Mayın 9-da Rusiya nasist Almaniyası üzərində qələbənin 74-cü ildönümünü Moskvadakı Qırmızı Meydan böyük hərbi paradla qeyd edir.
Prezident Vladimir Putin ölkənin digər yüksək rütbəli rəsmiləri ilə paradı mərkəzi tribunadan izləyib. O, iştirakçılara deyib ki, Rusiya özünün ən yüksək səviyyədə müdafiə bacarığını təmin edəcək.
Parada Quru Qüvvələrinin Ali Baş Komandanı General Oleg Salyukov rəhbərlik edib.
Sovet əsgərləri qələbə bayrağını Reyxstaq binasına 1945-ci ilin mayında sancıblar.
Bugünkü paradda 13 mindən çox əsgər, 130 qabaqcıl silah sistemi iştirak edib. Parad ölkədə canlı yayımlanıb.
Anonim mənbənin TASS xəbər agentliyinə deməsinə görə, əlverişsiz hava səbəbindən parada döyüş təyyarələri və vertolyotlar qatılmayacaq.
***
Putin paraddakı çıxışında deyib ki, “Avropanı nasist Almaniyasından əsas xilaskarı” Sovet İttifaqı olub. O, Ukraynanın paytaxtı Kiyevi “qədim Rusiya paytaxtı” adlandırıb.
“Qələbə qədim Rusiya paytaxtları – Kiyev və Böyük Novqorodun müdafiəsində iştirak edənlərin cəsarəti hesabına qazanılıb, Smolensk, Odessa (Ukraynanın Qara Dəniz sahilindəki şəhəri), Sevastopolun (Moskvanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımda şəhər) müdafiəçilərinin cəsarəti hesabına qazanılıb”, – Putin deyib.
Kremlin tənqidçilərinin fikrincə, Putin Qələbə günü paradları vasitəsilə güc nümayiş etdirir, vətənpərvərliyi alovlandırır, ancaq yaşlanmaqda olan 2-ci Dünya müharibəsi veteranlarına elə də böyük diqqət ayırmır.
Bugünkü parada Qazaxıstan Prezidenti Nursultan Nazarbaev də qatılıb və bu, tədbirin sürprizi olub. Kremlin sözçüsü Dmitry Peskov daha öncə deyirdi ki, parada xarici lider gəlməyəcək.
Martın 19-da prezidentlikdən istefa vermiş Nazarbaev “Millətin atası” titulunu saxlayıb.
Putin və Rusiyanın digər rəsmiləri Müqəddəs Georgi lenti taxıblar. Bu hərbi simvol son illər keçmiş sovet respublikalarında Rusiya millətçiliyi və dominantlığın əlaməti hesab olunur.
2017-ci ildən Ukrayna Müqəddəs Georgi lentini “Rusiya təcavüzü”nün simvolu kimi rəsmi qadağan edib.
Nazarbaev isə yaxasına Müqəddəs Georgi Lenti deyil, Qazaxıstanın milli bayrağını təmsil edən mavi lent taxıb.
Bir sıra keçmiş sovet respublikalarında da Qələbə günü tədbirləri keçirilib.
2-ci Dünya müharibəsində 27 milyonadək sovet əsgəri və vətəndaşının həlak olduğu bildirilir.