Yerevanda keçmiş prezident Robert Kocharian-ın məhkəməsinin ikinci günü məhkəmə binası qarşısında onu dəstəkləyən və əleyhinə etirazlar təşkil olunub. Kocharian ölkənin konstitusion quruluşunu devirmək ittihamıyla məhkəmə qarşısına çıxarılıb.
Mayın 14-də məhkəmə Kocharian barəsində həbs qətimkan tədbirilə əlaqədar qərarını açıqlamalıdır. Müdafiə tərəfi onun zaminə buraxılması, yaxud ev dustağı edilməsini istəyib.
Keçmiş prezidentin vəkilləri məhkəməyə sədrlik edən hakimin də dəyişdirilməsini istəyiblər.
Digər təqsirləndirilənlər – prezidentin işlər idarəsinin keçmiş rəhbəri Armen Gevorgian və ehtiyatda olan generallar Seyran Ohanian və Yuri Khachaturov həbsdə deyillər.
Dörd təqsirləndirilən 2008-ci ildə Kocharian hakimiyyətinin son günlərində konstitusion quruluşu dəyişməyə çalışmaqda suçlanır.
Onlar konkret olaraq, təhlükəsizlik qüvvələrinə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verməkdə ittiham olunurlar. O zaman nümayişlərə çıxanlar 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını deyərək etiraz edirdilər.
Həmin ilin 1mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı öldürülüb. Bundan öncə Kocharian ölkədə üç həftəlik fövqəladə vəziyyət elan etmişdi.
Təqsirləndirilənlər özlərini təqsirli bilmirlər.
Kocharian və Gevorgian özlərinə qarşı rüşvətalma ittihamını da rədd edirlər.
1998-2008-ci illərdə hakimiyyətdə olmuş Kocharian ötən dekabrdan həbsdədir.
64 yaşlı eks-prezident deyir ki, ona ittihamlar indiki baş nazir Nikol Pashinian-ın ona qarşı siyasi “intiqamı”dır.
Pashinian 2008-ci il etirazlarında əsas rol oynamış, sonradan iki il həbs cəzası çəkmişdi. O, Kocharian-a qarşı cinayət işini müdafiə edir, onu təşkil etməsi iddialarını rədd edir.
Pashinian ötən ilin mayında hakimiyyətə gəlib. O zaman küçə etirazları nəticəsində Kocharian-ın çüttəfiqi və varisi Serzh Sarkisian devrildi.
Kocharian təqsirli bilinərsə, 15 illik həbsə məhkum oluna bilər.