Bu gün – mayın 13-də ABŞ birjalarında və Asiya bazarlarında düşüş yaranıb. Bu, Birləşmiş Ştatlarla Çinin ticarət razılaşması sarıdan narahatlıqla bağlıdır. Ötən cümə günü Vaşinqton 200 milyardlıq Çin malına rüsumu 10 faizdən 25 faizə qaldırıb və Pekin bunu cavabsız qoymayacağını bildirib.
“Reuters” agentliyi bazar günü ikitərəfli ticarət danışıqlarının çıxmaza girdiyini yazır. Vaşinqton Çin qanunlarına konkret dəyişiklik vədi tələb edib, Pekin isə deyib ki, maraqlarına ziyan vuracaq “daha acı meyvəni” udmayacaq.
ABŞ-da birja fyuçersləri, S&P 500 e-minis 1,1 faiz ucuzlaşıb. Avropada, Çində, Yaponiyada səhm bazarlarında eniş qeydə alınıb.
Ağ evin iqtisadi məsələlər üzrə müşaviri Larry Kudlow Fox News-a deyib ki, Çin yekun razılaşmada qüvvəyə mindirmə ilə bağlı “çox güclü” müddəalara razılaşmalıdır və əsas məsələ Pekinin razılaşdırılmış dəyişiklikləri qanunvericiliyə salmaq istəməməsidir.
Kudlow deyib ki, danışıqlar davam etdiyi müddətdə ABŞ rüsumları qüvvədə saxlayacaq. O, iyunun sonunda Yaponiyada G20 sammitində Prezident Donald Trump-ın çinli həmkarı Xi Jinping ilə görüşəcəyinə “böyük ehtimal” olduğunu deyib.
Bezos da Aya kosmik gəmi göndərmək istəyir
Amazon şirkətinin rəhbəri Jeff Bezos ötən həftə Aya kosmik gəmi göndərmək niyyətini açıqlayıb.
O, “Blue Origin” kosmik şirkətinin Aya kiçik ev böyüklükdə robotlaşdırılmış gəmi göndərmək niyyətində olduğunu söyləyib. Gəmi dörd aydagəzən daşıya biləcək, yeni dizaynlı raket mühərrikindən istifadə edəcək. “The Associated Press” agentliyi yazır ki, həmin gəminin sonrakı versiyası isə Aya adam daşıya biləcək. NASA bunu 2024-cü ilə planlaşdırır.
Ötən həftə Blue Moon gəmisinin maketi fonunda xeyli balaca görünən Bezon deyib ki, “Bu inanılmaz aparat Aya gedəcək”.
“Aya qayıtmağın vaxtı çatıb. Bu dəfə qalmaq lazımdır”, – o, sözlərinə əlavə edib.
Həm də “The Washington Post” qəzetinin sahibi olan Bezos gəminin nə vaxt buraxılacağını, mumlun müştəriləri, raketlərin daşıyacağı adamlar barədə bir söz deməyib. O, Blue Origin missiyalarının konkret detallarından çox, gələcək nəsillərin kosmik həyatı barədə arzularını bölüşüb.
Agentlik Blue Origin rəsmilərinin də Aya adamla, yaxud adamsız nə vaxt gedəcəyinə fərqli cavablar verdiyini qeyd edir. Vitse-prezident Clay Mowry deyib ki, 2024-cü il adamlı missiyadan ötrü konkret hədəf deyil. O, NASA-nın potensial müştəri kimi nəzərdən keçirildiyini söyləyib.
Nümayəndələr Palatasının keçmiş üzvü, hazırda Blue Origin üçün konsultant kimi çalışan Robert Walker isə adamsız missiyanın 2023-cü ildə buraxılacağını deyib.
Blue Origin hələ 2017-ci ildə Aya heyətsiz, dəfələrlə işlənə bilən, 4 min 500 kiloqramlıq yük daşıyacaq raket göndərmək planını açıqlayıb. Bu ayın əvvəlində şirkət New Shepard raketlərindən birini təkrar sınaqdan uğurla çıxarıb.
Həkimin xəstəyə ürəyi yanırsa...
Rəhmdil, müsbət əhvallı həkim xəstəni daha tez sağalır. Bunu ABŞ-ın Nyu Cersi ştatındakı Cooper University Health Care mərkəzinin yeni araşdırması üzə çıxarıb.
Alimlər mindən artıq referatı və 250 elmi işi təhlil ediblər. Onlar əməliyyatdan sonrakı ağrını azaldan, onkoloji xəstələrin sağalmaq şansını artıran, kardioloji xəstələr arasında ölüm, şəkər xəstələrinin xəstəxanaya yerləşdirmək riskini azaldan “nəyinsə” olduğunu müşahidə ediblər.
Və bu “nə isə” müalicə həkiminin münasibəti, onun xəstəyə canıyananlığı imiş. Tədqiqat insanın şüuru ilə orqanizmi arasında aydın, həm də ikitərəfli əlaqənin olduğunu üzə çıxarıb. Belə ki, qanda şəkərin miqdarı azalanda insanın əhvalı pozulur. Yaxud stress halında ürək döyüntüsü artır, təzyiq yüksəlir.
Araşdırma müəllifləri olan Stephen Trzeciak və Anthony Mazzarelli şəfqəti yazığı gəlmək, kliniki empatiya, acımaqla qarışdırmamağı tövsiyə edirlər.
“Ürək yandırmaq kiminsə ağrısına, acısına emosional reaksiyadır, buraya həqiqətən kömək etmək istəyi də daxildir. Şəfqəti tez-tez empatiya anlayışı ilə qarışdırırlar. Empatiya yalnız yad emosiyaları anlamaq deməkdir”, – Stephen Trzeciak deyib.