Builki qəbul imtahanlarından gözləntilər, Azərbaycanın iqtisadi inkişaf modeli, regionların inkişafına dair dövlət proqramları və başqa məsələlər medianın toxunduğu mövzulardandır...
«Bu il imtahanlarda səviyyə aşağı olacaq»
YeniSabah.az saytında «Builki qəbul və buraxılış imtahanları aşağı nəticələrlə seçiləcək» sərlövhəli yazı oxumaq olar.
Müəllif builki buraxılış-qəbul imtahanlarının mümkün nəticələrini təhsil üzrə ekspert Kamran Əsədovla müzakirə edib.
«Bu il ilk dəfə olaraq abituriyentlər yeni formatda, yəni iki mərhələdə ali məktəblərə qəbul imtahanları verirlər. Əvvəlki illərdən fərqli olaraq bu il buraxılış imtahanlarının nəticələri də əsas götürülür. Məlum olduğu kimi, XI sinif şagirdləri üçün buraxılış imtahanları ötən ay keçirilib, lakin nəticələr hələ açıqlanmayıb», - K.Əsədov qeyd edib.
Ekspert vurğulayıb ki, mayın 12-də I və IV ixtisas qrupları üzrə də abituriyentlər imtahan verib: «Yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər».
K.Əsədov imtahanların cavab nəticələrinə toxunaraq səviyyənin aşağı olacağını iddia edib: «Ümumiyyətlə, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə aşağı nəticələrin olması ilə seçiləcək. Çünki bu il tətbiq olunan yeniliklər tam şəkildə imtahan iştirakçıları tərəfindən mənimsənilməyib. İmtahan cavablarının iki ay müddət keçəndən sonra elan olunması şagirdlər arasında psixoloji gərginlik yaradır. Bu il imtahan nəticələrinin zəif olmasına təkcə yenilik təsir göstərməyəcək, eyni zamanda, yoxlama zamanı insan faktorunun olması da təsir göstərəcək. Belə ki, hər bir yazı işi əvvəlcə «scan» olunur və 2 marker tərəfindən qiymətləndirilir...».
«Azərbaycan hansı modeli seçərsə-seçsin,...»
«Yeni Müsavat» qəzetində «Azərbaycan iqtisadiyyatı hansı modelə uyğundur: rəy və təklif» sərlövhəli yazı yer alır.
Müəllif Azərbaycanın iqtisadi inkişaf modeli ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə aparıb.
Yazıda qeyd edilib ki, son vaxtlar Azərbaycanın seçdiyi iqtisadi inkişaf modeli müzakirə olunur: «Bu zaman Sinqapur, Cənubi Koreya və Qazaxıstanın tətbiq etdiyi iqtisadi inkişaf modellərinin müxtəlif elementlərinin Azərbaycanda reallaşdırılmasına dair fikirlər səsləndirilir».
R.Həsənov isə düşünür ki, Sinqapur və Cənubi Koreya Azərbaycandan fərqli inkişaf yolu keçiblər: «Hər iki ölkənin inkişaf tarixində çox fərqli məqamlar var. Sinqapurda inkişaf korrupsiyaya qarşı çox sərt, amansız mübarizə və şəffaflığın təmin olunması yolu ilə baş tutub. Xüsusilə ilkin dövrlərdə bu məsələlərdə faktiki diktatura rejimi formalaşdırılıb, ən radikal qərarlar qəbul edilib...».
İqtisadçı vurğulayıb ki, Azərbaycanda məhkəmə sisteminə ictimai güvən çox aşağı səviyyədədir, mülkiyyət hüququnun qorunması sahəsində ciddi problemlər mövcuddur.
R.Həsənov deyib ki, Cənubi Koreya başından liberal iqtisadiyyat yolu seçib. Onun fikrincə, Qazaxıstanda isə situasiya tamamilə fərqlidir: «Burada oliqarx iqtisadiyyatı yoxdur, bunun üçün şərait formalaşmadı. Eyni zamanda, avtoritar rejim olmasına baxmayaraq, müəyyən institutlar öz işini görə bilir. Korrupsiyaya qarşı mübarizə nisbətən effektiv şəkildə təşkil olunub».
İqtisadçı sonda da deyib: «...Azərbaycan hansı modeli seçərsə-seçsin, mütləq və mütləq onun sütunlarını mülkiyyət hüququnun toxunulmazlığı,... seçki institutunun inkişaf etdirilməsi, rəqabətli mühitin formalaşdırılması, iqtisadiyyatın liberallaşdırılması kimi elementlər təşkil etməlidir. Bu sahədə hər hansı imitasiya olarsa, heç bir uğur əldə edilməsi mümkün olmayacaq».
Regional inkişaf strategiyası
«Azərbaycan» qəzetində «İlham Əliyevin regional inkişaf strategiyası müsbət nəticələr verməkdə davam edir» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, dünyada hər bir ölkənin özünəməxsus sosial-iqtisadi inkişaf konsepsiyası var, Azərbaycan da istisna deyil. Yazıda vurğulandığına görə, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafı Azərbaycanda bu konsepsiyanın mühüm istiqamətləridir: «Elmi əsaslara söykənən, ölkənin inkişafını təmin edən bu iki konsepsiya Azərbaycanda paralel həyata keçirilir və nəticədə qeyri-neft sektorunda və regionlarda yüksək inkişaf tempi müşahidə olunur».
Yazıda daha sonra 2004-cü ildə Azərbaycanda işə düşən regionların inkişafına dair dövlət proqramlarının əhəmiyyətindən bəhs edilir. Müəllif sonra da 15 il əvvəl ilə müqayisələr aparır: «2004-cü ildə ölkə üzrə 196 min ton ət tədarük edilmişdisə, keçən il bu rəqəm 326 min tona çatıb. Həmin dövrdə süd istehsalı 1 milyon 200 min, ötən il 2 milyon ton olub. Növbəti 5 il ərzində isə həm ət, həm də süd istehsalını daha 15-20 faiz artırmaq nəzərdə tutulub. Digər misal: əgər 2004-cü ildə Azərbaycanda 44 min ton quş əti istehsal edilmişdisə, ötən il bu rəqəm 109 min ton olmuşdur. Tərəvəz istehsalı da bu dövrdə 0.5 milyon ton artaraq 1 milyon 500 min tona çatıb...».