Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:33

Rus dilində oxuyan uşaqların sayı 50 faiz artıb-Media icmalı


Q.İbadoğlu
Q.İbadoğlu

Rus dilinin tədrisinin genişlənməsi, Bakı avtovağzalından qeydlər, Heydər Əliyev Fondunun 15 illiyi və başqa məsələlər medianın yer ayırdığı mövzulardandır...

Rus dilinin tədrisinə 100 milyon manat

YeniSabah.az saytında «Azərbaycanda rus dilində tədris üçün 100 milyon pul xərclənəcək» sərlövhəli yazı oxumaq olar.

Yazıda Azərbaycanda olan rusdilli məktəblər və onların saxlanmasına çəkilən xərclərlə bağlı iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verib. İqtisadçı vurğulayıb ki, bu il rus bölmələrində təhsil alanlardan ötrü büdcədən 100 milyon manata yaxın vəsait xərclənəcək. «Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə 4.5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1.6 milyon şagird təhsil alır. Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, onlardan yalnız 16-da dərslər ancaq rus dilində keçilir», - Q.İbadoğlu bildirib.

Q.İbadoğlunun qeyd etməsinə görə, son 3 ildə rus dili bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb: «Belə ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 min 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınıb. Onlardan 9 faizi və ya 15 min 32 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda ibtidai məktəblərin rus bölməsinin 1 sinfində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir. 2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9.1 faiz təşkil edir...».

Q.İbadoğluna görə, rus dili bölmələrində təhsil alan şagirdlərin cəmi şagirdlərə nisbətdə payı 7.5 faizdir: «Bu isə o deməkdir ki, ümumi təhsilə ayrılan 1 milyard 289 milyon 100 min manatlıq büdcənin 7.5 faizi və ya 96.7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir».

Q.İbadoğlu bildirib ki, Azərbaycanda rus dilinin öyrənilməsinin əleyhinə deyil: «Sadəcə, bunun üçün dövlət büdcəsindən vəsait ayrılmasını yanlış hesab edirəm...».

Bakı avtovağzalı
Bakı avtovağzalı

«Şlaqbaumla cib soyur»

Sherg.az saytında «Avtovağzal şlaqbaumla cib soyur: Heç bir ölkədə belə biabırçılıq yoxdur» sərlövhəli yazı yer alır.

Müəllif Bakı avtovağzalında vətəndaşa münasibət məsələsini deputat Fazil Mustafa ilə müzakirə müstəvisinə gətirib.

Yazıda qeyd edilib ki, qanunvericiliyə görə, dövlət mülkiyyəti olan əraziyə girişə heç kim qadağa qoya bilməz, amma nədənsə Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) bu qaydanı istisna edir: «Məlumdur ki, kimisə qarşılamaq və yaxud yola salmaq üçün avtomobillə avtovağzala daxil olan hər kəsdən 1 manat ödəniş tələb olunur. Oradakı «başbilənlər» isə gözdən pərdə asmaq üçün formal xarakterli qəbz verirlər. Qəbzdə ödənişin qanuni olmasına dair heç bir məlumat yoxdur».

Müəllifin iddiasına görə, avtovağzalda cəmi 5 dəqiqə qalsalar belə, sürücülərdən bu məbləği ödəmək tələb olunur, əks təqdirdə, ərazini tərk etmək istəyərkən yolu şlaqbaum kəsir: «Hər gün 100-lərlə nəqliyyat vasitəsinin kompleksə daxil olduğunu nəzərə alsaq, şlaqbaum vasitəsilə ciblərə gedən məbləği təyin etmək bir qədər çətinləşir».

Deputat F.Mustafa isə sayta mövzu il bağlı bunları deyib: «...Azərbaycanda qanunlardan çox qaydalar işləyir. Onsuz da əksər qurumlar qanunları tanımır. Dayanacaqlarda yığılan pulların heç biri dövlət büdcəsinə getmir. Guya maşınlar saxlanılan yerlərdə qayda-qanun yaradılıb. Avtovağzalda da təqribən eyni vəziyyət müşahidə olunur. Biz düzələ bilmirik,...».

Amma yazıda əks edilən iddialara Bakı Beynəlxalq Avtovağzal Kompleksinin münasibətini öyrənmək mümkün olmayıb.

H.Əliyev və İ.Əliyev
H.Əliyev və İ.Əliyev

«Azərbaycan naminə»

«Azərbaycan» qəzetində «Güclü Azərbaycan naminə» sərlövhəli yazı dərc edilib.

Yazıda deputat Nəriman Əliyevin düşüncələri əks olunur.

Deputat yazıb ki, Azərbaycanın davamlı inkişaf yolunda olması ən böyük reallığıdır: «Hətta indiyədək baş vermiş beynəlxalq böhranlar da ölkəmizdə inkişaf mərhələsinin qarşısını ala bilməmiş, əslində yeni islahatların nəticəsində inkişaf templərini bərpa etmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev aprelin 30-da keçirilən Nazirlər Kabinetinin iclasında son 15 ildə iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmadığını bildirmişdi».

Müəllif vurğulayıb ki, bu uğurlara yol açan strategiyanın müəllifi Heydər Əliyev olub, bütün möhtəşəm nailiyyətlərdən ötrü xalq H.Əliyevə minnətdardır: «...Bir daha görürük ki, tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan dövlətçiliyinin əsaslarının yaradılması, dövlət müstəqilliyimizin təmin olunması və möhkəmlənməsi mərhələsidir».

Onun fikrincə, ötən 16 ildə (Hazırkı prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr-red.) ölkədə tarazlı və davamlı inkişafın təmin olunması, əldə edilən uğurlar nəticəsində beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsi Heydər Əliyev strategiyasının nəticəsidir.

Yazıda daha sonra da qeyd edilir ki, artıq Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 15 il ötür. «Nəcib əməlləri ilə xeyirxahlıq ünvanına çevrilən, hər bir azərbaycanlının qürur yeri olan fond bundan sonra da öz fəaliyyəti ilə ümummilli lider Heydər Əliyevin adını yaşadacaq, Prezident İlham Əliyevin güclü Azərbaycan naminə yürütdüyü siyasi kursa layiqli dəstək verəcək», - müəllif sonda yazıb.

XS
SM
MD
LG