Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 14:10

Trump-ın ticarət ‘yalanları’ – Qərb mediası


Donald Trump
Donald Trump

Prezident Donald Trump Birləşmiş Ştatların Çinlə ticarət mübahisəsinə dair dezinformasiya yayır, qeyri-dəqiq rəqəmlər səsləndirir. “The Associated Press” agentliyi prezidentin dediklərini faktlarla müqayisə edir.

Tərəflər bir-birinin milyardlarla dollarlıq məhsuluna ixrac rüsumunu qaldırıb. Agentlik iki ölkə arasındakı ticarətdə 1 milyona yaxın amerikalının çalışdığını yazır.

Trump cümə günü tvitində yazıb ki, indi Çin 250 milyard dollarlıq məhsula görə Birləşmiş Ştatlara 25 faizlik rüsum ödəyir. “Bu nəhəng ödənişlər birbaşa ABŞ Xəzinədarlığına gedir”, – prezident vurğulayıb.

Ancaq agentlik tarifləri əslində Amerika şirkətlərinin ödədiyini qeyd edir, belə ki, onlar qiymətləri qaldırırlar və bu da istehlakçının belinə yüklənir. Bir nəzəriyyə də budur ki, qiymətlər qalxınca istehlakçılar ABŞ-da, yaxud başqa yerlərdə hazırlanmış məhsulları alacaqlar. “Amma istehlakçının sonucda daha az xərcləməsi, bunun da artıma təsir göstərməsi riski də var”, – məqalədə vurğulanır.

Donald Trump Pekində Çin Prezidenti Xi Jinping ilə görüşür, 9 noyabr, 2017-ci il
Donald Trump Pekində Çin Prezidenti Xi Jinping ilə görüşür, 9 noyabr, 2017-ci il

Trump daha bir tivitində Çinin nəhayət amerikalı fermerlərdən məhsul almağa başlayacağını yazıb. “AP” Çinin ABŞ fermerlırindən məhsul almaması fikrinin yanlış olduğunu bildirir. Çin ABŞ-ın kənd təsərrüfatı üçün dördüncü ixrac bazarıdır. Ötən il Çin ABŞ-dan 9,3 milyard dollarlıq kənd təsərrüfatı məhsulu alıb.

Prezident həmin tvitində özünü “sizin” sevimli prezidentiniz adlandırıb. “O, yalnız öz tərəfdarlarına müraciət edir, ölkəyə deyil. Rəy sorğuları Trump-ın reytinqinin respublikaçılar arasında böyük olduğunu ortaya qoysa da, ölkə üzrə bu göstərici 35-45 faiz arasında dəyişir”, – agentlik yazır.

Avropalılar İranla neyləsinlər

İran məsələsində avropalıları çoxtərəfli və trans-Atlantik reallıqlar arasında qalıb. Bunu Atlantik Şurasının saytında Tarja Cronberg yazır. Müəllif avropalıların Birləşmiş Ştatlara qoşularaq İranla 2015-ci il nüvə sazişindən çıxmasını siyasi baxımdan çətin sayır. Dolların dünya iqtisadiyyatındakı dominantlığını nəzərə alsaq, ABŞ-a iqtisadi baxımdan dirənmək də mümkün deyil.

İranın bu il Aİ-yə neft ixracı
İranın bu il Aİ-yə neft ixracı

ABŞ İrana sanksiyaları bərpa edəndən sonra avropalılar maliyyə muxtariyyətini itirib. Belçikada mənzillənən SWIFT beynəlxalq maliyyə sistemi ABŞ-ın təzyiqi altında İranın bir sıra banklarının çıxışını bağlayıb.

Müəllif yazır ki, Aİ artıq digər tərəfdaşlara üz tutmalıdır. “Avropalılar Rusiya və Çinin durumdan faydalanaraq trans-Atlantik alyansı parçalamağa çalışacağından qorxurlar, ancaq nüvə sazişi kontekstində trans-Atlantik əlaqə onsuz da iflasa uğrayıb. Buna görə də Aİ qlobal rolunu sınaqdan çıxarmalı, qorxularına üstün gəlməli, nüvə sazişini qorumaqdan ötrü Rusiya və Çinlə işləməlidir”, – məqalədə deyilir.

Avropalılar İranla qanuni ticarət apara bilmək üçün INSTEX adlı xüsusi mexanizmi işə salmağa çalışırlar. Üç aydan çoxdur işə salınmağına baxmayaraq, mexanizm hələ də işləmir.

“Rusiya və Çinin INSTEX-ə ortaq ticarət vasitəçisi kimi qoşulması yaxşı addım olardı. ABŞ hökumətinin əkstədbirlərə qarşı müdafiəsi zəifdir, özəlliklə də bu tədbirləri üç supergüc həyata keçirərsə. Həm də aralarında hədələyici ritorikanın son zamanlar güclənməsinə baxmayaraq, ABŞ və İran hərbi yolla həllin çox baha başa gələcəyini bilirlər”, – məqalədə vurğulanır.

Assange: şəffaflıq ikonası, yoxsa sadəcə bir qaçaq

“Frans Pres” agentliyi WikiLeaks saytının yaradıcısı Culian Assanjın (Julian Assange) ziddiyyətli bir fiqur kimi qalmasından yazır.

Julian Assange
Julian Assange

İsveç artıq 47 yaşlı avstraliyalıya qarşı zorlama iddiası üzrə istintaqı bərpa edib. O, aprelin əvvəlində Londondakı Ekvador səfirliyindən çıxarılıb və Britaniya məhkəməsi ona zaminlik qaydalarına pozduğuna görə 50 həftəlik həbs cəzası kəsib.

Assanj özü İsveçin iddialarını siyasi motivli adlandırır, onun Birləşmiş Ştatlara transferindən ötrü ssenari qurulduğundan ehtiyatlanır.

Artıq ABŞ onun ekstradisiyasından ötrü rəsmən müraciət edib, Assanjı kompüter hakerliyində ittiham edir.

WikiLeaks saytı ABŞ hökumətinin sirlərini ortaya tökməsilə ad çıxarıb. Şəffaflıq və antimüharibə kampaniyaçıları əvvəlcə Assanjın işini alqışlayırdılar. Axı, İraq və Əfqanıstandakı müharibələrə dair 500 min sənəd hərbi əməliyyatlar zamanı dinc sakinlərin ölümü, işgəncələrlə bağlı xeyli informasiya üzə çıxarmışdı.

Amma Birləşmiş Ştatlar və müttəfiqləri Assanjı mənbələr, kəşfiyyat texnikası, əsas infrastruktur saytları barədə informasiyanı paylaşmaqla insanların həyatını ilə oynamaqda ittiham edib.

İnsan haqları qrupları, qəzetlər də Assanjı ilin olaraq dəstəkləyirdi. Di gəl, çoxları WikiLeaks-in sənədləri redaktəsiz onlayn yaymasından, informatorların adlarını da açıqlamasından narahatlıq bildirib.

BMT 2016-cı ildə Assanjın qanunsuz saxlandığını elan edəndə onun media tərəfdaşlarından olan “The Guardian” bu fikri rədd elədi, onun mühakimə olunmalı olduğunu bildirdi.

Üstəlik, Assanjın Rusiyayla münasibətləri ilə əlaqədar suallar var. Xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsini araşdıranda WikiLeaks-in də adını çəkib. Mueller deyirdi ki, Rusiyanın hökumət oyunçuları demokratların namizədi Hillary Clinton-un seçki kampaniyasına haker hücumu təşkil edib və “həmin materialları WikiLeaks daxil, müxtəlif vasitələrlə yayıb”.

XS
SM
MD
LG