ABŞ-ın Baş prokuroru William Barr Rusiya istintaqının mənbəyini araşdırmağa federal prokuror təyin edib. Xəbəri “The Associated Press” yayıb. Xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxiləsini, Prezident Donald Trump-ın seçki kampaniyasının Moskvayla mümkün sövdələşməsini araşdırıb, hesabat hazırlamışdı.
Agentliyin məsələdən agah mənbəyə istinadla yazmasına görə, mayın 13-də Prokuror John Durham Trump-ın seçki kampaniyası üzrə kəşfiyyat məlumatının toplanmasının “qanuni və məqsədəuyğun” olub-olmamasını müəyyənləşdirəcək.
***Buna da bax: Konqres komitəsi baş prokurora qarşı qətnamə qəbul edib
Belə bir təhqiqatın aparılmasını Prezident Donald Trump istəyirdi. O, Rusiya istintaqını opponentlərinin “əcinnə ovu” adlandırıb.
Trump və tərəfdarları Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosunu qanunsuz olaraq onun seçki kampaniyası ilə bağlı casusluqda suçlayıb.
Barr-ın tənqidçiləri isə baş prokuroru ədliyyənin maraqları deyil, prezidentin adından hərəkət etməkdə ittiham edir.
Ötən həftə Barr konqresmenlərə deyib ki, Trump-ın kampaniyası ilə bağlı “casusluğun baş verdiyinə” inanır.
O, daha sonra Mueller istintaqının mənbəyinin araşdırılmasından ötrü komanda yığdığını bildirib.
Durham daha öncə də hüquq-mühafizə orqanlarında nöqsanlar və korrupsiyanı araşdırıb.
Mueller hesabatında belə bir qənaətə gəlib ki, Rusiya 2016-cı il seçkisinə “sistematik” müdaxilə edib, amma Trump və komandasının Rusiya rəsmiləri ilə əlbirliyinə dair yetərincə dəlil aşkarlanmayıb.
Kreml seçkiyə müdaxilə iddialarını rədd edir.
Demokrat konqresmenlər Mueller hesabatının tam açıqlanmasını tələb edirlər. Demokratların nəzarətində olan Nümayəndələr Palatasının bir neçə komitəsində hazırda Mueller hesabatıyla bağlı istintaq gedir.