Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

ABŞ Çin mallarına rüsumu qaldırır


Çində liman, arxiv fotosu
Çində liman, arxiv fotosu

Cümə günündən ABŞ Prezidenti Donald Trump-ın Çin mallarına qoyduğu əlavə rüsumları qüvvəyə minir. Trump 200 milyard dollarlıq Çin malına rüsumun 10 faizdən 25 faizə qaldırılacağını demişdi. Pekin isə bunu cavabsız qoymayacağını bildirib.

Çinin Kommersiya Nazirliyi Birləşmiş Ştatların qərarından “dərin təəssüf” hissi keçirdiyini bildirib, gərəkən əks-tədbirlər görüləcəyini açıqlayıb.

Bu arada Vaşinqtonda ABŞ-Çin ticarət danışıqları davam edir.

Trump administrasiyası danışıqlar ikinci günə keçdiyi bir vaxtda rüsum artımını geri götürmək yönündə heç bir addım atmadığından, ABŞ-ın Gömrük və Sərhəd Mühafizə idarəsi cümə günü gecəyarısı Çindən gələn mallara yeni 25 faizlik tarifi tətbiq etməyə başlayıb.

Gecə 12-dən qabaq Çin limanları və aeroportlarından çıxmış 5 min 700-dən artıq məhsul kateqoriyası ilkin 10 faizlik rüsum qrupuna aid olacaq, idarənin sözçüsü deyib.

Donald Trump
Donald Trump

Trump rüsumları artıracağına dair qərarını ABŞ idxalçılarına beş gündən də az vaxt qalmış bildirib. Daha öncə Çindən 50 milyard dollarlıq maşın avadanlığı və texnologiya məhsullarına rüsum qaldırılmışdı.

Rüsumlar qüvvəyə minəndən sonra ABŞ birjalarında fyuçerslərin qiyməti düşüb, Asiya birjalarının gəlirləri azalıb. İnvestorlar ticarət müharibəsinin uzanmasının qlobal iqtisadi artımı yavaşıdacağından narahatdırlar.

“Fəlakətli nəticələr”

Moody’s agentliyinin İnvestorlar Xidmətindən Michael Taylor deyir ki, Birləşmiş Ştatların addımı qlobal ticarətdə qeyri-müəyyənliyi artırıb, ABŞ-Çin münasibətlərində gərginliyi yüksəldib və qlobal əhval-ruhiyyəyə mənfi təsir göstərib.

Yeni rüsumlar 20 milyard dollardan artıq dəyərində internet modemləri, ruterlər, digər data ötürücü cihazları, 12 milyard dollarlıq çap-montaj lövhələrini əhatələyir. Mebel, işıqlandırma məhsulları, avtomobil hissələri, tozsoranlar, tikinti materialları da yeni rüsum siyahısındadır.

ABŞ-Çin ticarət danışıqları, arxiv fotosu
ABŞ-Çin ticarət danışıqları, arxiv fotosu

İstehlakçı Texnologiyası Assosiasiyasının rəhbəri Gary Shapiro deyib ki, yeni rüsumları, Trump-ın iddia etdiyi kimi, Çin deyil, amerikalı istehlakçılar və şirkətlər ödəyəcək.

“Bizim sənaye ABŞ-da 18 milyonluq iş yerini dəstəkləyir. Tariflərin qaldırılması fəlakətli nəticələr verəcək”, – Shapiro bəyanatında deyib.

“Artıq tətbiq olunmuş rüsumlar oktyabrdan bəri Amerikanın texnologiya sektoruna 1 milyard dollarlıq ziyan vurub. Bu, kiçik bizneslər və startaplar üçün ölüm-dirim məsələsinə çevrilə bilər, onlar əlavə xərcləri qarşılamaq iqtidarında olmaya bilərlər”, – o vurğulayıb.

***

ABŞ-Çin ticarət danışıqları davam edəcək

Birləşmiş Ştatlarla Çin arasında ticarət danışıqlarının ilk günü başa çatıb və mayın 10-da bərpa olunacaq.

Ağ evin məlumatına görə, Prezident Donald Trump mayın 9-da ABŞ-ın Ticarət naziri Robert Lighthizer və Maliyyə naziri Steven Mnuchin-lə görüşüb. Bu görüş Çin nümayəndə heyəti ilə danışıqlardan sonra keçirilib.

Tərəflər “danışıqları sabah səhər davam etdirməyə razılaşıblar”, – bəyanatda vurğulanır.

Çində dövlətə məxsus “The Global Times” qəzetinin baş redaktoru Hu Xijin də mayın 10-da bu informasiyanı təsdiqləyib.

Bu həftənin əvvəlində Lighthizer və Mnuchin Çini bir sıra məsələlər üzrə öhdəliklərini pozmaqda suçlayıb.

Birləşmiş Ştatlar 200 milyard dollarlıq Çin malına rüsumu 10 faizdən 25 faizə qaldırmaqla hədələyib.

Çin də cavab tədbirləri görəcəyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG