Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

'Əgər qız uşaqları abort vasitəsilə...'-Media icmalı


Abort
Abort

Sosial siyasət, selektiv abortların cinsi nisbəti pozması, İran armaturuna sanksiyanın Azərbaycana təsiri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Selektiv abortlar...

Yeni Sabah.az saytında «Azərbaycanda qadınların sayı ciddi şəkildə azalır» sərlövhəli yazı oxumaq olar.

Sayt ölkədə qadınların sayının azalması və bunun əhali artımının perspektivinə təsiri barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun fikirlərinə yer verib. «Azərbaycanda bir neçə il öncə qadınların sayı ölkə vətəndaşlarının 51.7 faizini təşkil edirdisə, hazırda bu rəqəm 50.1 faizə qədər enib», - E.Səfərov vurğulayıb .

E.Səfərovun deməsinə görə, ölkədə cins nisbətinin pozulması hallarının qarşısının alınmasından ötrü Milli Fəaliyyət Planı hazırlanıb: «Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi. Ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları hələ də mövcuddur. Ona görə də hər 100 qıza 115 oğlan düşür».

E.Səfərova görə, ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Şöbə müdiri hesab edir ki, bu sahədə balans və tarazlıq pozulub, ona görə də bu gələcəkdə böyük problemlərə gətirib çıxaracaq.

Şöbə müdiri habelə vurğulayıb ki, bu problemlə intensiv şəkildə mübarizə aparılması zəruridir: «Selektiv aborta birdəfəlik qadağa qoyulsaydı, cins nisbəti pozulmayacaqdı və ölkədə artım təbii şəkildə öz axarı ilə inkişaf edəcəkdi».

E.Səfərov deyib ki, artımın ləngiməsi ana bətnində körpələrin məhv edilməsindən irəli gəlir.

Tikinti
Tikinti

İran armaturuna sanksiyanın Azərbaycanın mənzil bazarına təsiri

«Yeni Müsavat» qəzetində «İrana qarşı metallurgiya sanksiyası: Bakıda evlər bahalaşa bilərmi?» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, ABŞ İranın metallurgiya sənayesinə sanksiya tətbiq etməyə başlayıb: «Ağ evin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, sanksiyalar İranın neftdənkənar ən böyük gəlir mənbələrindən biri sayılan metallurgiya sənayesinə investisiya qoyan, yaxud İranda istehsal olunan metallurgiya məhsullarını alan şirkətlərə şamil olunacaq».

Yazıda vurğulanır ki, Azərbaycan İrandan polad, dəmir və alüminium məmulatları idxal edir. Müəllifin bildirməsinə görə, armaturdan daha çox fərdi evlərin, binaların və obyektlərin inşasında geniş istifadə olunur. Yazıda daha sonra da sual edilir: «Bəs İran armaturuna tətbiq edilən sanksiya Azərbaycanda mənzil bazarına necə təsir edəcək?».

«Yeni Müsavat»a danışan iqtisadçı, keçmiş maliyyə naziri Fikrət Yusifov deyib ki, mövcud sanksiyaların Azərbaycanda mənzil bazarına təsir edəcəyini düşünmür: «Çünki alternativ bazarlar çoxdur. Rusiya, Ukrayna bazarı mövcuddur və eləcə də daxildə armatur istehsalı həyata keçirilir. Ancaq təbii ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddidir. Bu sanksiyalar təkcə onun istehsalçılarına və satışı ilə məşğul olan yerli kampaniyalara deyil, eyni zamanda, xarici kampaniyalara da xəbərdarlıqdır».

Bununla belə, iqtisadçı düşünür ki, baş verənlər armaturun qiymətlərində müəyyən qədər fərq yarada bilər: «Bu, 3-5 faizdən çox olmaz. Çünki, bildiyimiz qədər, İran armaturu daha ucuz idi ki, bunu alıb gətirməyə də təşəbbüs çox idi. Ancaq ciddi bir dəyişikliyin olacağı, qiymət artımına gediləcəyi inandırıcı deyil».

İ.Əliyev Ağsuda
İ.Əliyev Ağsuda

Ardıcıl islahatların nəticəsi

«Azərbaycan» qəzetində «Yüksək sosial rifah naminə» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, son 4 ayda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən sosial islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Yazıda vurğulandığına görə, müavinət və təqaüdləri artırılan bir çox kateqoriyalara aid insanlar aprel ayından yeni artımları almağa başlayıblar: «Əlbəttə ki, bütün bu proseslər Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar əsasında reallaşır. Dövlət başçısının ilin əvvəlində təqdim etdiyi böyükhəcmli sosial paket çərçivəsində elə bir kateqoriya olmadı ki, maaşlar, təqaüdlər, müavinətlər artırılmasın».

Müəllifin vurğulamasına görə, Prezident İlham Əliyev bütün çıxışlarında deyir ki, sosial sahə hər bir ölkədən ötrü böyük önəm daşıyır. Yazıda qeyd edilib ki, Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. Müəllif sonra da dövlət başçısından belə bir sitata gətirib: «Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə, buna nail olmaq üçün ilk növbədə iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir».

Yazının sonda isə oxuyuruq: «Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür desək, yanılmarıq».

XS
SM
MD
LG