənub Qaz Dəhlizinin açılışında

«Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur»

«Azərbaycan» qəzetində «Yeni mərhələnin başlanğıcındayıq» sərlövhəli yazı dərc edilib.

Müəllifin iddiasına görə, iqtisadiyyatdakı real göstəricilərə nəzər yetirdikdə aydın şəkildə görünər ki, iqtisadi baxımdan son illərdə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur: «Prezident İlham Əliyevin innovasiyayönümlü istehsala əsaslanan sosial-iqtisadi siyasəti, iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Əgər tarixə ekskurs edib geriyə baxsaq, iqtisadi göstəricilərə nəzər yetirsək, bunu aydın şəkildə görə bilərik».

Yazıda vurğulandığına görə, 2003-2018-ci illər Azərbaycanda iqtisadi yüksəliş dövrüdür. Müəllif qeyd edib ki, bu dövrdə ümumi daxili məhsul 3.2 dəfə, büdcə gəlirləri 13.5 dəfə, strateji valyuta ehtiyatları 27 dəfə, xarici ticarət dövriyyəsi 4.6 dəfə, ixracın həcmi isə 6 dəfə artıb.

Müəllif sonda da yazıb: «Azərbaycan İlham Əliyevlə yeni-yeni nailiyyətlərə doğru yalnız uğurlar və qələbələr yolu ilə gedəcək. 2019-cu il isə əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq».

XS
SM
MD
LG