Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Trump Mueller hesabatının tam yayılmasını önləyə biləcəkmi – Qərb mediası


Donald Trump
Donald Trump

Ağ ev çərşənbə günü – mayın 8-də Xüsusi prokuror Robert Mueller-in Rusiya hesabatının redaktəsiz variantının yayılmasını bloklamaqdan ötrü xüsusi imtiyazı işə salıb. Bundan öncə isə ABŞ Nümayəndələr Palatasının komitəsi hesabatın redaktəsiz və tam variantını təqdim etmədiyinə görə baş prokuroru Konrqesə hörmətsizlikdə ittiham edən qətnamə qəbul edib.

“Reuters” yazır ki, Ağ evin imtiyazı işə salması demokratların nəzarətində olan Nümayəndələr Palatası ilə respublikaçı prezident Donald Trump arasında konstitusional savaşı daha da qızışdırıb. Söhbət prezidentin özü, administrasiyası, ailəsi və biznes maraqlarının hansı səviyyədə araşdırıla bilməsindən gedir.

Məsələ ondadır ki, Trump Konqresin bir sıra istintaqının qarşısını alır, təhqiqatları “prezidentin qısnanması” hesab edir. Qeyri-adi görünsə belə, o, konqresmenlərin istədiyi bəzi materialların yayılmasını önləməkdən ötrü məhkəmə iddiası qaldırır.

Robert Mueller-in hesabatı
Robert Mueller-in hesabatı

Prezidentin yazışma və söhbətlərinin konfidensiallığını nəzərdə tutan xüsusi imtiyazı ona konqresin çağırışları kim informasiya tələblərinə əməl etməmək səlahiyyəti verir.

Bu doktrina ölkə başçısının müşavirləri ilə söhbətlərinin, yaxud icraedici qanad rəsmiləri ilə daxili müzakirələrini gizli saxlamaq üçün istifadə olunur. İdeya ondan ibarətdir ki, prezident və köməkçiləri ictimai nəzarət sarıdan narahatlıq keçirmədən səmimi söhbət edə bilsinlər və Ağ ev daha səmərəli işləyə bilsin. Bu imtiyaz Konstitusiyada, yaxud ABŞ qanunlarında açıq ifadə olunmayıb. Amma Ali məhkəmə onun hökumətin fəaliyyəti üçün fundamental olduğunu bildirib.

Prezidentlər George W. Bush, Bill ClintonBarack Obama konqresin təhqiqatlarına cavab olaraq bu imtiyazdan istifadə ediblər. Ancaq məsələ ondadır ki, prezident belə bir iddianı qaldıran kimi bu, siyasi məsələyə çevrilir. “Media bunu görür və məsələ sürətlə qızışır”, – siyasət professoru Mitchel Sollenberger belə deyir.

William Barr
William Barr

Həm də icraedici imtiyazla bağlı məhkəmə qərarlarının sayı o qədər azdır ki, Trump-ın hesabatın redaktəsiz variantının yayılmasını önləyə biləcəyi dəqiq deyil, siyasi təhqiqatlar aparan hüquqşünas Ross Garber belə düşünür.

Robert Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsini araşdırırdı. Hesabatda bu müdaxilə təsdiqlənsə də, Trump-ın seçki kampaniyasının Moskvayla hansısa sövdələşməyə getdiyinə yetərincə dəlil ortaya qoyulmayıb. Buna baxmayaraq hesabat Trump-ı və onun yoldaşlarını təmizə də çıxarmayıb.

Demokratlar hesabatın redaktəsiz tam variantını, habelə hesabatın tərtibində istifadə olunmuş sənədləri görmək istədiklərini bildiriblər. Lakin Trump-ın vəzifəyə təyin etdiyi William Barr bunu etməkdən boyun qaçırıb.

Qlobal istiləşmənin qarşısı alınmasa...

BMT-nin Baş katibi deyir ki, dünyada zavodlar, maşınlar, evlərdə yanacaqdan istifadə dramatik şəkildə dəyişməlidir, qlobal istiləşməni yalnız bu yolla məhdudlaşdırmaq olar.

António Guterres
António Guterres

Bunun alternativi “bütün dünya üçün fəlakətli durum deməkdir”, – António Guterres “The Associated Press” agentliyinə eksklüziv müsahibəsində vurğulayıb.

Guterres deyib ki, iqlim dəyişikliyinin necə fəlakətli olduğunu görmək üçün Sakit Okean adalarına səfər edəcək. O, dünya liderlərini sentyabrda BMT-yə yığacağını, onlara bu sahədə görülməli işlər barədə danışacağını söyləyib.

Bu o deməkdir ki, dünya dəyişməlidir, kiçik yollarla deyil, böyük “transformativ” yollarla getməli, elektriklə işləyən maşınlar və “təmiz şəhərlər”in olduğu yaşıl iqtisadiyyata çevrilməlidir, baş katib deyib.

O, ölkələrin 2020-ci ildən sonra yeni kömür enerjisi zavodları tikməsini istəmir. İstəyir ki, ölkələr karbondan istifadəyə haqq qoysunlar. Əmin olmaq istəyir ki, 2050-ci ilədək dünya atmosferə əlavə istixana qazı buraxmayacaq.

Sənaye əsri başlayandan qlobal temperatur 1,8 dərəcə yüksəlib.

XS
SM
MD
LG